Bayrağımız qürur mənbəyimizdir

 

Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımız - qürur mənbəyimizdir” adlı ədəbi-bədii tədbir keçirilmişdir. Qəsəbə sakinlərinin, orta və məktəbəqədər təhsil müəssisələri kollektivlərinin, digər təşkilatların nümayəndələrinin, həmçinin Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayon ictimaiyyətinin və çoxsaylı qonaqların iştirak etdiyi tədbir Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlamışdır.

Dövlət Bayrağının kursantlar tərəfindən təntənəli şəkildə parka gətirilməsi, hərbi geyimli məktəblilərin sıra keçidi, məktəblilərin canlı şəkildə 9 noyabr - Dövlət Bayrağı Günü sözünü qurmaları tədbirə xüsusi rəng qatmışdır. Sonra qonaqlar və tədbir iştirakçıları qarşısında Badamdar qəsəbəsindəki orta məktəblərin şagirdləri Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xorunun üzvləri ilə birgə çıxış etmişlər. Tədbirdə məktəblilərin ifasında bayrağa həsr olunmuş şeir və ədəbi kompozisiyalar, tanınmış müğənnilərin ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı və s. mahnılar, hərbi orkeçtrin ifasında marşlar səslənmişdir. Qeyd olunmuşdur ki, bayrağımız tarixin keşməkeşli yollarından keçib, illərin sınağından çıxıb, müstəqillik uğrunda gedən mücadilələrdə şəhid olmuş minlərlə oğul və qızlarımızın qanına boyanıb. Ona görə də hər bir azərbaycanlı üçün bayrağımız müqəddəsdir.

Bu gün ölkəmizin bütün guşələrində dalğalanın, dövlətimizin suverenlik rəmzi sayılan bayrağımızın zəngin tarixi var. Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında hökumət qərarı 1918-ci il noyabr ayının 9-da verilmişdir. Üçrəngli, ayulduzlu bayrağımız ikinci dəfə 1990-cı il noyabr ayının 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarına əsasən bərpa edilmişdir. Azərbaycan Respublikası Ali Soveti isə 5 fevral 1991-ci ildə üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir. Azərbaycan bayrağı milli ləyaqət simvolumuzdur. Onu başı üzərində uca tutmaq, vüqarla dalğalandırmaq hər bir azərbaycanlının şərəf borcudur.

Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilmiş və artıq hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəxsi təşəbbüsü ilə Bakı şəhərinin ən mənzərəli yerlərindən birində, Səbail rayonunun Bayıl yaşayış sahəsində, Xəzər dənizinin sahilində əzəmətli memorial abidə-istirahət parkı olan Dövlət Bayrağı Meydanı istifadəyə verildi və 2010-cu ilin sentyabrın 1-də ölkə başçısı tərəfindən Meydanın təntənəli açılışı keçirildi ki, bu da ölkəmizdə Dövlət bayrağına yüksək qiymətin göstəricisidir.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2015.- 7 noyabr.- S. 11.