Aranda məşəl sevinci

 

Məşəl Kürdəmirdə alovlandı

 

I Avropa Oyunlarının başlanması yaxınlaşdıqca həyəcan daha da artır. Aprelin 26-da “Atəşgah”dan od alan Oyunların məşəli isə ölkəmizi diyar-diyar dolaşıb insanlara sevinc bəxş etməkdə davam edir. Qədim Qəbələ şəhərindən sonra məşəlin səfəri mayın 27-də Kürdəmir rayonuna oldu.

Son dövrlər inkişaf tempini artıran bu aran rayonunda da məşəlin gəlişi münasibətilə hərtərəfli hazırlıq işləri görülmüşdü. Prospekt və küçələr bayramsayağı bəzədilmiş, şəhər elə bil yeni bir libasa bürünmüşdü.

Oyunların məşəlinin keçəcəyi Bakı və Heydər Əliyev prospektləri qələbəlik idi. Şəhər sakinlərinə rayonun kəndlərindən də gəlib qoşulanlar çox idi. İnsanlar sevinclərini bir-biriylə paylaşır, maraqla məşəl karvanının gələcəyi istiqamətə baxırdılar. Necə deyərlər, Kürdəmir unudulmaz bir gün yaşayırdı.

Məşəl yürüşünün başlanğıcı olan Bakı prospektində də son dövrlər əsaslı yenidənqurma işləri görülüb. Yeni layihə üzrə burada 2472 metr dekorativ hasar tikilərək aqlaykeramik plitələrlə üzlənib. Prospektdə müasir 105 işıqlandırma dirəyi quraşdırılıb. Həm bura, həm də şəhərə giriş yolları genişləndirilib. Ümumilikdə şəhərdə tikinti-quruculuq işləri geniş vüsət alıb. Bakı prospektindən əlavə, məşəlin keçəcəyi Heydər Əliyev prospektində də əsaslı yenidənqurma və yaşıllaşdırma işləri görülüb, müasir işıqlandırma sistemi qurulub. Heydər parkında, Babək, M.P.Vaqif, X.İslamzadə, A.Əhməd, G.Orucov, M.Füzuli, Ə.Vahid, Xətai, M.F.Axundov küçələrində, eləcə də Bayraq meydanında, Şəhidlər xiyabanında, Qələbə parkında görülən abadlıq-quruculuq işləri şəhərin simasını tamamilə dəyişib. Hazırda isə Bayraq meydanında Bayraq muzeyi yaradılır.

Belə bir şəraitdə kürdəmirlilər I Avropa Oyunlarının məşəlini qarşılamağa çıxmışdılar. Əllərində rəngbərəng şarlar tutan uşaqlar, bayraqlar tutan gənclər, milli geyimli qızlar, oğlanlar, idmançılar, gənc nəsillə çiyin-çiyinə dayanmış ağsaqqal və ağbirçəklər, bir sözlə, hər kəs Oyunların məşəlini qarşılamaq, bu tarixi hadisənin iştirakçısına çevrilmək üçün karvanın görünəcəyi anı gözləyirdi.

Nəhayət, alqış sədaları dalğa-dalğa hər yana yayıldı. Kürdəmirin həyatında tarixi anlar başlandı. Ölkəmizin ev sahibliyi etdiyi ilk Avropa Oyunlarının məşəli rəmzi qapıdan keçərək Bakı prospektinə daxil oldu. Veteran, yunan-Roma güləşçisi, dəfələrlə müxtəlif beynəlxalq turnirlərin qalibi, mükafatçısı olmuş əməkdar bədən tərbiyəsi işçisi Əlisahib Əliabbasov məşəli qəbul etdi. Bakı prospektindən Heydər Əliyev prospekti istiqamətində məşəlin yürüşü başlandı. Gur alqış sədaları altında məşqçi-müəllim, idman ustası Rafiq Əliyev, yunan-Roma güləşçisi Taleh Kərimov, gənc fəal Daşqın Rüstəmov, bədən tərbiyəsi idman müəllimi Şəfa Nuriyeva digər məşəlçilər Oyunların məşəlini rayon icra hakimiyyəti binasının qarşısındakı meydana gətirdilər. Burada qurulmuş səhnədə piyalə formalı məşəli məşqçi-müəllim, yunan-Roma güləşi üzrə idman ustası Samir Şükürov alovlandırdı. Beləliklə, Azərbaycanın daha bir bölgəsində I Avropa Oyunlarının məşəli alovlanmaqla tarixi anlar yaşandı. Şəhər sakini Leyla Cəbrayılovanın qəbul etdiyi rəmzi çıraq isə oyunlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.

Mərasimin sonunda iştirakçıların təəssüratları ilə maraqlandıq. Veteran güləşçi Əlisahib Əliabbasovun sevinci hədsiz idi: “I Avropa Oyunlarının rayonumuza gələn məşəlini qəbul etmək, onun ilk daşıyıcısı olmaq çox qürurvericidir. Mən ayrı-ayrı ölkələrdə həm gənc yaşlarımda, həm veteranlar arasında mötəbər turnirlərdə iştirak etmişəm. Birinci olmuşam, mükafatlar qazanmışam. O vaxtlar inana bilməzdim ki, Avropanın idman tarixi Azərbaycanda yazılacaq, tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına Vətənimiz ev sahibliyi edəcək. İndiyə bütün Avropa bizə baxır. Bu duyğuları, bu sevinci bizə bəxş edən dövlət başçısı İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm”.        

Əməkdar müəllim Rəfael Məmmədovun da ürəyi dolu idi:

- Hər bir kürdəmirli kimi mən fəxr edirəm ki, bu tarixi hadisənin iştirakçısı oldum. Bütün Avropa, bütün dünya bir daha görür ki, Azərbaycan sözün əsl mənasında, idman ölkəsidir. İdman ölkəsi isə sülh, dostluq, qardaşlıq, sağlamlıq ölkəsi deməkdir. Bir müəllim kimi əminliklə deyə bilərəm ki, bu mötəbər tədbir gənclərimizin dünyagörüşünə, sağlam ruhda yetişmələrinə, vətən təəssübkeşliyi duyğularının formalaşmasına, iradəsinin güclənməsinə, əzmkarlıqlarının artmasına müsbət təsir edəcək. İnanırıq ki, Oyunlarda iştirak edən təmsilçilərimiz öz qələbələri ilə Azərbaycanın həqiqətən, idman ölkəsi olduğunu bir daha dünyaya göstərəcəklər.

Mərasim başa çatandan sonra məşəl Ağsu rayonuna yola salındı.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2015.- 28 may.-  S.5.