Alen YAROU: Azərbaycan Böyük Britaniya üçün əməkdaşlıq baxımından ideal bir ölkədir

 

 

“Azərbaycan Böyük Britaniya üçün maraqlı, gözəl, əməkdaşlıq baxımından ideal bir ölkədir. Düşünürəm ki, Britaniya da Azərbaycan üçün böyük əhəmiyyətə malikdir, bütün sahələrdə işbirliyimiz qarşılıqlı maraq doğurur”.

Londonun lord-meri Alen Yarou bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə məxsusi müsahibəsində deyib.

Lord-mer bildirib ki, Azərbaycan Böyük Britaniyanın önəmli ticarət tərəfdaşıdır. Ölkələrimiz arasında yüksək səviyyəli biznes əlaqələri var və Azərbaycana böyük həcmdə investisiya qoyulub. Bizim Azərbaycan ilə ticarət əlaqələri qurmaq istəyən çoxlu şirkətlərimiz var.

Alen Yarou 31 may - 2 iyun tarixlərində Azərbaycanda səfərdə olacağını, ölkəmizdə bir sıra önəmli görüşlər keçirəcəyini qeyd edib. O vurğulayıb ki, Azərbaycan neftdən asılılığını azaltmaq istəyən və bunun üçün böyük potensialı olan bir ölkədir. Səfər çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycanın beynəlxalq bazara daha da inteqrasiyası ilə bağlı əhəmiyyətli müzakirələr aparılacaq. Həmçinin Böyük Britaniya və Azərbaycan arasında ticarət əlaqələrini genişləndirmək, yeni işbirliyi imkanlarını müəyyən etmək və dəyərləndirmək, qarşılıqlı təcrübə mübadiləsi aparmaq, Britaniya şirkətlərinə Azərbaycandakı əlverişli fəaliyyət imkanlarını təqdim etmək, təlim və ixtisaslaşma layihələri həyata keçirmək, biznes və tənzimləyici mühiti daha da yaxşılaşdırmaq və s. məsələlər diqqət mərkəzində olacaq.

Lord-mer deyib ki, ümumiyyətlə, Britaniya Azərbaycan ilə tərəfdaşlığı gücləndirməkdə maraqlıdır. O, səfər zamanı biznes sahəsində bir çox səlahiyyətli şəxslər ilə də görüşlər keçirəcəyini, biznes sahəsində təlim və ixtisaslaşma, infrastrukturun inkişafı da daxil olmaqla bir sıra əhəmiyyətli məsələlərə dair fikir mübadiləsi aparılacağını deyib.

Lord-mer, həmçinin xəzəryanı regionun energetika sektorunun ən böyük tədbiri sayılan XXII Azərbaycan Beynəlxalq “Xəzər NeftQaz 2015” sərgi və konfransında iştirak edəcəyini, tədbirdə Böyük Britaniyanın Baş naziri Devid Kemeronun təbrik məktubunu oxuyacağını söyləyib.

Britaniya ilə Azərbaycan arasındakı əməkdaşlığın inkişaf perspektivləri haqqında söhbət açan A.Yarou qeyd edib ki, hər iki ölkənin bir-birinə verə biləcəyi çox şey var.

 

Azərbaycan. - 2015.- 31 may.- S.5.