Azərbaycan bu gün dünyanın diqqətini cəlb edir

 

Ümummilli lider Heydər Əliyev azərbaycanlı olduğundan qürur duyduğunu dəfələrlə bildirmişdi. Bu fikir hər birimizin vətənpərvər hisslərlə yaşamağımız üçün bir örnək deməkdir. Azadlığın və müstəqilliyin həsrətini çəkmiş, 70 il isə sovet dövlətinin tərkibində beynəlmiləlçilik dərsi keçmiş xalqımız, nəhayət ki, ötən əsrin sonlarında milli istiqlaliyyətini bərpa etmiş, bundan sonra sözün əsl mənasında, inkişaf yoluna çıxmışdır. Bu, əlbəttə, ümummilli lider Heydər Əliyev siyasətinin bəhrəsidir!

Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və azadlığının qorunub saxlanması yolunda atdığı cəsarətli addımlar bugünkü hərtərəfli inkişafımızın əsasını qoymuşdur. Bu, danılmaz həqiqətdir ki, hakimiyyətdə olduğu dövrlərdə Azərbaycan özünün inkişaf göstəriciləri ilə digər respublikaları çox qabaqlamışdır.

Müstəqilliyin bərpasından ötən müddətə nəzər saldıqda, qürurverici faktların daha çox olduğunu görürük. Bunu görməyənlərlə xalqımızın və dövlətimizin düşmənlərinin heç bir fərqi ola bilməz. Əlbəttə, müstəqil dövlət qurmaqonu daxilixarici bədxah qüvvələrdən qoruyub saxlamaq o qədər də asan olmadığının şahidinə çevrildiyimizi unutmamışıq.

Azərbaycan bu gün dünyanın nəzər-diqqətini özünə cəlb edib. Bunun səbəbi var. Onlardan ən birincisi, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsidir. Əslində, Azərbaycan bununla Avropanın mədəniyyət və idman mərkəzinə çevrildiyini təsdiqləyir. Belə bir ölkənin vətəndaşı olmaqdan qürur hissi keçirirəm.

Ötən hər gün tariximizə əlamətdar bir səhifə kimi yazılır. Digər sahələrdə olduğu kimi, idman aləmində də qazanılan uğurlara sevinməliyik.

Mən bir veteran idmançı kimi (tatami üzərində mənimlə rəqib olanlar inanmasalar da, may ayının 18-də artıq 60 yaşım tamam olacaq) hələ 2011-ci il oktyabrın 6-dan 9-dək Polşada veteranlar arasında yunan-Roma güləşi üzrə növbəti dünya çempionatında ölkəmizi təmsil etmişəm. Dünya çempionatlarının dördqat bürünc mükafatçısı kimi onu deyə bilərəm ki, son illər güləşçilərimiz Latviya, Macarıstan, RusiyaFinlandiyada keçirilmiş dünya birinciliklərində müxtəlif əyarlı 20-dək medal qazanmışlar.

Keçmiş SSRİ çempionu Telman Əliyevin rəhbərliyi altında məşqlərə başlayıb, dəfələrlə UGİM-in respublika birinciliyində qalib gəlmiş, “Məhsul” kənd könüllü idman cəmiyyətinin keçirdiyi turnirlərdə qızıl medal qazanaraq SSRİ birinciliyində yarışmışam. Orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında ali təhsil almaqla bərabər, “Dinamo” cəmiyyətində məşqlərimi davam etdirmiş, gecələr isə işləmişəm. Ali məktəbi əla qiymətlərlə bitirdikdən sonra təyinatla Kürdəmir Peşə Liseyinə göndərilmişəm. Neçə illər fəaliyyət göstərməsinə baxmayaraq, o zamanlar məktəbdə heç bir idman qurğusu, hətta futbol meydançası belə yox idi. Məktəbin direktoru Oqtay Babayevin köməyi ilə futbol, voleybol meydançaları hazırlayaraq şagirdlərin ixtiyarına verdik. Qısa bir vaxtda uşaqları voleybol, futbol, güləş və idmanın digər növlərinə cəlb etməyi bacardıq. Bunun nəticəsi kimi şagirdlərimiz zona yarışlarında, habelə peşə məktəblərinin respublika birinciliklərində uğurlar əldə edirdilər. Ölkəmizdə güləş məktəbi öz ənənələrini bu gün şərəflə qoruyub saxlayır və layiqincə davam etdirir. Güləşin milli idman növü olduğunu vurğulayan Prezident İlham Əliyev bu sahədə varisliyin və ənənələrin qorunub saxlanmasının zəruriliyini, idman veteranlarının rolunu həmişə qiymətləndirmiş, onlara daim qayğı göstərilməsinin əhəmiyyətini qeyd etmişdir. Dövlət başçısı veteran idmançıların idman karyerasını başa vurduqdan sonra cəmiyyətin həyatında səmərəli fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılmasının vacibliyini mütəmadi olaraq diqqətə çatdırır. Biz, veteran idmançılar da hər dəfə ölkəmizin himnini səsləndirir, bayrağımızı zirvələrə qaldırırıq.

Hazırda ölkəmizi dünyanın idman arenalarında tanıdan, bayrağımızı beynəlxalq yarışlarda yüksəklərə ucaldan təkcə gənclər deyil, həm də veteran idmançılardır. Gənclərlə yanaşı, onlara da lazımi diqqət və qayğı göstərilir. Bunun müqabilində veteranlar tez-tez dünyaAvropa miqyaslı yarışlarda qüvvələrini sınayır və vətənə üzüağ dönürlər.

Sevindirici haldır ki, ilk Avropa Oyunlarına ev sahibliyi edirik. Ölkəmizin başçısı bir daha sübut etdi ki, Azərbaycan iqtisadiyyatının inkişafına görə regionda lider olmaqla yanaşı, həm də güclü idman ölkəsidir. Əlbəttə, bir veteran idmançı kimi, fəxr edirəm ki, belə güclü dövlətin vətəndaşıyam. Arzu edirəm ki, idmançılarımız əvvəlki beynəlxalq yarışlarda necə qələbə çalıb üçrəngli bayrağımızı zirvələrə qaldırıblarsa, bu dəfə də həmin sevinci yaşasınlar, xalqımıza və biz veteranlara da yaşatsınlar. İnanıram ki, Azərbaycan I Avropa Oyunlarında da öndə gedən ölkələrdən biri olacaq, çünki buna haqqımız çatır!

Bir veteran güləşçi kimi, vətənimizi dünyanın 13 ölkəsində təmsil etmişyeddi dəfə dünya mükafatçısı olaraq üçrəngli bayrağımızı qaldırıb, bundan qürur duymuşam.

I Avropa oyunları başlamamışdan dövlətimizin belə sürətli inkişafını görmək istəməyənlərin əməlləri üzə çıxır. Onlar çalışırlar ki, qara yaxsınlar, təxribat törətsinlər. Belələrinə heç bir ad vermək mümkün deyil. Bizim bir düşmənimiz var, o da işğalçı Ermənistandır. Qonşularımızla yaxın və isti münasibətlərimiz, inkişafımız onları ciddi narahat etməlidir, bu da təbiidir. Çünki Ermənistan nə azad, müstəqil dövlət, nə də inkişafı ilə nümunəyə çevrilən ölkədir. Torpaqlarımızı havadarlarının dəstəyi ilə işğal altında saxlaması bu nankorları bütün sahələrdə inkişafdan geri qoyub. Onların dünyadakı mövcud lobbilərinin antiazərbaycan şəbəkəsi yaradıb ölkəmizə qarşı təbliğat aparmasının da heç bir əhəmiyyəti olmayacaq. Biz dəfələrlə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edərək nüfuz qazanmışıq. Azərbaycanın təcrübəsi dünyada öyrənilir. Düşmənlərimiz yaxşı bilirlər ki, Azərbaycan işğal altındakı ərazilərini azad edəcək, inşallah, Qarabağda idman, Şuşada beynəlxalq muğam festivalları, musiqili bayramlar keçirəcək!

 

Əlisahib ƏLİABBASOV,

əməkdar bədən tərbiyəsi və idman xadimi,

yunan-Roma güləşi üzrə yeddiqat dünya mükafatçısı

Azərbaycan.-2015.- 28 may.-  S.5.