Orta əsrlərdə Azərbaycan ziyalı təbəqəsi və elmi mühiti haqqında yeni araşdırma

 

Hər bir elmi-tədqiqat işinin dəyəri ilk növbədə onun zamanın nəbzi və tələbatına uyğunluğu ilə ölçülürsə, birmənalı şəkildə demək olar ki, tarix elmləri doktoru Nərgiz Əliyevanın yenicə çapdan çıxmış “Azərbaycanın elmi-mədəni mühitinin öyrənilməsində ərəbdilli ədəbiyyatın rolu (XI-XIII əsrlər)” monoqrafiyası müasir olduğu qədər də aktualdır. Məsələ yalnız öz mədəniyyətimizi öyrənməklə bitmir; başqalarının da haqqımızda dedikləri və düşündükləri az əhəmiyyət kəsb etmir. Monoqrafiyada orta əsrlər Azərbaycan ziyalı təbəqəsini və onun yaşadığı mühiti çağdaş Azərbaycan oxucusuna təqdim etmək məqsədilə müəllifin müsəlman mədəni dünyasının görkəmli alim və mütəfəkkirlərinin yaradıcılığına müraciət etməsi təbii olduğu qədər də xüsusi diqqət çəkir.

Müəllif qeyd edir ki, islam dəyərləri üzərində qurulmuş yeni teokratik dünya imperiyasının -  ərəb xilafətinin tərkibinə daxil  olan Yaxın Şərq ölkələrinin sosial-iqtisadi və mənəvi-mədəni həyatında baş verən dəyişikliklər, Əndəlisdən Çin səddinədək uzanan bir ərazidə ərəb dilinin rəsmi dövlət dili olaraq müxtəlif müsəlman xalqları üçün tədricən ümumi ünsiyyət  vasitəsinə çevrilməsi bu dildə yazıb-yaradan milli ziyalı mühitinin, elmi-bədii-dini ədəbiyyatın formalaşmasına zəmin yaradan əsas amil olmuşdur. Digər tərəfdən, saysız-hesabsız nüsxələrdə, bəzən oxunması belə çətinlik törədən əlyazmalarda səpələnmiş mövzuya aid məlumatları toplayıb təhlil etmək üçün tədqiqatçıdan ərəb dilinin  bilicisi olmaqla yanaşı, yüksək analitik təhlil qabiliyyəti tələb olunur. Müəllifin ərsəyə gətirdiyi elmi araşdırma onun hər iki keyfiyyətə malik olduğundan xəbər verir.

Monoqrafiyanı heç bir mübaliğəyə varmadan müxtəlif yazılı qaynaqlardan, xüsusilə çoxsaylı və dəyərli məlumatlara malik Səmaninin “Kitab əl-Ənsab”, İbn Makulanın “əl-İkmal”, İbn Nöqtənin “ət-Təqyid”, Siləfinin “Mucəm əs-Səfər”, İbn əs-Sabuninin “Təkmilə əl-İkmal” əsərlərindən zərrə-zərrə toplanmış incilərdən ibarət zəngin dəfinəyə bənzətmək olar. Müəllifin  tədqiqatları sayəsində oxucu XI-XIII əsrlərdə - müsəlman intibahının zirvə çağında Azərbaycan elmi-mədəni mühitində yetişmiş, həyat və yaradıcılığı ərəbdilli yazılı qaynaqlarda öz əksini tapmış onlarca azərbaycanlı alimlə  - filosoflar, fəqihlər, mühəddislər, hafizlər, şərhçilər və başqaları ilə ilk dəfə tanış olur.

Kitabda diqqət çəkən daha bir mühüm məqam üzərində dayanmağa dəyər. Məsələ hələ islam fütuhatının davam etdiyi bir dövrdə ərəb qəbilələrinin münbit Azərbaycan torpaqlarına köçürülməsi və burada məskunlaşdırılması ilə bağlıdır. Məlum olduğu kimi, ərəb canişinləri özləri ilə bərabər apardıqları qəbilələri Azərbaycanda məskunlaşdırmaqla ikili məqsəd güdürdülər: həm köçərilərin maddi vəziyyətini yaxşılaşdırır, həm də onları özlərinə dayaq etməklə öz hakimiyyətlərini möhkəmlətməyə çalışırdılar. Müəllif bütün bu məqamlara peşəkarcasına yanaşmış, toxunduğu məsələləri geniş təhlil etmişdir.

Nərgiz Əliyevanın “Azərbaycanın elmi-mədəni mühitinin öyrənilməsində ərəbdilli ədəbiyyatın rolu (XI-XIII əsrlər)”monoqrafiyası orta əsrlər Azərbaycan tarixinə dair indiyədək işıq üzü görmüş digər əsərlərlə yanaşı, milli mədəniyyətimizin  elmimizin tədqiqi işinə verilmiş mühüm töhfədir.

 

Əli RƏCƏBLİ,

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin

 Numizmatikaelmi-fond şöbəsinin müdiri, professor

 

Azərbaycan.- 2015.- 7 noyabr.- S. 11.