Çinarlar şəhəri bayram içində

 

Məşəl Ucar və Göyçayda alovlandı

 

Azərbaycanın rayonlarını gəzib dolaşan, insanlara sevinc dolu duyğular bəxş edən I Avropa Oyunlarının məşəli Ucar rayonundan sonra Göyçaya gəlir. Çinarlar şəhəri Göyçay I Avropa Oyunlarının məşəlini qəbul etmək üçün bayram libasına bürünüb. Həmişə səliqə-sahmanlı olan bu gözəl şəhər məşəl bayramına xüsusi hazırlaşıb. Küçələr, parklar, meydanlar zövqlə bəzədilib.  Bugünkü müasirliyi, yar-yaraşığı ilə göz oxşayan bu şəhər insanlarının mehribanlığı, qonaqpərvərliyi ilə seçilir.

Dövlətin yüksək qayğısı ilə görülən işlərdən göyçaylılar razılıqla danışırlar. Yeni tikililər, prospekt və küçələrin genişləndirilməsi, yaradılan səliqə-sahman Göyçayın  baxımlığını daha  da artırıb. 49 küçəsi və 2 məhəlləsi olan şəhərin arxa küçələrinə, ucqar yerlərinə qədər abadlıq-quruculuq işləri  gedir. Uzunmüddətli əsaslı təmir işlərindən sonra şəhər mehmanxanasının istifadəyə verilməsi Göyçayın qonaq-qara qayğılarının həllində əhəmiyyətli rol oynayır.

Bayram əhvalı insanların üz-gözündən hiss olunur. Yolumuz hansı tərəfdən düşürsə, xoş söhbətlər eşidirik. Şəhər sakini Təranə İsmayılovanın dedikləri: - Hər bir göyçaylı qürur duyur ki, I Avropa Oyunlarının məşəli bizim rayondan da keçir. Bu, böyük bayramdır. Düzdür, bütün bayramları, o cümlədən Göyçaya məxsus Nar bayramını da göyçaylılar yüksək səviyyədə keçirirlər. Ancaq bu məşəl bayramının bənzəri yoxdur, bu həm də ilk dəfə yazılan bir idman tarixinin bir səhifəsi, bir parçasıdır. Biz hamımız tarixə düşəcək bu möhtəşəm tədbirin iştirakçılarıyıq. I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi üçün böyük qətiyyət göstərmiş Prezident İlham Əliyevə, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya bu böyük sevinci bizə bəxş etdiklərinə görə dərin minnətdarlığımızı bildiririk.

Ağsaqqal Akif kişinin də ürəyi dolu idi:

- Bu mənim üçün  yeni bayramdır. Böyük sevinclə bu izdihama qoşulmuşam. Düzü, bir  vaxtlar yuxuda belə görmədiklərimizi indi həyatda görürük. Güclü Prezidentimiz, güclü ölkəmiz var. Ordumuz da çox güclüdür. İnanıram ki, belə bayramları düşmənin işğal etdiyi torpaqlarımızda da keçirəcəyik. Sağlıq olsun, dünya bizdən hələ çox danışacaq.

Son vaxtlar göyçaylıların razılığına səbəb olan məsələlər sırasında tikinti-quruculuq işləri ilə yanaşı, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına diqqətin artırılması da var. Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsi davam edir. Şəhərdə yaşayan abonentlərin 80 faizinə yeni su mənbəyindən içməli su verilməsinə başlanılmışdır. İçməli su mənbəyi olmayan 16 yaşayış məntəqəsində isə modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün torpaq sahələri seçilib. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun Bığır, Mırtı, Alıkənd, Türkmən və Yeniarx kəndlərində modul tipli sutəmizləyici qurğuların tikintisi və quraşdırılması işlərinə başlanılıb.

Göyçay şəhərində digər mövcud layihələrin də icrası davam edir. Bu layihələr tamamlanandan sonra qədim çinarlar yurdunun müasirliyi və gözəlliyi daha da artacaq. Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, həyata keçirilən tədbirlərdə məqsəd şəhər və rayonlarımızın daha abad, insanlarımızın həyatının daha rahat olmasıdır.

Bəli, Göyçay I Avropa Oyunlarının məşəlini məhz belə bir yüksək ovqatla qarşılayır. Oyunların rəmzi qapısından məşəl karvanı şəhərə daxil olanda alqış sədaları ucalır. Çinarlar şəhərində məşəlin yürüşü başlanır. Estafetə uyğun olaraq gənc fəal Əziz Əzimov, sərbəst güləş üzrə məşqçi-müəllim Coşqun Əsgərov, yunan-Roma güləşçisi, əməkdar məşqçi Namət Şirinov, sərbəst güləş üzrə məşqçi Kamran Nuriyev, yunan-Roma güləşi üzrə məşqçi Kamran Baxışov və digər məsəlçilər ilk Avropa Oyunlarının məşəlini növbə ilə M.Hüseynzadə küçəsi, “Azpetrol” dairəsi, Nizami küçəsi, Heydər Əliyev prospekti boyunca başları üzərinə qaldırırlar. Məşəl Heydər Əliyev Mərkəzinin qarşısına gətirilir və burada qurulmuş səhnədə məşəl alovlandırılır. Beləcə Göyçayda tarixi anlar yaşayır. Bu sevincin bəxş etdiyi duyğuları rayon gənclər və idman idarəsinin rəisi, yunan-Roma güləşçisi Elşən Şirinov bizimlə bölüşür: - I Avropa Oyunlarının keçirilməsi ilə ölkəmiz Avropada, dünyada bir daha tanınacaq. Bir daha görəcəklər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı nəyə qadirdir. Əminliklə demək olar ki, ölkəmiz bu Oyunlara ev sahibliyi etməklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm bir addım atmış olacaq. Oyunlara gələn idmançılar, iştirakçılar, qonaqlar, turistlər bizi daha yaxından tanıyacaq, haqqın, ədalətin tərəfdarı, sülhpərvər olduğumuzu öz gözləri ilə görəcəklər və yəqin ki, bütün bunlar dünyada dostlarımızın sayını artıracaq. Hər bir vətəndaşımız kimi, mən də özümü çox qürurlu, xoşbəxt hiss edirəm. İnanıram ki,

I Avropa Oyunlarında bayrağımız tez-tez yüksələcək, himnimiz tez-tez səslənəcək.

Mərasim başa çatandan sonra Oyunların məşəli daşlar şəhərinə - Ağdaşa yola salındı.

 

Telman NƏZƏRLİ,

zərbaycan.-2015.- 22 may.- S.7.