Dünya Turizm Təşkilatının İcraiyyə Şurası Azərbaycanın təklif etdiyi qətnamə layihəsi ilə bağlı qərar qəbul edib

 

 

BMT-nin Dünya Turizm Təşkilatının (DTT) İcraiyyə Şurası Azərbaycan Respublikasının təklif etdiyi “Münaqişə zonalarının turizm məkanı kimiturizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması” qətnamə layihəsi ilə bağlı qərar qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, Xorvatiyanın Rovin şəhərində keçirilən DTT-nin İcraiyyə Şurasının 100-cü sessiyasında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin təqdim etdiyi sənədin mahiyyəti haqqında məlumat verib. Diqqətə çatdırıb ki, bu sənəd beynəlxalq hüquqa və ölkələrin suveren hüquqlarının qorunmasına, həmçinin DTT-nin qəbul etdiyi Turizm üzrə Qlobal Etika Kodeksinin prinsiplərinə əsaslanır.

Məsələ ətrafında geniş müzakirələr aparılıb və ölkəmizin təqdim etdiyi qərar mətni qəbul edilib. Qərarda bildirilir ki, bütün turizm fəaliyyətləri Turizm üzrə Qlobal Etika Kodeksinə, həmçinin BMT-nin Baş Məclisinin və Təhlükəsizlik Şurasının müvafiq etika prinsiplərinə uyğun həyata keçirilməlidir.

Bu qərarın qəbul edilməsi ilə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin, Dağlıq Qarabağ regionunun beynəlxalq turizm sərgilərində və digər tədbirlərdə təbliğinin qarşısının alınması üçün çox mühüm beynəlxalq vasitə əldə olunub.

Xatırladaq ki, Azərbaycan bu sənəd layihəsini DTT-nin 2014-cü ilin oktyabrında Səmərqənddə keçirilmiş 99-cu iclasına təqdim etmişdi. Şura həmin iclasda məsələyə 100-cü sessiyada baxılması ilə bağlı qərar qəbul etmişdi.

Dünya Turizm Etika Komitəsi tərəfindən məsələyə 2014-cü ilin noyabrında Romada keçirilmiş iclasda baxılıb və tövsiyə olunub ki, DTT-nin İcraiyyə Şurası hökumətləri, turizm sahəsində özəl və dövlət təşkilatları Turizm üzrə Qlobal Etika Kodeksinə, həmçinin BMT-nin Baş Məclisi və Təhlükəsizlik Şurasının bütün etika prinsiplərinə hərbi münaqişələr daxil olmaqla bütün hallarda riayət edilməsinə təşviq etsin.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 30 may.- S.10.