Məşəl estafetinin üfüqləri

 

Qədim zamanlardan böyük idman yarışlarının təşkili və keçirilməsi ölkələrin  və xalqların həyatında əlamətdar hadisəyə çevrilmişdir. İdman oyunları böyük mədəniyyət hadisəsi kimi qarşılanmış, ölkənin inkişafında mühüm rol oynamışdır. Hələ miladdan əvvəl qədim Yunanıstan dünyada antik teatrOlimpiya  oyunları ilə tanınmışdır.

Olimpius adlanan  açıq teatrların salonlarından idman yarışlarını keçirmək üçün də istifadə olunmuşdur. Açıq stadionlarda həm də teatr tamaşaları göstərilmişdir. Olimpiya məşəli Yunanıstanı tanıdan əsas vasitə olmuşdur. Dünyanın başqa ölkələrində də yay və qış olimpiadaları idmanla yanaşı, mədəniyyətin, iqtisadiyyatın, turizmin, beynəlxalq əməkdaşlığın inkişafına güclü təkan vermiş, dövlətin imicini yüksəltmişdir.

Azərbaycanda keçiriləcək I Avropa Oyunları, hər şeydən əvvəl, ölkəmizin inkişafına xidmət edir. Azərbaycan çox qısa müddətdə çoxnövlü Avropa Oyunları keçirə biləcək böyük bir şəhər qədər infrastruktur yarada bilmişdir. Başqa sözlə, cəmi 2 il yarım ərzində 7-8 il ərzində həyata keçiriləcək səviyyədə böyük  geniş miqyaslı quruculuq işləri aparılmışdır. XX əsrin yetmişinci illərində Bakıda salınmış Əhmədli, Yeni Yasamal bu gün Bakının ən böyük yaşayış massivləridir. Avropa Oyunları şəhəri - Atletlər kəndi isə XXI əsrdə  yeniləşən Bakının yeni və ən müasir mikrorayonlarından biridir. Bu, Azərbaycanın müasir simasını müəyyən edən möhtəşəm bir layihəsinin gerçəkləşdirilməsi deməkdir. Bu, böyük sürətlə yeniləşən Bakıda həyata keçirilən nəhəng quruculuq layihələrinin miqyasını dünyaya bəyan edən nadir hadisədir. Bu, Azərbaycan üçün yeniliyinə, müasirliyinə və siyasi-iqtisadi əhəmiyyətinə görə Neft Daşları ilə müqayisə oluna biləcək yeni bir möcüzədir. Azərbaycandakı Avropa Oyunları şəhəri dünya Olimpiya oyunları şəhərciklərinin ən yaxşı ənənələri əsasında  salınan, lakin  ən yeni  memarlıq texnologiyalarını, müasir və cəlbedici yeni konstruksiyaları özündə cəmləşdirən möhtəşəm şəhərdir. Bu, Bakı Avropa Oyunlarından əbədi olaraq qalacaq və xalqımıza xidmət edəcək böyük bir ərməğandır.

I Avropa Oyunları respublikamızın sosial-iqtisadi inkişafında da mühüm rol oynayacaqdır. Bakı Avropa Oyunları şəhəri yaxın aylar üçün təkcə yeni yaşayış massivi olaraq qalmayacaqdır. Bu şəhər həm də burada yaradılmış infrastrukturun fəaliyyətini davam etdirməsi üçün çoxsaylı yeni yerləri deməkdir. Bundan başqa, Avropa Oyunları ölkəmizdə turizmin də sürətli inkişafına özünün sanballı töhfəsini verəcəkdir. Turizmdə başlanmış yenigeniş dalğa təkcə Bakı şəhərini deyil, ölkəmizin bütün regionlarını əhatə edə biləcəkdir. Beləliklə, Avropa Oyunlarından respublikamızın bütün regionlarının inkişafına pay düşəcəkdir. Hazırda da Avropa Oyunlarına hazırlıq ərəfəsində rayonlarda təntənəli məşəl estafeti tədbirlərinin yüksək səviyyədə təşkili yeni iqtisadi-mədəni canlanmaya ciddi təkan verir.

Azərbaycanda Avropa Oyunlarının təşkili elmin və mədəniyyətin də inkişafına böyük imkanlar açıb. Dünya miqyaslı bu tədbirlərdə yüksək informasiya texnologiyalarından istifadənin təmin edilməsi, təntənəli açılış və bağlanış mərasimlərinin, idman yarışlarının Yer kürəsinin bütün qitələrinə translyasiya olunmasının təşkili kosmos ölkəsi olan Azərbaycanda elmin ən yeni metodlar əsasında daha çevik davranmasını şərtləndirir. Avropa Oyunlarının yüksək  səviyyədə və mütəşəkkil keçirilməsi idarəetmə proseslərinin də yeni texnologiyalarla yanaşı, həm də müasir elmi metodlarla təşkilini tələb edir. Bütün bunlar Azərbaycan  alimlərinin, elmi ziyalıların da qarşısında yeni üfüqlər açır. Bundan başqa, Avropa Oyunlarının təntənəsi, açılış və bağlanış mərasimləri sözün əsl mənasında Azərbaycanın dünyaya təqdim edəcəyi böyük mədəniyyət hadisəsinə çevriləcək. İnanırıq ki, zəngin ənənələrə və böyük imkanlara malik olan Azərbaycan incəsənəti dünya miqyasında özünün bu məsuliyyətli və şərəfli hesabatını uğurla verə biləcəkdir. İlk dəfə Bakıda səsləndiriləcək Avropa Oyunlarının himni incəsənətimizdə Avropa səviyyəli idman oyunlarından yadigar qalmaqla yanaşı, sonralar dünyanın müxtəlif ölkələrində də bu miqyasda keçiriləcək böyük tədbirlərin start marşı kimi qəbul ediləcəkdir. Bu mənada  Avropa Oyunları Azərbaycan incəsənətini dünyaya çıxaran mədəniyyət bayramı kimi də möhtəşəm hadisədir.

Ölkəmizin  daha geniş miqyasda tanıdılması, müstəqillik dövründə respublikamızda qazanılmış mühüm nailiyyətlərin təbliği üçünAvropa Oyunları böyük meydandır. Avropa Oyunları səviyyəsindən baxanda obrazlı şəkildə desək, Azərbaycan müqəddəs bir məbədgah kimi görünür. Sülh, inkişaf və mədəniyyət  məşəlinin alovu Azərbaycanın xalqına və onun dostlarına qürur verir.

Artıq neçə gündür ki, Avropa Oyunlarının məşəl estafeti Azərbaycanı işığa qərq edir. Bu məşəl yer üzündə sülhün, inkişafın, əməkdaşlığın, dostluğun, əlaqələrin  inkişafına gur işıq salır. Eyni zamanda Azərbaycanda alovlanan Avropa Oyunları məşəli dünyaya sülh, əmin-amanlıq, gözəllik, əməkdaşlıq və inkişaf vəd edir.

 

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

Milli Məclisin deputatı, akademik

Azərbaycan.-2015.- 27 may.-  S.3.