Mədəniyyət və turizm naziri Bolqarıstanın vitse-prezidenti ilə görüşüb

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıya gəlmiş Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə nazir iki ölkə arasında mədəni əlaqələrdən söhbət açıb. Bolqarıstan nümayəndə heyəti Qəbələ və Şəkiyə gedib, ölkəmizin turizm potensialı ilə tanış olub. Forum çərçivəsində biz bolqar həmkarlarımızla səmərəli işlədik. Hesab edirik ki, Bolqarıstan nümayəndə heyəti Forumun işinə çox mühüm töhfə verdi, deyə Ə.Qarayev qeyd edib.

Marqarita Popova dəvətə və səmimi qəbula görə təşəkkür edib, Forum çərçivəsində Bakıda keçirdiyi görüşlərdən danışıb. O deyib: Bizi Azərbaycan təbiətinin gözəlliyi valeh etdi. Hesab edirəm ki, ölkələrimiz arasında turizm əlaqələri genişlənməlidir. Bundan ötrü hər cür zəmin var.

Qonaq Forumun yaxşı təşkilinə görə təşəkkürünü bildirib, bu nüfuzlu tədbirin ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsində və genişləndirilməsində rolunu qeyd edib.

Görüşdə Azərbaycan və Bolqarıstan arasında mədəniyyət və turizm, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Azərbaycan.-2015.- 22 may.- S.9.