Gürcüstandakı Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib

 

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfəri çərçivəsində oktyabrın 8-də Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olub. Muzeyin elmi işçisi Leyla Əliyeva bu mədəniyyət ocağının fəaliyyəti barədə nazirə ətraflı məlumat verib.

Sonra M.Cabbarov Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkədəki Azərbaycan icmasının üzvləri ilə görüşüb.

Səfir Azər Hüseyn M.Cabbarovun Gürcüstana səfərinin məqsədi barədə məlumat verib.

Nazir ölkəmizdə təhsil sistemində həyata keçirilən islahatların uğurlu nəticələrindən, Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsindəki əlaqələrdən danışıb.

Bildirilib ki, Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həlli ilə əlaqədar xüsusi layihələr hazırlanır.

Görüşdə ölkələrimiz arasındakı əlaqələrin inkişaf perspektivləri, Azərbaycan dilində olan məktəblərin Azərbaycan dili Azərbaycan ədəbiyyatı dərslikləri ilə təmin olunması, hər iki dili tədris edən müəllim kadrlarının hazırlanması s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan dünyanın bütün dövlətlərində yaşayan azərbaycanlıların mənəvi Vətənidir Gürcüstanda yaşayan soydaşlarımız da bununla qürur duyurlar.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Azərbaycan.- 2015.- 9 oktyabr.- S. 5.