Ermənistan terrora dövlət səviyyəsində dəstək göstərir

 

Dünya erməni terroruna sərt reaksiya verməli, onun qarşısının alınması üçün zəruri addımlar atmalıdır

 

Öz məkrli məqsədlərinə çatmaq üçün işğalçı Ermənistanın terrordan da vaxtaşırı istifadə etməsi birmənalı həqiqətdir. Xüsusən də Azərbaycana qarşı Ermənistan terror aktlarından tez-tez faydalanıb və yaxın keçmişimiz bu xüsusda konkret faktlarla zəngindir. Elə indinin özündə də Azərbaycanın işğal olunmuş ərazilərində terrorçuların məskən saldığı, Ermənistanın bir dövlət olaraq onlara hərtərəfli dəstək göstərməsi sirr deyil. Ümumiyyətlə, tarix göstərir ki, işğalçı ölkə terrora həmişə dövlət səviyyəsində hərtərəfli dəstək verib, terrorçu qruplaşmaların yaradılmasında əsas iştirakçılardan biri olub.

Yeri gəlmişkən qeyd edək ki, Türkiyədə keçirilən “Böyük İyirmiliyin” Sammitində iştirak edən Prezident İlham Əliyev bu məsələyə geniş toxunub. Respublikamızın beynəlxalq terrorizmlə mübarizədə fəal iştirakına, Əfqanıstanda koalisiya qüvvələrinin işinə qoşulan ilk ölkələrdən biri olmasına diqqət çəkən dövlət başçısı qeyd edib ki, Azərbaycan özü terrorizmdən əziyyət çəkən ölkələrdəndir. Özü də  bu terrorizm Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir. Ermənistan tərəfindən Azərbaycanda törədilən terror aktları nəticəsində iki mindən çox Azərbaycan vətəndaşı həlak olub.

Azərbaycan torpaqlarının işğalı məsələsinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi zəbt olunub. Ermənistan tərəfdən etnik təmizləmə siyasəti həyata keçirilib. İşğal nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib, bir milyona yaxın soydaşımız öz doğma torpaqlarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq Ermənistan tərəfi indiyədək buna məhəl qoymur. Prezident İlham Əliyev dövlət başçılarının diqqətini bir daha dünyanın bir nömrəli beynəlxalq təşkilatının qəbul etdiyi qərarlara Ermənistan tərəfindən əməl olunmaması faktına cəlb edib.

Siyasi müşahidəçilər hesab edirlər ki,  dünya erməni terroruna artıq sərt reaksiya verməli, onun önlənməsi üçün zəruri addımlar atmalıdır. Əks halda erməni terroru təkcə Qafqazda yox, daha geniş coğrafi məkanda ciddi təhlükə mənbəyi olaraq qalmaqda davam edəcək. Həmçinin terrorun genişlənməsi Ermənistanda yenə də mənfur ideologiyanın əsas istiqamətlərindən biri olaraq qalmaqda davam edəcək.

Xatırlatmaq yerinə düşərdi ki, yüz minlərlə türk-müsəlmanın qatili olmuş Andranik Ozanyan, Qaregin Njde, Soqomon Teyleryan kimiləri indinin özündə də Ermənistanda milli qəhrəmanlar kimi qəbul olunur. Onların adları müxtəlif formada əbədiləşdirilib. Paytaxt Yerevanın Yerablur hərbi məzarlığında ASALA-nın ölmüş üzvlərinin xatirəsinə həsr olunmuş abidə kompleksi mövcuddur. Məhz bütün bunlar terrora Ermənistan dövləti səviyyəsində xüsusi rəğbət bəsləndiyini aydın nümayiş etdirir. Belə görünür, terrora dəstək hələ də davam edəcək. Ermənistan iqtidarı terrordan hətta lazım gələndə öz xalqına qarşı da istifadə etməkdən çəkinmir. Xüsusən də dərinləşən sosial-iqtisadi problemlər fonunda hakimiyyət ona qarşı çıxanları təzyiq, terror yolu ilə susdurmaqdan, aradan götürməkdən qətiyyən çəkinmir.

İndi Ermənistanda baş verən hadisələr bu ölkədə kriminal hakimiyyət, diktatura rejiminin hökm sürdüyünü bir daha sübut edir. Serj Sarkisyan hakimiyyəti öz əlində saxlamaq üçün  əvvəllər olduğu kimi, indi də ən ağır, kəskin üsullara əl atır. Hətta ermənilər özləri də etiraf edir ki, ölkələrində faşist, kriminal rejim hakimiyyətdədir. Hakimiyyətin devrilməsi üçün müəyyən qüvvələr səy göstərsələr də, Sarkisyan komandası xalqa qarşı amansız münasibət sərgiləyir, onlara qarşı genişmiqyaslı təzyiqlərə start verilir.

Sosial-iqtisadi sferada hökm sürən böhran özünü siyasi sistemin sabitlik durumunda da göstərir. İşğalçı  ölkənin düşdüyü vəziyyət göstərir ki, başında terrorçu rejimin durduğu dövlətin aqibəti mütləq iflasa məhkumdur.

Belə vəziyyət Ermənistanın bir dövlət olaraq ciddi təhlükə mənbəyi olduğunu aydın nümayiş etdirir və dünyanın bu məsələyə sərt reaksiya nümayiş etdirməsi olduqca zəruridir.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2015.- 19 noyabr.- S. 6.