Məktəblilər İsmayıllı rayonu ilə tanış olublar

 

Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın ümumtəhsil məktəblilərinin yuxarı sinif şagirdləri üçün keçirilən növbəti tur-aksiya çərçivəsində noyabrın 16-da 8 rayondan, o cümlədən Abşeron, Qusar, Quba, Şabran, Siyəzən, Sumqayıt, Xaçmaz, Xızı bölgələrindən olan 280 nəfərədək məktəbli üç qrupda İsmayıllı rayonuna gəliblər.

AZƏRTAC xəbər verir ki, İsmayıllının mərkəzi meydanında təntənəli şəraitdə qarşılanan tur-aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada onlara Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlər barədə, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri haqqında ətraflı bilgilər verilib.

Sonra tur-aksiya iştirakçıları rayon mədəniyyət mərkəzində yerli musiqiçilərin ifasında konsertə tamaşa ediblər.

İsmayıllı şəhəri ilə tanış olan şagirdlər respublikamızın bu gözəl diyarı barədə, onun flora və faunası, mədəni, sosial-iqtisadi həyatı haqqında geniş məlumatlandırılıblar. Vurğulanıb ki, Böyük Qafqaz dağlarının cənub yamaclarında yerləşən rayonun ərazisindən Girdiman, GöyçayAx-ox çayları keçir. Babadağ yaxınlığında, dəniz səviyyəsindən 3400-3500 metr yüksəklikdə bir-biri ilə yanaşı üç təbii göl, 50-25 metr hündürlükdə şəlalələr bu yerlərin təbii sərvətidir. Ərazisində 70 min hektaradək meşə vardır.

İsmayıllı tarixi abidələri ilə də zəngindir. Xanagah kəndi yaxınlığında XVIII əsrə aid Qız qalası, Sulut kəndində XVIII əsrə aid olan Fitdağ məscidi, inşası Qafqaz Albaniyasının hökmdarı Cavanşirin adı ilə bağlı olan, VII əsrə aid qala və digər abidələr bu gün bölgəyə gələn hər kəsdə dərin təəssürat yaradır.

Lahıc, Basqal tarix-mədəniyyət qoruqları, el sənətkarları barədə məlumatlar məktəblilər tərəfindən son dərəcə maraqla qarşılanıb.

Sonra tur-aksiya iştirakçıları rayonda rusların məskunlaşdığı İvanovka kəndində də olublar.

Tur-aksiya iştirakçıları axşamüstü Qəbələyə yola salınıblar.

 

Azərbaycan.- 2015.- 18 noyabr.- S. 6.