I Avropa Oyunları ilə bağlı Praqada təqdimat keçirilib

 

Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı Azərbaycanın Çexiyadakı səfirliyində təqdimat keçirilib.

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev tədbirdə çıxış edərək iştirakçılara I Avropa Oyunları haqqında məlumat verib. Diplomat bu mötəbər idman tədbirinin ölkəmiz üçün əhəmiyyətindən danışıb.

Çexiya Olimpiya Komitəsinin (ÇOK) baş katibi Petr Qraçlikin adından tədbir iştirakçılarını  salamlayan ÇOK-un mətbuat katibi Aleksandr Kliment ölkəsindən olan idmançıların I Avropa Oyunlarına hazırlıqları barədə məlumat verib. O, çexiyalı idmançıların ilk Avropa Oyunlarına güclü heyətlə qatılacağını vurğulayıb.

Tədbirdə Çexiya dövlət qurumlarının rəsmiləri, parlamentin deputatları, Praqada akkreditə olunan diplomatik korpusun və kütləvi informasiya vasitələrinin təmsilçiləri, habelə Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində “Bakı-2015”ə həsr olunan videoçarx nümayiş etdirilib, I Avropa Oyunları ilə bağlı təbliğat materialları paylanıb.

 

AZƏRTAC

Azərbaycan.-2015.- 27 may.-  S.7.