Riqada Bakı ritmləri Riqanın qəlbində fotosərgisi açılıb

 

Mayın 21-də qədim Riqada Latviya paytaxtının meriyası, Latviyanın Xarici İşlər Nazirliyi və Azərbaycan səfirliyinin dəstəyi ilə Bakı ritmləri Riqanın qəlbində fotosərgisi açılıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Riqa şəhərinin vitse-meri Andris Ameriks, Latviya XİN-in dövlət katibi Andreys Pildeqoviç, Azərbaycanın səfiri Elman Zeynalov, Latviya ictimaiyyətinin, Azərbaycan diasporunun, KİV-in nümayəndələri iştirak ediblər.

Riqa şəhərinin vitse-meri Andris Ameriks qonaqları salamlayaraq deyib ki, Riqanın mərkəzində açılmış sərgi uğurlu Latviya-Azərbaycan əməkdaşlığına əyani misaldır. A.Ameriks qeyd edib ki, bir ay bundan əvvəl Bakıda olub, məşhur Azərbaycan qonaqpərvərliyini görüb. Vitse-mer Bakının gözəlliyinə məftun olduğunu xüsusi vurğulayıb. A.Ameriks deyib: Ümidvaram ki, bu sərgi bütün sahələrdə Azərbaycan ilə Latviya arasında daha sıx əməkdaşlığa kömək göstərəcək.

Novruz Məmmədov iki xalqın dostluq timsalı olan bu sərginin açılışında iştirak etməkdən məmnun olduğunu bildirib. N.Məmmədov deyib: Ölkələrimiz arasında gözəl ikitərəfli münasibətlər yaranıb, onları nümunəvi adlandırmaq olar. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Bakı haqqında deyilən səmimi sözlərə görə minnətdarlığını bildirib, bu sərginin açılışına görə Riqa şəhərinin meriyasına və Latviya XİN-in rəhbərliyinə təşəkkür edib. N.Məmmədov Azərbaycan diasporuna müraciət edərək deyib ki, sərgi Latviyanın mədəni və iqtisadi inkişafına kömək göstərir. O, diaspor nümayəndələrinə əlaqələrin möhkəmləndirilməsi işində uğurlar diləyib.

Latviya XİN-in dövlət katibi Andreys Pildeqoviç qonaqları salamlayaraq qeyd edib ki, bu sərgi Riqa sammiti ərəfəsində açılıb, sammit Şərq ilə Avropanı birləşdirir, iki ölkə arasında çoxcəhətli əməkdaşlığın bir çox sahələrini əhatə edir.

Sonra Novruz Məmmədov sərgi ilə tanış olub. O, Azərbaycan diasporu nümayəndələri ilə söhbətində onların fəaliyyətindən razı qaldığını bildirib, tarixi vətənlə əlaqəni kəsməməyə, Azərbaycanı təbliğ etməyə çağırıb.

Fotosərgiyə baxmağa gələnlər Azərbaycanın paytaxtı Bakı şəhərinin təkrarolunmaz görüntülərinə tamaşa edəcək, bu şəhərdə Şərq ilə Qərbin mədəni irsinin necə birləşdiyini hiss edəcəklər.

Fotosərgi üç həftə davam edəcək.

Nigar CƏFƏRLİ,

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

Azərbaycan.-2015.- 22 may.- S.9.