Mədəniyyət və turizm naziri Xızıda vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay bölgələrdə vətəndaşlarla görüşlər keçirirlər. Mayın 26-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xızı rayonundakı Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə nazir Əbülfəs Qarayev Xızı rayonunda Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda vətəndaşlar müxtəlif məsələlərlə bağlı təklif, xahiş və şikayətlərini bildiriblər. Müraciətlər əsasən yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, müxtəlif avadanlıq və ləvazimatlarla təminat, musiqi və incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı olub. Kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, tarix-mədəniyyət abidələrinin təmir-bərpası, bölgələrdə turizmin inkişaf etdirilməsi ilə bağlı müraciətlər, bir sıra təşəbbüslər səsləndirilib.

Görüşdə hər bir vətəndaş diqqətlə dinlənilib, problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində dövlətimizin başçısının tapşırığı ilə keçirilən bu görüşlərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, sakinlərlə ünsiyyət zamanı qaldırılan bir sıra məsələlər operativ şəkildə həllini tapır. Nazir vətəndaşların təşəbbüskarlığını, yerlərdə mədəniyyət və turizm sahələrindəki problemlərə diqqət yetirməsini təqdirlə qarşılayıb.

 

Azərbaycan.-2015.- 27 may.-  S.8.