Məşəlin ölkəmizi başdan-başa dolaşması fərəhimizi birə-min artırır

 

Ziyalı sözü - vətəndaş mövqeyi

Ramil QASIMOV,

Opera Balet Teatrının vokolisti:

- Vətənimizin ildən-ilə yox, gündən-günə çiçəklənməsi, bütün sahələrdə inkişafı göz qabağındadır. Tez-tez dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın vokal sənəti ilə könülləri fəth edib qürur duymuşuq. Çünki belə tədbirlərdə musiqiçilərimiz xalqımızın mənəvi sərvətinin necə zəngin olduğunu təsdiqləyir. Xalq bəstəkar mahnılarının əcnəbilərdə necə xoş əhval-ruhiyyə yaratdığını duyduqca fərəh hissi keçirmiş, onların Vətənimizin əsrarəngiz təbiətə malik olmasını öz gözləri ilə görmələrini arzulamışıq.

Budur, arzularımız reallaşır: nəinki avropalılar, dünyanın bütün qütblərindən ölkəmizə qonaqlar gəlir. Onları təkcə idmanımız, mətbəximiz maraqlandırmayacaq. Bu insanlar qədim Odlar yurdunu öz gözləri ilə görəcək heyran qalacaqlar. Biz bununla Vətənimizin təbiətini, tarixini, etnoqrafiyasını, bir sözlə, sivilizasiyalar yola salmış bir məkan olduğunu onlara göstərmiş olacağıq.

Təbii ki,Bakı-2015 I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi hər bir azərbaycanlının, hər bir ölkə vətəndaşının arzusudur. Tədbirlərin yüksək səviyyədə təşkili üçün dövlət başçısı İlham Əliyev ölkəmizin birinci xanımı, UNESCO ISESCO-nun xoşməramlı səfiri, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təşəbbüs təklifləri reallaşdıqca Azərbaycan başdan-başa bir daha gözəlləşir, bölgələrimizdə bayram əhval-ruhiyyəsi yaradan ab-hava təbiətin bahar təravətinə əlavə rəng qatır.

Ölkəmizdə hər cür şərait yaradılıb. Müqəddəs məşəlin idman libasına bürünüb ölkəmizi başdan-başa dolaşması isə fərəhimizi birə-min artırır! Buna təbii ki, dövlətimizin və xalqımızın dostları sevinir, düşməni həsəd aparır. Axı, bu elə-belə, adi tədbir deyil, müasir Azərbaycanımızın siyasi, iqtisadi, sosial və mədəni inkişafının göstəricisidir.

 

Azərbaycan.-2015.- 22 may.- S.6.