Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyi Suraxanıda qeyd edilib

 

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23 illiyi partiyanın Suraxanı rayon təşkilatının qərargahında qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edərək YAP-ın yaranma tarixi, keçdiyi şərəfli yolbu gün qazandığı möhtəşəm nailiyyətlər haqqında danışıb. Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi xarakterini izah edən Əli Əhmədov vurğulayıb ki, Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi. Belə bir vəziyyətdə Azərbaycanın xilası yolunu ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən ziyalılar Ulu Öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.

Bildirilib ki, Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub. YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan hazırda regionun lider dövlətidir. Ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqeyini ciddi şəkildə möhkəmləndirib. Azərbaycan neçə ildir ki, bölgənin lideri statusunu daşıyır və bu statusu heç zaman əlindən verməyəcək. “Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsini sübuta yetirən ciddi misallar gətirmək olar. Bir neçə il əvvəl ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi gənc ölkənin xarici siyasətinin və ümumilikdə dövlətin həyata keçirdiyi siyasətin uğurundan xəbər verir. Azərbaycanın həyatındakı dəyişikliklər, ölkənin inkişafı davamlı olacaq”, – deyə YAP sədrinin müavini qeyd edib.

Sonra çıxış edənlər Yeni Azərbaycan Partiyasının 23 il ərzində keçdiyi şərəfli yola nəzər salıb, YAP-ın fəaliyyətinin hər bir Azərbaycan vətəndaşında qürurverici amil olduğunu bildiriblər.

YAP-ın yaranmasının 23 illiyinə həsr olunmuş toplantının sonunda partiya həyatında fəallığı ilə seçilən bir qrup gəncə mükafatlar təqdim edilib.

Toplantıda YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, parlamentin komitə sədri Eldar İbrahimov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov da iştirak ediblər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 22 noyabr.- S. 5.