Milix Yevdayev: Azərbaycan bütün dünya üçün gözəl tolerantlıq nümunəsidir

 

Noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev din xadimlərinin və dini icma başçılarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə mükafatlandırılması haqqında Sərəncam imzalayıb. Beynəlxalq Tolerantlıq Günü münasibətilə Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix İlhananoviç Yevdayev Azərbaycanda multikulturalizm və konfessiyalararası münasibətlər ənənələrinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin bu Sərəncamını yüksək qiymətləndirən Milix Yevdayev bildirib ki, Azərbaycanın din xadimlərinin və dini icma başçılarının mükafatlandırılması Azərbaycan hökumətinin milli azlıqlara və dini icmalara dıqqət və qayğısının nəticəsidir. Azərbaycan hökuməti bütün dini konfessiyalar üçün bərabər şərait yaradıb.

Milix Yevdayev qeyd edib ki, yəhudilərin Azərbaycanda məskunlaşmasının 2000 ildən çox tarixi var. Ölkədə həmişə yəhudilərə doğma münasibət olub və həmin münasibət bu gündavam edir. Digər konfessiyaların nümayəndələri kimi yəhudi icmasının nümayəndələri də öz dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirirlər. Azərbaycanda antisemitizm əlamətləri heç vaxt müşahidə olunmayıb. Azərbaycan hökumətinin təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda müasir tələblərə cavab verən yeni sinaqoq binası inşa edilərək dağ yəhudilərinin ixtiyarına verilib. Yəhudi icmasının Azərbaycan parlamentindəki nümayəndəsi Yevda Abramov artıq üçüncü müddətə xalq deputatı seçilib.

M.Yevdayev bildirib ki, Azərbaycan bütün dünya üçün gözəl tolerantlıq nümunəsidir. Azərbaycan öz müsbət nümunəsi ilə müsəlmanların, yəhudilərin və xristianların sülh və qarşılıqlı hörmət şəraitində dinc yanaşı yaşamaq imkanlarını sübuta yetirir. ABŞ-ın Los-Anceles şəhərində çıxan ən böyük yəhudi nəşrlərindən biri olanJewish Journal” qəzetinin bir sıra nömrələrində bütün dünya ölkələrinə multikulturalizm və tolerantlıq nümunəsi ola biləcək Azərbaycan modeli barədə məqalələr dərc olunub. Həmin məqalələrdə Azərbaycanda və Los-Ancelesdə yaşayan yəhudilər arasında yaranan mehriban münasibətdən, Azərbaycanda tarixi tolerantlıq ənənələrindən, o cümlədən yəhudi icmasına göstərilən diqqət və qayğıdan söz açılır. Los-Ancelesdəki Sinay Sinaqoqunun baş ravvini Devid Volpinin başçılığı ilə bu yaxınlarda Bakıya səfər edən 50 nəfərdən ibarət nümayəndə heyətinin üzvləri vurğulayıblar ki, ölkəmizdə müxtəlif dinlərə, o cümlədən yəhudi icmasına göstərilən diqqət və qayğı bütün dünya üçün nümunəvi modeldir”.

Azərbaycanın İsveçdəki səfirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və İsveç Təhlükəsizlik Siyasəti və İnkişaf İnstitutunun (ISDP) təşkilatı dəstəyi ilə noyabrın 18-də StokholmdaMultikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Mutikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, AMEA-nın həqiqi üzvü Kamal Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç, BBMM-nin icraçı direktoru, professor Azad Məmmədov daxil olublar.

Çıxışını Azərbaycanda dağ yəhudilərinin gündəlik həyatına həsr edən Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə sinaqoq tikilərək dağ yəhudilərinə hədiyyə edilib. Antisemitizm təzahürləri bütün dünyanı bürüsə də, Azərbaycanda heç vaxt müşahidə olunmayıb. Hazırda Azərbaycanda 7 sinaqoq, iki yəhudi orta məktəbi, üç uşaq bağçası, “İşiva” adlı kollec fəaliyyət göstərir.

Azərbaycan nümayəndə heyəti Stokholma səfər çərçivəsində İsveç Rikstaqında (parlament) Sosial Demokrat, İsveç Demokratları, “Yaşıllar” və Xristian Demokrat partiyalarının bir qrup deputatı, İsveçin mədəniyyət və demokratiya naziri Alisa bax Kunke, habelə bu ölkədəki Azərbaycan diasporunun aparıcı nümayəndələri ilə görüşlər keçirib.

 

Azərbaycan.- 2015.- 26 noyabr.- S. 5.