“Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı ilə bağlı müzakirələr aparılıb

 

Gənclər və İdman Nazirliyində (GİN) “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına dair müzakirələr aparılıb.

GİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə keçirilən müzakirələrdə “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC-nin, Müdafiə, Təhsil, Mədəniyyət və Turizm, İqtisadiyyat və Sənaye, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rabitə və Yüksək Texnologiyalar, Səhiyyə, Fövqəladə Hallar nazirliklərinin, Dini Qurumlarla İş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Dövlət Sərhəd Xidmətinin, Prezident yanında Elmin İnkişafı Fondunun, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun və digər dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı qeyd edilib ki, ardıcıl olaraq, 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət proqramlarının uğurla həyata keçirilməsi, Prezident yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırıb. Son illər istifadəyə verilən “Gənclər ev”ləri xüsusilə regionlarda yaşayan gənclərin maraq dairəsinin genişləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili üçün yeni imkanlar yaradıb. Gənclərin məşğulluğu və sahibkarlığın inkişafı üçün biznes inkubatorların, texnoparkların yaradılması dəstəklənib.

Diqqətə çatdırılıb ki, son onilliyin əsas çağırışları olan İKT-nin sürətlə inkişafı və qloballaşma prosesləri gənclərlə bağlı vəziyyətə ciddi təsir göstərməkdədir. Bu amillərin təsiri altında ölkələrin qarşılaşdığı problemlərin müzakirəsi üçün BMT baş katibinin müraciəti ilə 2014-cü ilin oktyabrında Bakıda Gənclər Siyasəti üzrə I Qlobal Forum keçirilib. Qlobal Forumun paytaxtımızda keçirilməsi ölkəmizdə gənclər siyasəti sahəsində əməli təcrübə və müsbət meyillərin əldə edilməsinin təzahürü idi.

Qeyd edilib ki, Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına və 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na uyğun olaraq “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı hazırlanıb.

İclasda gənclərin hərtərəfli inkişafı üçün münbit şəraitin formalaşdırılması, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, təhsil alan gənclərin, gənc alim və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsi, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi, aliorta ixtisas təhsili müəssisələrində tələbələrin özünüidarəetməsinin gücləndirilməsi, onların ideya və təşəbbüslərinin dəstəklənməsi mövzularında müzakirələr aparılıb.

Eyni zamanda, gənclərin bilik və bacarıqlarının inkişafı, sahibkarlıq və məşğulluq imkanlarının artırılması, onlar arasında ixtisas və peşə seçimi, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi, regionlarda yaşayan gənclərin təhsil, məşğulluq, ictimai fəaliyyətlərinin və mədəniyyət və idman sahəsində imkanlarının genişləndirilməsindən söhbət açılıb.

Müzakirələr zamanı, həmçinin xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyanın təmin edilməsi, gənclərin İKT-dən səmərəli istifadəsinə şərait yaradılması, yeniyetmə və gənclər üçün maarifləndirici televiziyaradio verilişlərinin hazırlanması və yayımlanması, gənclərin asudə vaxtının səmərəli təşkili və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2015.- 17 noyabr.- S. 5.