Türkiyə Quru Qoşunlarının komandanı Fövqəladə Hallar Nazirliyində olub

 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov noyabrın 18-də Türkiyə Respublikasının Quru Qoşunlarının komandanı, ordu generalı Salih Zəki Çolak ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonağı səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, bu sahədə dostqardaş Türkiyənin müvafiq qurumları ilə əməkdaşlıqdan bəhs edib.

Ordu generalı Salih Zəki Çolak səmimi görüşə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi Türkiyə Respublikası Quru Qoşunlarının aidiyyəti qurumlarının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə sıx əməkdaşlıqda maraqlı olduğunu deyib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaq nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalının fəaliyyəti ilə tanış olub.

 

Azərbaycan.- 2015.- 19 noyabr.- S. 10.