Moskvada “Mədəniyyətlərin dialoqu mədəniyyəti” mövzusunda beynəlxalq konfrans olub

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə Moskvada, Rusiya Elmlər Akademiyasının (REA) Fəlsəfə İnstitutunda “Mədəniyyətlərin dialoqu mədəniyyəti” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Ənənəyə görə konfrans plenar iclasla açılıb. İclasda konfransın təşkilatçılarının və fəxri qonaqların təbrik nitqləri və məruzələri dinlənilib. Azərbaycan Dövlət Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə məruzəsində bildirib ki, son illər Azərbaycanda bir çox adlı-sanlı filosofların, o cümlədən rusiyalı filosofların iştirakı ilə dörd iri beynəlxalq forum keçirilib. Həmin forumlarda postmodernizm, multikulturalizm, mədəniyyətlərin dialoqu mövzusu müzakirə edilib. O, məruzəsində fəlsəfi problem kontekstində multikulturalizm və mədəniyyətlərin dialoqundan söz açıb.

Rusiya Dövlət Sosial Universitetinin professoru İbrahim Məlikov “Mədəniyyətlərin dialoqu mədəniyyətinin fəlsəfi əsasları” mövzusunda məruzə edib.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev tədbir iştirakçılarını səfir Polad Bülbüloğlunun adından salamlayaraq xatırladıb ki, Bakıda birinci Avropa Oyunlarının məşəli qədim Atəşgah məbədində alovlandırılıb. O deyib: “Bu, bir daha göstərir ki, Azərbaycan qədim diyardır və həmişə mədəniyyətlərin dialoqu üçün meydan olub”.

REA-nın Fəlsəfə İnstitutunun direktoru Əbdülsəlim Hüseynovun fikrincə, Azərbaycan elə bir siyasət yürütməyə nail olur ki, bu zaman hər bir xalqın nümayəndəsi, eləcə də titul xalqın nümayəndəsi “Bəli, bu mənim dövlətimdir” deyir. Ə.Hüseynov bildirib ki, Bakıda keçirilən iri beynəlxalq humanitar forumlar təkcə Azərbaycan üçün deyil, həm də dünya üçün böyük əhəmiyyət kəsb edir.

REA-nın Fəlsəfə İnstitutunun böyük elmi əməkdaşı, fəlsəfə elmləri doktoru Aleksey Kara-Murza vurğulayıb ki, Bakı Humanitar Forumunda iştirak etdiyi zaman Azərbaycanın bir neçə regionunda olub. O deyib: “Məndə belə fikir yaranıb ki, Azərbaycan doğru yoldadır, çünki müxtəlif konfessiyaların və xalqların nümayəndələri ilə dünyəvi dialoq modeli seçib. Məncə, dialoq üçün məkan peşəkar seçilib, çünki hər bir xalqın özünün ən yaxşı keyfiyyətlərini nümayiş etdirmək imkanı var. Onun sözlərinə görə, Fəlsəfə İnstitutu yeni məkan – mədəniyyətlərin dialoqu mədəniyyəti məkanı yaradılması barədə azərbaycanlı həmkarların təşəbbüsünü dəstəkləyir.

Rusiya İctimai Palatasının üzvü, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, bu konfransı Bakı Humanitar Forumunun davamı adlandırmaq olar: “Amma Bakı Forumunun nəticələri barədə istədiyimiz qədər məlumat yoxdur. Rusiya İctimai Palatası Bakı forumunun nəticələrini müzakirə etmək üçün tədbirlərin keçirilməsinə dəstək göstərməyə hazırdır”.

Konfransda birlik, mədəniyyətlərin müxtəlifliyi və qarşılıqlı təsiri, mədəniyyət və qloballaşma, sosial-tarixi və mədəni-tarixi proseslər, mədəniyyətdə milli və ümumbəşəri dəyərlər kimi mövzularda da məruzələr dinlənilib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2015.- 24 may.- S. 5.