Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

 

Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin ostandarı İsmayıl Cabbarzadə ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayıb, onu muxtar respublikada görməkdən məmnunluğunu bildirib.

Şərqi Azərbaycan Vilayətinin ostandarı İsmayıl Cabbarzadə göstərilən səmimi münasibətə görə minnətdarlıq edib. Naxçıvanın inkişaf etdiyini müasirləşdiyini bildirən ostandar İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb, əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Ali Məclisin Sədri İranın Şərqi Azərbaycan Vilayətinə səfərini xatırladıb, ötən dövrdə əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini bildirib. Əlaqələrin inkişafında qarşılıqlı səfərlərin birgə səylərin vacibliyini vurğulayan Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi Azərbaycan Vilayəti arasında əlaqələrin bundan sonra da davam etdiriləcəyinə inamını ifadə edib.

Söhbət zamanı gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əli Əlizadə İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak ediblər.

 

Azərbaycan.- 2015.- 20 oktyabr.- S. 2.