Ədliyyə işçilərinin peşə bayramı ərəfəsində hüquqşünas tələbələrlə görüş keçirilib

 

Hər il 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ədliyyə və məhkəmə orqanları tərəfindən qeyd olunur, bu münasibətlə silsilə tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbələri məhkəmə hakimiyyətinin özünüidarə orqanı olanbu il 10 illik yubileyi geniş qeyd edilən Məhkəmə-Hüquq Şurasına gələrək onun fəaliyyəti ilə yaxından tanış olublar.

Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a bildiriblər ki, tələbələrə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyiPrezident İlham Əliyevin rəhbərliyi ilə geniş vüsət alan məhkəmə-hüquq islahatları, bu sahədə qazanılan və beynəlxalq səviyyədə örnək göstərilən uğurlar barədə ətraflı məlumat verilib. Məhkəmə-Hüquq Şurasının, Hakimlərin Seçki Komitəsinin, ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti, o cümlədən müasir məhkəmə infrastrukturunun yaradılması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, hakimlərin şəffaf seçimi, gənclərin ədliyyə orqanlarında qulluğa qəbulu barədə məlumatlar maraqla qarşılanıb.

Dövlətimizin başçısının Şəkidə yeni Məhkəmə Kompleksində keçirdiyi müşavirə zamanı məhkəmə və ədliyyə sisteminin inkişafına dair tövsiyə və tapşırıqları, dövlət məmurlarının cəmiyyətdə davranışı ilə bağlı tələbləri gənclərin diqqətinə çatdırılaraq bu tələblərin gələcəyin hüquqşünas kadrları kimi onların da peşə fəaliyyətində vacib əhəmiyyət daşıyacağı vurğulanıb.

Həmçinin tələbələr Məhkəmə-Hüquq Şurasının müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş konfrans zalında Şuranın və Ədliyyə Nazirliyinin fəaliyyətinə həsr olunmuş filmləri izləyiblər. Hüquqşünas tələbələrə informasiya xarakterli bukletlər təqdim olunub, onların sualları cavablandırılıb.

Sonra hüquqşünas tələbələr Şurada ədalət mühakiməsinin tarixinə və ümummilli lider Heydər Əliyevin müasir məhkəmə sistemimizin yaradılmasında roluna həsr edilən “Azərbaycanın məhkəmə tarixi muzeyi” ilə tanış olub.

 

AZƏRTAC

 

Azərbycan.- 2015.- 24 noyabr.- S. 5.