Bəzi qanunlara dəyişiklik edildi

 

Bu gün Milli Məclisin payız sessiyasının növbəti iclası keçirildi. Gündəliyə 34 məsələ daxil edilmişdi. Bunlar Azərbaycan Respublikası ilə digər ölkələr arasında imzalanan sazişlərin təsdiq edilməsi, eləcə də müxtəlif qanunlara edilən dəyişikliklər idi.

Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdəki məsələlərin müzakirəsinin vacibliyini bildirərək cari məsələlər üçün vaxt ayrılmasına ehtiyac olmadığını söylədi. Parlament birbaşa qanun layihələrinin müzakirəsinə başladı.

Müzakirəyə çıxarılan ilk məsələ “Azərbaycan Respublikasının Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi idi. Sənədlə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verərək bildirdi ki, Azərbaycan dövləti bir çox ölkələrlə belə sazişlər imzalayıb. Bu qəbildən olan sazişlər ölkələrin milli maraqlarına xidmət edir və qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır. Deputatlar sənədə müsbət rəy bildirdilər və qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Gündəliyin növbəti sənədi Azərbaycan Respublikası Hökuməti ilə Kanada Hökuməti arasında diplomatik missiyalar və konsulluq nümayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti arasında notalar mübadiləsi formasında sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi idi. Sənədlə bağlı məlumat verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, bu saziş çox vacib sənədlərdən biridir. Sazişə əsasən Azərbaycanın Kanadada və Kanadanın ölkəmizdəki diplomatik missiyalar və konsulluq nümayəndəliyinin əməkdaşı kimi rəsmi vəzifəni həyata keçirməyə təyin edilmiş əməkdaşlarının ailə üzvlərinə dövlət tərəfindən işləmək icazəsi veriləcək. Sənəd səsə qoyularaq qəbul olundu.

Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəlikdəki növbəti 5 məsələ - “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında”, Azərbaycan Respublikasının İnzibati Xətalar, Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi Prezident İlham Əliyevin məktubu əsasında Milli Məclisə təqdim olunub.

Öncə “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verdi. Bildirdi ki, bütün düzəlişlər “Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Digər dəyişikliyə əsasən qaçqın statusu almış şəxs iş yeri və yaşayış yeri əldə edənədək, lakin 3 aydan artıq olmayan müddətdə Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada qanunsuz miqrantların saxlanılması mərkəzində könüllü yerləşdirilə bilər. Eyni zamanda Azərbaycanda müvəqqəti yaşamaq istəyən şəxsə qaçqın statusu verilməsi məsələsi həll edilənədək, onunla gələn ailə üzvlərinə qanunsuz miqrantların saxlanılması mərkəzində könüllü yerləşmək hüququ verilir.

Digər 4 məsələ ilə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov məlumat verdi. Bildirdi ki, 4 sənədə dəyişiklik də miqrant və qaçqın statusu almış şəxslərlə bağlıdır. Dəyişikliklərə əsasən Azərbaycanın hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzində yerləşən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də məcburi daktiloskopik qeydiyyatına alınacaqlar. Qanunun hazırkı maddəsində qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulmur.

Digər dəyişiklikdə isə göstərilir ki, Azərbaycanın hüdudlarından kənara məcburi çıxarma cəzasının icrasından yayınmaqla hökmün icrasından boyun qaçırdıqda və ya boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsas olduqda əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan qaydada tutulacaq və hökmün icrası təmin ediləcək. Həmin şəxslər məhkəmənin qərarı ilə müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdiriləcək.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsində isə göstərilir ki, Ombudsman aparatında Milli Preventiv Qrupu yaradılır və bu qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, habelə qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil ola bilər.

Göstərilən qanun layihələrinə edilən dəyişikliklər bir-bir səsə qoyularaq qəbul edildi.

“Dini etiqad azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni səlahiyyətlər verəcək. Sənədlə bağlı məlumat verən İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova qeyd etdi ki, adıçəkilən komitə bundan sonra nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcıların), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq yoxlamalar apara biləcək. Əvvəllər sözügedən materialların satışına icazə verən komitənin yoxlama aparma icazəsi yox idi. Eyni zamanda qurum müxtəlif dini qurumlar üçün mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün tədbirlər görəcək, ixtisasartırma kursları təşkil edəcək.

Qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev dəyişikliyi müsbət qiymətləndirdi. Eyni zamanda bildirdi ki, Azərbaycanda bəzi dini təşkilatlar siyasi açıqlamalar verirlər: “Onlar QHT-lərdir və nizamnamələrində siyasi məsələlərə müdaxilələri qanunla qadağandır. Qanuna əlavə və dəyişiklik edilməsini təklif edirəm ki, siyasi çıxışlar edən dini təşkilatların fəaliyyəti dayandırılsın. Onlar dini fəaliyyətdən çox siyasi fəaliyyətlə məşğul olurlar. Dini komitəyə səlahiyyət vermək lazımdır ki, sözügedən dini təşkilatlar barəsində ölçü götürülsün və fəaliyyəti dayandırılsın”. Qanun layihəsi deputatlar tərəfindən müsbət qiymətləndirildi.

“Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında isə parlamentin Mədəniyyət komitəsinin sədr müavini Rəfael Hüseynov məlumat verərək bildirdi ki, qanunun 14-cü maddəsinə edilən dəyişikliyə əsasən bundan sonra dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanından rəy alınacaq. Onun fikrincə, bu qanunda çevik dəyişikliyin olması qanunauyğundur: “Bəzən dini nəşrlərdən sui-istifadə halları olur. Mətbu nəşri təsis etmək istəyən hüquqi və fiziki şəxs nəşrin çapından 7 gün əvvəl müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etməlidir. Edilən dəyişikliyə əsasən dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyi sənədlərə əlavə olunmalıdır”. Bu layihə də səsə qoyularaq qəbul edildi.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov bildirdi ki, qanunun 5-ci maddəsinin 5.4.9-cu bəndinə belə bir əlavə edilir: “Nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüququ şəxslərin dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının rəyi olmalıdır”. Sənəd səsə qoyularaq qəbul olundu.

İclasda “Müflisləşmə və iflas haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri müzakirəyə çıxarıldı. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, bu 4 sənəd Prezident İlham Əliyevin bir məktubu əsasında təqdim olunub. Bu dəyişiklik “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” qanunlar arasında olan uyğunsuzluğu aradan qaldırmaq məqsədi daşıyır. Sənədlər bir-bir səsə qoyularaq qəbul edildi.

“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” qanununda dəyişiklik edilməsi barədə də məlumat verən Ziyad Səmədzadə dedi ki, qanunun 3-cü maddəsinə edilən yeni təklifə əsasən “Kiçik sahibkarlıq subyektləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq təsdiq edilən meyarlar əsasında müəyyənləşdirilir”. Deputatlar sənədə müsbət rəy bildirdilər.

İclasda eyni zamanda “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə də səsə qoyularaq qəbul edildi.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev isə “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verərək bildirdi ki, dəyişiklik elm və təhsil sahəsində inteqrasiyanı təmin etmək məqsədi ilə magistratura səviyyəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda da yaradılmasını nəzərdə tutur. O dedi ki, əvvəllər magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində yaradılırdı. Dəyişikliyə əsasən bundan sonra magistratura həm də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda da yaradılacaq.

Müzakirələrdə çıxış edən deputat, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirdi ki, artıq bu il dövlət başçısının dəstəyi ilə TQDK tərəfindən AMEA-da magistraturaya qəbul aparılıb və müxtəlif institutlarda tədris başlayıb: “Akademiyanın böyük elmi texniki bazası, laboratoriyası var və magistratura təhsilinə akademiya layiqincə töhfə verəcək. Təklif edirəm ki, “Təhsil haqqında” qanuna edilən bu dəyişiklik “Elm haqqında” qanuna da edilsin. Düzdür, “Elm haqqında” qanunda bu barədə bildirilib, amma bu o qədər də açıq və konkret qeyd edilməyib. Ona görə bu dəyişikliyin gələcəkdə müzakirəyə çıxaracağımız “Elm haqqında” qanuna da edilməsi zəruridir”. Qanun layihəsinə edilən dəyişiklik səsə qoyularaq qəbul olundu.

İclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi də müzakirə edildi. Deputat Rafael Cəbrayılov bildirdi ki, dəyişikliyə əsasən Azərbaycanda dövlət sirri ilə işləməyə icazəsi olmayanları bu sahədə vəzifəyə təyin edənlər cəzalandırılacaq. Məcəlləyə edilən əlavəyə əsasən, Azərbaycanda dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək cərimə ediləcək. Dəyişiklik səsə qoyularaq qəbul edildi.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi barədə də danışan Rafael Cəbrayılov bildirdi ki, dəyişikliklər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 2013-cü il 24 iyun tarixli Prezident sərəncamının “Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması qaydalarının hazırlanması” və “İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin məcburi müalicəyə cəlb olunması barədə” bəndlərinin icrası ilə əlaqədardır. Onun sözlərinə görə, bu düzəlişlər “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında” və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə də şamil olunub. Əsas məqsəd isə qanunların bir-birinə uyğunlaşdırılmasıdır.

Qanun layihələrinə təklif olunan düzəlişlərə münasibət bildirən deputat Elmira Axundova narkomaniyanı əsrimizin bəlası adlandırdı. Bu baxımdan da sözügedən düzəlişlərin tətbiq edilməsini çox mühüm və aktual məsələ kimi qiymətləndirdi.

Qanun layihələrinin hər biri ayrılıqda səsə qoyularaq qəbul edildi.

Gündəlikdə duran “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsini də deputat Rafael Cəbrayılov təqdim etdi. Bildirdi ki, dəyişikliyə əsasən avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər 30 manatdan 50 manatadək, hüquqi şəxslər 100 manatdan 150 manatadək cərimə edilir. Bu dəyişikliklər İnzibati Xətalar Məcəlləsini “Yol hərəkəti haqqında” qanuna uyğunlaşdırmaq məqsədi ilə təklif olunur. Qanun layihəsi qəbul edildi.

Sonra Rafael Cəbrayılov “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 758 nömrəli qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim etdi. Bildirdi ki, dəyişiklik texniki xarakter daşıyır. Belə ki, Əsasnamənin müvafiq bəndində yer alan “xalq təhsili” sözləri “hüquq, təhsil” sözləri ilə əvəzlənib. Layihə səsə qoyularaq qəbul olundu.

“Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də iclasın gündəliyində müzakirəyə çıxarıldı. Rafael Cəbrayılov bildirdi ki, sözügedən qanuna təklif olunan düzəlişlər yeni deyil. Eyni dəyişiklik “Avtomobil yolları haqqında” qanuna da edilib. Qanuna təklif olunan dəyişikliklər həmçinin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 24 fevral tarixli qanunun tətbiqi ilə əlaqədardır. Sənəddə qeyd olunur ki, yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıdılması, habelə daş, çınqıl, qum və ot tökülməsi, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılması qadağandır. Eyni zamanda avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılması, habelə torpaq və çınqıl kütləsinin götürülməsi də yolverilməzdir.

Deputatlardan Elmira Axundova, İlyas İsmayılov, Muxtar Babayev və İlham Əliyev dəyişikliklərlə bağlı fikir və təkliflərini səsləndirdilər. Bildirildi ki, magistral yollarda yük daşıyan, oradan mal-qara keçirən vətəndaşlar arasında ciddi maarifləndirmə işləri aparılmalıdır. Təkliflərdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edildi.

İclasda “Polis haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsi də müzakirə olundu. Layihəni təqdim edən Rafael Cəbrayılovun sözlərinə görə, dəyişikliklər I Avropa Oyunları ərəfəsində qəbul edilən “Bədən tərbiyəsi və idman haqqında qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 28 aprel tarixli qanuna uyğunlaşdırma məqsədi daşıyır. Qanun layihəsi qəbul edildi.

Gündəlikdə olan digər məsələ “Özəl tibb fəaliyyəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihə idi. Layihə barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. Bildirdi ki, dəyişikliklərin məqsədi “Özəl tibb fəaliyyəti haqqında” qanunu “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna uyğunlaşdırmaqdan ibarətdir. Deputat Əhliman Əmiraslanov dəyişikliklərin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Layihə səsə qoyularaq qəbul edildi.

İclasda “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Milli arxiv fondu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakirəyə çıxarıldı. Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rəfael Hüseynov qeyd etdi ki, sözügedən qanun layihələrinə mahiyyət etibarı ilə eyni düzəlişlər edilib. Belə ki, müvafiq bəndlərdə “Milli Elmlər Akademiyası” “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat”la əvəzlənib. Layihə qəbul edildi.

İclasın gündəliyində olan sonuncu məsələ “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi idi. Qeyd edildi ki, nəzərdə tutulan dəyişikliklər “İnzibati icraat haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi ilə əlaqədardır.

Qanun layihəsi də səsə qoyularaq qəbul edildi və bununla da Milli Məclisin plenar iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV,

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2015.- 7 oktyabr.- S. 8.