Azərbaycan-Türkiyə əlaqələri hər sahədə genişlənir

 

Noyabrın 27-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdü. Görüşdə Azərbaycan-Türkiyə əlaqələri ilə yanaşı, son günlərdə Türkiyədə yaşanan olaylarla da bağlı fikir mübadiləsi aparıldı.

Milli Məclisin Sədri Oqtay Əsədov iki ölkə arasındakı əlaqələrdən geniş şəkildə danışmağa ehtiyac olmadığını dedi. Bildirdi ki, ölkələrimizin hər sahədə sərgilədiyi yüksək dostluq, qardaşlıq münasibəti bütün dünyaya bəllidir: “Təkcə bu il ərzində altı nəfər Türkiyə rəsmisi Azərbaycana səfər edib. Azərbaycan Prezidenti cənab İlham Əliyev cari ildə dörd dəfə Türkiyədə səfərdə olub. Bunlar əlaqələrimizin yüksək səviyyədə olduğunun göstəricisidir”.

O.Əsədov son dövrdə Türkiyədə yaşanan terror hadisələrinə də münasibət bildirdi. Onun sözlərinə görə, bunun nəticəsində hərbçilər və sıravi vətəndaşlar həlak olurlarbu hal Azərbaycanı çox narahat edir. Sədr, həmçinin Türkiyənin Rusiyaya məxsus döyüş təyyarəsini vurması ilə bağlı son günlərdə yaranan gərginliyə də toxundu. Güman edildi ki, bu gərginlik tez bir zamanda aradan qaldırılacaq. Bu məsələdə Azərbaycan tərəfi də lazım olan dəstəyi əsirgəməyəcək.

Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu nazir seçildikdən sonra ilk səfərini Azərbaycana etdiyini məmnunluqla xatırlatdı. O,

1 noyabr parlament seçkilərinin uğurla başa çatması üçün Azərbaycan hökumətini təbrik etdi. Bildirdi ki, seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbəsi Türkiyədə də coşqu ilə izlənildi. Bütün Türkiyə Azərbaycanda seçki prosesinin sağlamdemokratik prinsiplərə uyğun keçirildiyinə şahidlik etdi.

Türkiyədə də eyni anda keçirilən parlament seçkilərindən danışan nazir bundan sonra da yeni heyətlə birgə parlamentarilərin yüksək səviyyədə əməkdaşlıq edəcəklərindən əminliyini ifadə etdi. Dedi ki, Azərbaycan və Türkiyənin parlament üzvləri bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyirlər.

Görüş qarşılıqlı müzakirə əsasında davam etdirildi.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2015.- 28 noyabr.- S. 3.