ADA Universitetində “Azərbaycan - dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfrans keçirilib

 

Konfrans BMT-nin yaranmasının 70 illik yubileyinə həsr olunub

 

Oktyabrın 23-də ADA Universitetində BMT-nin yaranmasının 70 illik yubileyinə həsr olunan “Azərbaycan - dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans BMT-nin Azərbaycan nümayəndəliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, nümayəndəliyin digər tərəfdaşları ilə birgə təşkil olunub.

Konfransı açan ADA Universitetinin rektoru Hafiz Paşayev BMT-nin fəaliyyətindən, Azərbaycanın bu təşkilatla əməkdaşlığından danışıb. O, müstəqil Azərbaycanın 1992-ci ildə BMT-yə üzv qəbul olunduğunu xatırladıb.

BMT-nin nümayəndəliyinin Azərbaycanda fəaliyyətə başlamasının 20 illiyinin 2012-ci ildə ADA Universitetində qeyd olunduğunu bildirən Hafiz Paşayev Universitetin fəaliyyət göstərdiyi ilk günlərdən BMT-nin müxtəlif qurumları ilə yaxından əməkdaşlıq etdiyini vurğulayıb. Rektor 2014-cü ildə BMT-nin İnkişaf Proqramının baş inzibatçısının ADA Universitetində mühazirələr oxuduğunu, bu il isə təşkilatın Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi ilə Anlaşma Memorandumu imzalandığını diqqətə çatdırıb. O, yaxın vaxtlarda BMT-nin Əhali Fondu ilə anlaşma memorandumunun imzalanacağını da qeyd edib.

Xarici işlər naziri Elmar Məmmədyarov konfransda çıxış edərək BMT-nin ideallarının Azərbaycan xalqı və Hökuməti tərəfindən geniş dəstəkləndiyini və paylaşıldığını deyib. O bildirib ki, ötən 70 il ərzində BMT beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması, dövlətlər arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığa nail olunması kimi nəcib məqsəd uğrunda fəaliyyət göstərən universal təşkilat olaraq özünü qətiyyətlə formalaşdırıb. Lakin bu 70 il ərzində beynəlxalq təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə dəyişib. Təhdidlər daha mürəkkəb və bir-biri ilə əlaqəli olub. Beynəlxalq münasibətlərdə qüvvələr balansı da dəyişib. Dünya beynəlxalq təhlükəsizlik vəziyyətinin pisləşməsi və insan faciəsinin artması ilə üzləşməkdə davam edirbu problemlərin həlli BMT-dən böyük resurslar tələb edir. Bu, həmçinin üzv dövlətlər tərəfindən BMT-nin məqsəd və prinsiplərinin sədaqətlə həyata keçirilməsinə ehtiyac olduğunu göstərir.

Nazir bildirib ki, Azərbaycan BMT-nin Nizamnaməsinə qəti öhdəliyini davamlı şəkildə nümayiş etdirib. Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanmasında səylərin artırılması məqsədilə dünyanın müxtəlif hissələrində BMT-nin sülhməramlı əməliyyatlarına öz hərbi heyəti ilə töhfə verib. 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü dövründə Azərbaycan beynəlxalq hüququn məcburiliyini müdafiə edib və Şuranın fəaliyyətində aktiv iştirak edib.

BMT çərçivəsində müəyyən olunmuş inkişaf məqsədlərinə sadiq dövlət kimi Azərbaycan onları özünün milli məqsədlərinə daxil edibinkişaf sahəsində, xüsusilə sürətli və davamlı inkişafın, həmçinin universal orta təhsilin təmin olunması, kəskin yoxsulluq və aclığın aradan qaldırılması və gender bərabərliyinin təşviq edilməsində əhəmiyyətli nəticələr qazanıb. Azərbaycan Minilliyin İnkişaf Proqramının həyata keçirilməsində müstəsna nailiyyətlərinə görə 2015-ci il üzrə beynəlxalq “Cənub-Cənub” mükafatına layiq görülüb.

Diqqətə çatdırılıb ki, BMT agentlikləri ilə əməkdaşlıq şəraitində inkişafa hədəflənmiş proqramların hazırlanması və həyata keçirilməsi Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinin müvəffəqiyyətlə həyata keçirilməsini asanlaşdıran vacib amillərdən biri olub. “Biz BMT ölkələr qrupunun indiyə qədər Azərbaycana verdiyi töhfəni yüksək qiymətləndiririk və BMT sistemi, xüsusilə Minilliyin İnkişaf Məqsədlərindən başlayaraq Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinədək uğurları qoruyub saxlamaqda kömək edən BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycanda davamlı fəaliyyətini və Azərbaycana dəstəyini səbirsizliklə gözləyirik. Biz o fikirdəyik ki, BMT inkişaf agentlikləri, xüsusilə İnkişaf Proqramı ən yaxşı praktikiinnovativ ideyaları paylaşmaq üçün üzv dövlətlərdə fəaliyyətini və mövcudluğunu artırmalıdır. Bu baxımdan inanırıq ki, uğurla müzakirə olunmuş 2016-2020-ci illər üçün nəzərdə tutulan BMT-Azərbaycan Əməkdaşlıq Çərçivəsi sənədi Azərbaycan və BMT ölkələr qrupu arasında əsas milli inkişaf prioritetlərinin, eləcə də davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində gələcək əməkdaşlıq üçün yeni bələdçi rolunu oynayacaq”, deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.

Nazir əlavə edib ki, bütün nailiyyətlər BMT Nizamnaməsinin və bütövlükdə təşkilatın məqsəd və prinsiplərinə ciddi zərbə vuran Ermənistanın hazırda davam edən hərbi təcavüzü və işğalının ağır nəticələrinə baxmayaraq əldə edilib. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə cavab olaraq BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası bu işğal faktını pisləyən və Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti təsdiq edən qətnamələr qəbul edib. Bu qətnamələrin kağız üzərində qalması BMT-nin etimadlılığına xidmət etmir.

Azərbaycan BMT Nizamnaməsi, xüsusilə onun 51-ci maddəsi çərçivəsində təsbit olunmuş hüquqlarına zərər gəlmədən münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Ermənistan hökuməti dərk etməlidir ki, başqa bir dövlətin ərazilərinin hərbi işğalı həll yolu deyilonun mövcud status-kvoya arxalanması səhv, əks effektli və təhlükəlidir. Azərbaycan heç vaxt özünün ərazi bütövlüyünü, vətəndaşlarının təcavüz nəticəsində pozulmuş hüquq və azadlıqlarını güzəştə getməyəcək. Bütün bu problem və çətinliklərə baxmayaraq, Azərbaycan nikbindirBMT-nin məqsəd və prinsiplərinə sadiq qalır.

Sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk və BMT İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun direktor müavini Oliver Adam çıxış ediblər.

Konfransda BMT-nin 70 illik yubileyi ilə əlaqədar oktyabrın 24-dən buraxılacaq poçt markasının təqdimatı olub.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 24 oktyabr.- S. 4.