Azərbaycanın xarici işlər naziri Riqa Sammitinin yekun bəyannaməsi ilə bağlı narazılığa aydınlıq gətirib

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin Riqada keçirilən Sammitinin yekun bəyannaməsi ilə bağlı ölkəmizin narazılığı məsələsinə aydınlıq gətirib.

Nazir Avropa İttifaqının “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini xatırladaraq narazılığı hansı məsələnin doğurduğu məqamı diqqətə çatdırıb: “Biz bildirdik ki, bizim üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsas həlli prinsipi BMT Təhlükəsizlik Şurasının qətnamələridir. Onlar isə bunu sammitin bəyannaməsinə daxil etmək istəmirdilər. Biz də buna etiraz etdik. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri ən önəmli hüquqi sənədlərdir və münaqişə də bu sənədlər əsasında həll olunmalıdır. Bununla belə, sonda razılıq əldə edildi ki, Azərbaycan da bəyannaməni imzalasın, lakin xüsusi rəylə. Mayın 25-də Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin əks olunduğu xüsusi bəyanat göndəriləcək. Bu bəyanat sammitin yekun sənədinə əlavə ediləcək, bununla da məsələ bitəcək”.

 

Azərbaycan.-2015.- 24 may.- S. 5.