İsrailin sabiq Prezidenti Şimon Peres ADA Universitetində mühazirə ilə çıxış edib

 

İsrail Dövlətinin sabiq Prezidenti Şimon Peres oktyabrın 2-də ADA Universitetinin tələbələri qarşısında mühazirə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə ADA Universitetinin rektoru Hafiz Paşayev sabiq Prezident Şimon Peresin həyat fəaliyyəti barədə qısa məlumat verib. Rektor universitetin fəaliyyəti, xüsusilə beynəlxalq əlaqələri haqqında da danışıb. Hafiz Paşayev Azərbaycan ilə İsrail arasında təhsil sahəsində əməkdaşlığın önəmini vurğulayıb.

Şimon Peres çıxışında altı il əvvəl Azərbaycanda olduğunu xatırladıb, ötən müddətdə ölkəmizdə xeyli inkişaf proseslərinin baş verdiyini vurğulayıb.

İsrailin sabiq Prezidenti dünyada cərəyan edən siyasi proseslərdən bəhs edib.

Tələbələrə müraciət edən Şimon Peres elmə, təhsilə yiyələnməyin önəmini qeyd edib, ölkənin inkişafının bu amilin sayəsində mümkün olduğunu diqqətə çatdırıb. Sabiq Prezident bir çox nailiyyətlərin məhz elmin, informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində əldə edildiyini bildirib. Gənc nəslin qarşısında duran bir sıra məsələlərə toxunan İsrailin sabiq Prezidenti hər bir gəncin ölkəsinin gələcəyi olduğunu vurğulayıb.

Sonra Şimon Peres tələbələrin suallarını cavablandırıb.

Sabiq Prezidentə xatirə hədiyyəsi təqdim edilib.

 

Azərbaycan.- 2015.- 3 oktyabr.- S. 7.