Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə inkişaf edir

 

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili oktyabrın 19-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, ölkələrimiz arasında nümunəvi əməkdaşlıq mövcuddur.

Xalqlarımızın əlaqələrinin yüksək dostluq münasibətləri əsasında davam etdiyini bildirən Baş nazirin müavini görüşdə müzakirə olunan məsələlər barədə danışarkən ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı ətraflı müzakirələrin aparıldığını vurğulayıb. O deyib: “Bir daha hər iki ölkənin ərazi bütövlüyü suverenliyinə qarşılıqlı hörməti ifadə etdik. Siyasi dialoqun davam etdirilməsi prosesinə strateji əməkdaşlığa sadiqliyimizi bildirdik”, - deyə G.Kvirikaşvili əlavə edib. O vurğulayıb ki, ikitərəfli münasibətlərdə əsas sahələrdən biri kimi enerji əməkdaşlığını xüsusi qeyd etmək olar: “Gürcüstan Azərbaycanın əsas enerji istehlakçılarından biridir. Biz dəhliz rolunu oynayırıq. Nəqliyyat sahəsində əməkdaşlıqla dəhlizin daha nümunəvi işləməsi üçün səylərimizi əsirgəməyəcəyik”. Azərbaycanın Gürcüstanın etibarlı tərəfdaşı olduğunu deyən G.Kvirikaşvili birgə səylərlə daha yeni layihələrin icra ediləcəyinə əminliyini bildirib.

Azərbaycan ilə Gürcüstan arasında strateji əməkdaşlığın gündən-günə möhkəmləndiyini söyləyən nazir Elmar Məmmədyarov ölkələrimizin beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etdiyini bildirib. Nazir deyib ki, görüşdə enerji sahəsində əməkdaşlıq Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı məsələlər müzakirə edildi. Həmçinin iki dövlət arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan gürcü xalqlarının tarixi ənənəvi dostluq əlaqələrindən danışan nazir dövlət başçılarının nümayiş etdirdikləri siyasi iradəyə uyğun olaraq, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə davamlı şəkildə inkişaf etdiyini vurğulayıb. O, Azərbaycanın Gürcüstanın bir sıra irimiqyaslı enerji nəqliyyat layihələrınin reallaşmasında nümunəvi əməkdaşlığını qeyd edib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 20 oktyabr.- S. 2.