Azərbaycanın beynəlxalq nüfuzu yüksəlir

 

Azərbaycanın ildən-ilə artan iqtisadi imkanları ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində də respublikamızın aparıcı rola malik olduğunu deməyə əsas yaradır. İqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların davam etdirilməsi, bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi respublikamızı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirir. Ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlir, dünya ictimaiyyəti respublikamızda həyata keçirilən islahatlar kursunun mahiyyəti ilə bağlı dolğun, hərtərəfli, obyektiv informasiya almaq imkanı qazanır.

Beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadigeostrateji maraqların ödənməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin olunması həyata keçirilən xarici siyasətin prioritet məqsədləridir. Azərbaycanın balanslı diplomatiya ilə dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdırması, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilməsi, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurması müsbət nəticələrin əldə olunmasını şərtləndirib. Prezident İlham Əliyev ötən 12 ildə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir. Son illər mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi, eyni zamanda qlobal əhəmiyyətli tədbirlərə ölkəmizin dəvət olunması Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir.

Bu günlərdə “Böyük İyirmilikin Antalya Sammitində, eləcə də UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda Azərbaycanın da təmsil olunması ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasını sübut edən amillərdəndir. Bu, həm də dünya miqyasında Azərbaycana verilən önəmin daha bir nümunəsidir. Dünya sənayesinin 85 faizini, ümumi daxili məhsulun 90 faizini, dünya ticarətinin 80 faizini təmsil edən “Böyük İyirmilik”ə daxil olan ölkələrin sırasında Azərbaycanın da yer alması iqtisadi potensialımıza verilən önəmin göstəricisidir. Cənub-Şərqi Asiya regionundan Avropaya qədər geniş bir ərazini əhatə edən iki böyük layihənin - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin və TACIS proqramının təşəbbüskarı və iştirakçısı kimi Azərbaycanın bu sammitdə iştirakı böyük əhəmiyyət kəsb edirdi. Azərbaycan iqtisadi potensiala malik ölkə və sabitlik adası kimi Qərbin, ümumiyyətlə, dünyanın diqqət mərkəzindədir və etibarlı tərəfdaş kimi regionla yanaşı, dünya iqtisadiyyatına da böyük töhfələr verir.

Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirakı beynəlxalq təşkilatlarla əməkdaşlığımızın mühüm göstəricisi kimi dəyərləndirilə bilər. Forumda Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi yüksək səviyyəli görüşlərdə Azərbaycanda multikulturalizmin inkişafı, ölkəmizin mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə verdiyi töhfələri diqqətə çatdırıb. UNESCO-nun xətti ilə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyəti də qeyd edilib. Ötən illər ərzində Azərbaycanın mədəniyyətlərarası dialoq üzrə üç dünya forumuna uğurla evsahibliyi etməsi xüsusi qeyd edilib və yaxın gələcəkdə BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumunun da təşkil ediləcəyi vurğulanıb. Prezident İlham Əliyev forumda Azərbaycan ilə UNESCO arasında uzun illər səmərəli uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib.

Ölkəmizdə aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə və mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Azərbaycan tolerantlıq ölkəsidir. Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri arasında tərəfdaşlıq və qardaşlıq ruhu yaratmaq məqsədilə səylər gündən-günə artırılır. Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədəki bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Prezident İlham Əliyev UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda bildirib: “Azərbaycan sivilizasiyalararası və mədəniyyətlərarası dialoqda çox fəal rol oynayır. Biz mədəniyyətlərarası dialoq mövzusunda keçirilən üç forumda UNESCO-nun rəsmi tərəfdaşımız olmasından və Azərbaycanın Şərq ilə Qərbin qovuşuğunda yerləşən, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən, lakin, eyni zamanda, dünyəvi cəmiyyəti və hökuməti olan, Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan bir ölkə kimi nadir rol oynamasından qürur hissi duyuruq. Biz bu çox əlverişli fürsətdən istifadə edərək insanları, sivilizasiyaları bir-birinə daha da yaxınlaşdırmağa çalışırıq”.

Bu gün monoetnik və işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada, ölkədə reallaşdırılmasına səy göstərilən istənilən ideya təkcə azərbaycanlıların deyil, digər milli azlıqların da maraqlarını özündə tam ehtiva edir. Yəni dövlətin hədəflədiyi hər hansı ideyaproqramlar etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə rəğmən, respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması da tolerantlığın bariz təzahürüdür. Dinietnik tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə, düşüncə arxetiplərimizi özündə ehtiva edən fəlsəfəmizdə başqa dinlərə, millətlərə dözümlü münasibət özünü yaşadır.

Prezident İlham Əliyev Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda bildirib: “Azərbaycanın 600-dən çox tarixi və memarlıq abidəsi erməni silahlı qüvvələri tərəfindən tamamilə məhv edilmişdir. Daxilində 40 min eksponat sərgilənən 22 muzey məhv edilmişdir. O cümlədən bizim tarixi irsimizə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır. Erməni işğalçıları tərəfindən 10 məscid yerlə yeksan olunmuşdur. Buna baxmayaraq, siz bu gün Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən bərpa olunmuş erməni kilsəsini görə bilərsiniz. Bu, multikulturalizmə olan yanaşmada bir fərqdir, bu, dini tolerantlığa olan yanaşmada bir fərqdir və bu, bir daha terrorizmin heç bir dinə, milli mənsubiyyətə aid olmadığını nümayiş etdirir.

İslamı terrorizmlə əlaqələndirmək tamamilə qəbuledilməzdir. Mən müsəlman ölkəsini, erməni terrorizmindən, işğalından, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən bir ölkəni təmsil edirəm. Əlbəttə ki, biz torpaqlarımıza qayıdacağıq, şəhərlərimizi bərpa edəcəyik, orada yeni məktəb və xəstəxanalar inşa edəcəyik, lakin tarixi abidələrimizi bərpa edə bilməyəcəyik. Ermənilər bizim tarixi irsimizi məhv ediblər, lakin onlar bizim iradəmizi, evlərinə geri qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin, Bakıda və Azərbaycanın digər şəhərlərində dünyaya gələn, öz tarixi torpaqlarını heç vaxt görməyən, lakin doğma torpaqlarına qayıtmaq üçün qəlbində böyük iradə ilə yaşayan insanların nəvə və nəticələrinin iradəsini məhv edə bilməzlər”.

Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin milli mədəniyyətin və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti müasir dövrün reallıqları ilə şərtlənir. Ölkəmiz müxtəlif dinlərin nümayəndələri arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edən çoxsaylı tədbirlər keçirir. Azərbaycan Prezidenti bu fikirdədir ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir. Dövlət başçısı total mədəniyyətin mütərəqqi cəhətlərinin mənimsənilməsi tərəfdarı kimi çıxış etməklə yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən millidini dəyərlərin qorunmasını da vacib məsələ kimi önə çəkir.

Azərbaycanda mövcud olan tolerantlıq, multikulturalizm, ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələr diqqət mərkəzindədir və nümunə kimi göstərilir. Bu gün Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş və təmsil olunduğu təşkilatların fəal üzvüdür. Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq qurandünyada gündən-günə nüfuzu yüksələn respublikamız ən qısa zamanda qarşıya qoyduğu bütün məsələləri həll edəcək.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 25 noyabr.- S. 8.