Ömrün bəyaz zirvəsi

 

Saat, gün, ay, il, əsr - hamısı vaxt, zaman ölçüləridir. Bizdən asılı olmayaraq çay tək axıb gedirlər. Məşhur filosoflardan birinin dediyi kimi, axan eyni suya iki dəfə girmək mümkün deyil. İnsan ömründən keçib gedən hər an da bunun kimidir. Onu nə geri qaytarmaq, nə də əvəz etmək mümkündür:

Saata baxıram, fırlanır əqrəb.

Əqrəblə fırlanır ömür də, gün də.

Yenə qayıtsa da əqrəb yerinə,

Qayıtmır keçən gün insan ömründə.

Ağıllı, müdrik adamlar vaxtı qızıldan da qiymətli bilib, onu yelə verməyiblər. Ürəklərində təpər, dizlərində taqət var ikən gecəli-gündüzlü çalışıb vuruşublar ki, həyatda özlərindən sonra əməli, izi, sözü qalsın. Azərbaycan ədəbi ictimaiyyətinin yaxşı tanıdığı İmamverdi Əbilov da belə insanlardan, şəxsiyyətlərdəndir. Adı çəkiləndə ilk olaraq mərd, düz və duz-çörəyə yüksək qiymət verən, haqqı-ədaləti həyat amalına çevirən nurani, müdrik bir ziyalı, ağsaqqal canlanır gözlərimiz qarşısında. Bütün bunlar isə böyük Yaradanın ona səxavətlə bəxş etdiyi fitri istedadın inikasıdır. Lakin belə bir deyim də var: “Zəhmət istedadın lampasına neft tökür”. İmamverdi müəllim elə xoşbəxt insanlardandır ki, bu iki keyfiyyətin, məziyyətin vəhdətini özündə cəmləşdirərək ədəbiyyatın çətin, ziddiyyətli yollarında hec vaxt yol ayırıcında qalmamış, qəlbinin hökmü, ağlının məntiqi ilə həmişə irəliyə getmiş, sayılıb-seçilmişdir.

Bəxti hələ yeniyetməlik vaxtlarında - Buzovna Pedaqoji Texnikumunda oxuyarkən üzünə gülmüşdü. Xalq şairi Səməd Vurğunla tələbələrin görüşü zamanı qəlbəyatan mülayim səslə etdiyi çıxışı və sonda isə dediyi şeir S.Vurğunun xoşuna gəlir. Deyir ki, bir yana getməsin, tədbirin sonunda onunla görüşəcək. Sonralar - 1948-ci ildə gənc İmamverdi Yazıçılar İttifaqına gəlir ki, Səməd Vurğunun qəbuluna düşsün. Məmməd Rahimin içəridə olduğunu bilib foyedə gözləyir. Unudulmaz şairlə görüşə digər bir gənc və çəlimsiz oğlan da gəlmişdi. Onlar burada söhbətləşib tanış olurlar. O, hələ cavan yaşlarından öz fəlsəfi fikirləri ilə zaman-zaman xalqımızın başına gələn müsibətləri, sovetlər birliyi dövrünün problemlərini heç nədən çəkinmədən, vətəndaşlıq mövqeyi, ürək yanğısı ilə qələmə alan Bəxtiyar Vahabzadə idi. Həmin tanışlıq zaman keçdikcə əqidə, məslək dostluğuna çevrilir.

İ.Əbilov pedaqoji texnikumu bitirdikdən sonra bir müddət Neftçalada müəllimlik edir. Həmçinin işləyə-işləyə ali təhsil alır. Bacarığını, istedadını görüb onu əvvəlcə komsomol, sonra isə partiya işinə irəli çəkirlər. Lakin hiss edir ki, onun müəyyən tədbirlərdə, iclaslarda baş verən hadisələrə düzgün, obyektiv münasibəti özündən yuxarıda oturanların xoşuna gəlmir. Elə buna görə də Neftçala Rayon Partiya Komitəsində ikinci katib vəzifəsində işləyərkən ərizə yazıb tutduğu vəzifədən azad olunmasını xahiş edir. “Ziyanın yarısından qayıtmaq da xeyirdir” - deyib yenidən pedaqoji fəaliyyətə başlayır və bütün əmək fəaliyyəti dövründə bu peşəyə sadiq qalır. Üstəlik, böyük şövqlə ədəbiyyatla məşğul olaraq elmi, bədii, publisistik məqalələr yazır.

Ədəbi fəaliyyətə keçən əsrin 40-cı illərindən başlayan İ.Əbilovun ilk şeiri 1944-cü ildə “Bolşevik” qəzetində dərc edilir. Lakin vaxt keçdikcə poeziyanı çox sevməsinə baxmayaraq bədii tənqidə üstünlük verir, mətbuatda müntəzəm olaraq elmi-bədii məqalələrlə çıxış etməyə başlayır. Nəzəriyyələri, tənqidi yanaşmaları ilə ədəbiyyatşünaslıq elmində yeni fikirlərini, baxışlarını bildirir, öz sözünü deyir. 1960-cı ildə poeziyamıza yenilik gətirən fikir, ideya şairi Rəsul Rza haqqında ilk kitabını kütləvi tirajla nəşr etdirir. 1970-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyalarını müdafiə edən İmamverdi müəllim bu gün professordur. Ənənə və novatorluq, şeirimizdə forma axtarışları, epik janrın imkanları, uşaq ədəbiyyatı, lirik əsərlərin növləri, ədəbiyyat və tərbiyə haqqındakı sanballı əsərləri həmişə aktual, müasirdir. O, indi də dövri mətbuatda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı haqqında dəyərli elmi məqalələrlə çıxış edir.

Ədəbi ictimaiyyət İmamverdi müəllimi mülayim, xoşrəftar olduğu qədər də prinsipial, fikrində qəti olan bir insan kimi tanıyır. Mərhum akademik Bəkir Nəbiyev “El ağsaqqalı, elm fədaisi” kitabında yazır: “1972-ci ildə Yazıçılar İttifaqının Salyanda keçirilən səyyar plenumunda çıxış edən İmamverdi Əbilov Azərbaycanda uzun illərdən sonra Əli bəy Hüseynzadə barədə danışan ilk ziyalılardandır... Rəsmi bir iclasda İmamverdi müəllim Əli bəy Hüseynzadənin adını böyük ehtiramla xatırlatdı, bu sahədə ilk mərdanə addım atdı”.

Sözügedən plenumun digər bir iştirakçısı, xalq şairi Söhrab Tahir isə “Ədəbiyyat qəzeti”ndə dərc etdirdiyi “Mən sənə Təbrizdən baxıram” məqaləsində İ.Əbilovun həmin çıxışı haqda xatirələrini belə qələmə alıb: “1972-ci il idi. Salyanda Yazıçılar İttifaqının plenumu keçirilirdi. Özü də bu, elə-belə plenum deyildi, dövlət işçiləri, ətraf rayonların birinci katibləri də dəvət olunmuşdular. O vaxta qədər Əli bəy Hüseynzadəni cəmiyyətdə turançı kimi, Türkiyəyə mühacirət etmiş bir ideoloq kimi tanıtdırdılar. Akademiyada elmi işçilər vaxtaşırı olaraq onun əleyhinə yazırdılar... Plenumda o vaxt nisbətən gənc olan İmamverdi Əbilova söz verildi. İlk cümləsini olduğu kimi xatırlayıram: “Mənim əzizlərim, - dedi, - siz Əli bəy Hüseynzadənin vətəninə xoş gəlmisiniz!” Onun bu ilk cümləsinə hamı məəttəl qaldı. Mən də heyrətlənmişdim... Hamı altdan-altdan bir-birinə baxırdı ki, kim bu nitqin cavabını verəcək. Salona qəribə bir sükut çökmüşdü və qəfil elə bil partlayış oldu. Uzun sürən alqış başlandı. Salyanlılar uzun illərdən sonra ilk dəfəydi ki, Əli bəyin adının belə ehtiramla çəkilməsini alqışlayırdılar. Mən həmin gündən İmamverdi müəllimin ayıq milli şüuruna hörmət etməyə başladım”.

Belə misallardan çox çəkmək olar. Elə buna görə də ölkəmizin tanınmış şair və yazıçıları, elm xadimləri, incəsənət ustaları vaxtaşırı olaraq İmamverdi müəllimin Neftçaladakı sadə evində qonaq olmuş, onunla ədəbiyyatımızın dünəni və bu günü haqda maraqlı söhbətlər etmişlər. Həmin şəxsiyyətlərdən dünyasını dəyişənlər də var, sağ qalanlar da. Onların hər birinin İmamverdi müəllim haqqında yazdığı xoş, səmimi sözlər professorun zəngin kitabxanasında bu günədək qorunub saxlanılır. Səməd Vurğun, Rəsul Rza, Yusif Məmmədəliyev, Mustafa bəy Topçubaşov, Mehdi Hüseyn, Süleyman Rəhimov, Mirzə İbrahimov, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk... kimlər yoxdur həmin qonaqların, dostların, qələmdaşların arasında... Belə söz, elm korifeyləri görüşləri, məktublaşmaları, səmimi ünsiyyəti, dostluq əlaqələri İmamverdi müəllimi ədəbiyyatımızın canlı salnaməsi etmişdir. Təsadüfi deyil ki, o, çağdaş dövrdə memuar və epistolyar janrın yaradıcı şəkildə inkişafında rolu olan qələm sahibidir.

İ.Əbilov respublikamızın ictimai-siyasi, mədəni həyatında həmişə yaxından iştirak etmişdir. Yazıçılar İttifaqının qocaman üzvü İmamverdi müəllim müxtəlif vaxtlarda Azərbaycan yazıçılarının II-XI qurultaylarında iştirak etmiş, VIII qurultayda təftiş komissiyasının, IX qurultayda isə idarə heyətinin üzvü seçilmişdir. Bununla bərabər o, 1946-cı ildə Azərbaycan müəllimlərinin müharibədən sonra keçirilən ilk, sonra isə bütün qurultaylarına nümayəndə seçilmişdir. “Bilik” Cəmiyyətinin Azərbaycanda ilk üzvlərindən biri olan İ.Əbilov həmin ideoloji qurumun 1964-cü ildə keçirilən III, 1968-ci ildə isə IV qurultaylarında çıxış etmişdir. 1988-ci ildə Moskvada keçirilən Ümumittifaq təhsil işçilərinin qurultayında, 1989-cu ildə isə Pedaqoji cəmiyyətlərin təsis konfransında (Moskva) həlledici səslə nümayəndə olmuşdur. Azərbaycan Ağsaqqallar Şurasının I təsis və sonrakı, eləcə də Türk Yazarlarının III Ümumdünya qurultaylarına nümayəndə seçilmişdir. İ.Əbilov 1985-ci ildə SSRİ-nin “Maarif əlaçısı”, 1990-cı ildə isə Krupskaya adına mükafata layiq görülmüşdür. Publisistik əsərlərindən bəzi nümunələri orta məktəblərdə tədris olunan “Ailə” dərsliyinə daxil edilmiş İmamverdi Əbilov müxtəlif illərdə Moskvada, Tehranda, Bağdadda, Zaqafqaziya respublikalarının paytaxtlarında keçirilən elmi simpozium və konfranslarda respublikamızın elmi-ədəbi ictimaiyyətini təmsil etmişdir. Yeni dərsliklər yaradılması üzrə komissiyanın üzvü olan İ.Əbilovun respublikamızın və keçmiş İttifaqın bir sıra mətbu orqanlarında elmi, ədəbi, nəzəri, pedaqoji məsələlərdən bəhs edən 700-dən artıq məqalə və resenziyası dərc olunmuşdur.

İmamverdi müəllim “Rəsul Rza”, “Siyasi lirikanın tədrisi”, “Könül dünyamıza səyahət”, “Xatirələr işığında”, “Uzaq keçmişimizdən uzaq gələcəyə”, “Şəhidlər mehrabı, rəhmət duası”, “Ömrün anları”, “Əsirlər... Nəsillər... Əməllər”, “Ağsaqqal ləyaqəti”, “Ömrün dan qızartısından qurub şəfəqlərinədək...”, “Zamanla vaxt arasında”, “Xalqa xidmət el məhəbbətinə körpüdür”, “Təbiətin və təfəkkürün möcüzəsi”, “Ağsaqqal ömrü” və digər kitabların müəllifidir. “Vektor” Nəşrlər Evi 2006-cı ildən alimin çoxsaylı yaradıcılığını əhatə edən əsərlərinin 15 cildliyinin nəşrinə başlamışdır. Uğurlu elmi fəaliyyətini nəzərə alan Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyası 2006-cı ildə onu akademiyanın üzvü seçmişdir. İmamverdi müəllim Azərbaycanın, eləcə də xarici ölkələrin yüksək mükafatları ilə təltif edilmişdir. O, respublikanın əməkdar müəllimi, Prezident təqaüdçüsüdür.

Ömrünün 88-ci ilini yaşayır müdrik el ağsaqqalı, cəfakeş alim. Bu uzun keşməkeşli yollarda həyat onu çox sınaqlara çəkib, ömür-gün yoldaşını əlindən alıb. Buna baxmayaraq ömrünün bu bəyaz çağında da yazıb-yaradır. Amma rahatsızdır, özünün dediyi kimi, sürüşkən, bu ğunu dünəninə kəm baxan, salam verməyən, müharibə və münaqişələrin baş alıb getdiyi, qamış başı kimi külək haradan əssə, o istiqamətə əyilən, bu səbəbdən də cənnət Qarabağın taleyini düyünə salan, müşkülə çevirən dövran üçün... Bizdən sonra qalan dünyamızı qalsız-qadasız, qansız-davasız görmək istəyir, insanları sülhə, ədalətə, mərhəmətə çağırır Hacı İmamverdi Əbilov.

 

Seyran CAVADOV,

 

Azərbaycan.- 2015.- 2 sentyabr.- S. 6.