Qədim və müasir Qəbələ şəhəri məktəbliləri heyran edib

 

Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün təşkil edilən növbəti tur-aksiya çərçivəsində Abşeron, Qusar, Quba, Sumqayıt, Xaçmaz və Xızıdan olan məktəblilər noyabrın 17-də Qəbələ rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən məktəblilər Qəbələnin tarixi abidələri, turizm obyektləri, mənzərəli guşələri, adət-ənənələri, eləcə də son illər inşa edilən istehsal müəssisələri və sosial obyektləri ilə tanış olublar.

Altı rayonu təmsil edən 210 nəfər məktəblinin Qəbələ ilə ilk tanışlığı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksindən başlayıb. Bölgənin ən çox turist qəbul edən bu obyekti ilə tanışlıq zamanı şagirdlərə kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xəttinin inşa olunduğu, 10 xizək yolundan 5-də tikinti işlərinin başa çatdığı, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranların açıldığı, bütün dağ-xizək trasının süni qaryağdıran generasiya sistemi ilə təchiz edildiyigün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsinin mümkünlüyü barədə məlumat verilib.

Sonra şagirdlər rayon tarix-diyarşünaslıq muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Onlara bildirilib ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixielmi əhəmiyyətə malik eksponat mühafizə olunur.

Heydər Əliyev Mərkəzini ziyarət edən məktəblilər burada Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar.

Beltmannpiano fabrikində istehsal prosesi ilə yaxından tanış olan tur-aksiyanın iştirakçılarının diqqətinə çatdırılıb ki, müəssisədə dünyada məşhur olanBeltmann” markalı pianolar istehsal olunur.

Heydər Əliyev adına Konqres Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, 1200 yerlik mərkəz üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoraninzibati otaqlar yerləşir. Çoxfunksiyalı konfrans zalı isə ikinci mərtəbədədir. Konfrans zalı qısa müddətə başqa məqsədlər - konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir.

Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “CotariAlban kilsəsinə böyük maraqla baxıblar. Məlumat verilib ki, kilsə tarixi baxımdan ən qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Həmçinin şagirdlər Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə tanış olublar.

Şagirdlər Qəbələyə səfərlərinin sonunda beşulduzluQafqaz Riverside”, “Qafqaz Yeddi gözəl” otelləri, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti, eləcə də Nohur gölü ilə tanış olub, istirahət edib, əylənib və xatirə şəkilləri çəkdiriblər.

Sonda məktəblilər səfər zamanı qədim və müasir Qəbələ şəhərini heyranlıqla seyr etdiklərini bildirib, xoş təəssüratlarla Şəki şəhərinə yola düşüblər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 19 noyabr.- S. 11.