“Azərbaycan”ın fəal və fədakar mühərriri

 

“Azərbaycan” qəzetini (1918-1920) Azərbaycan Xalq Cümhuriyyətinin canlı salnaməsi, ensiklopediyası, yaxud bir dövlətin tarix kitabı adlandıranlar yanılmırlar. Cəmi 23 ay mövcud olmuş Şərqin ilk demokratik dövlətinin, parlamentli respublikanın süqutundan sonra sovet rejiminin və bolşevik ideologiyasının rəhbərləri Azərbaycan Xalq Cümhuriyyətini mənbələrdən, məxəzlərdən, yaddaşlardan silmək üçün bütün vasitələrdən istifadə etdilər və nə yaxşı ki, arzularına çatmadılar. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varlığını yaşadan, onun ictimai-siyasi, ədəbi-mədəni həyatını özündə əks etdirən, dövrün tam mənzərəsini, cərəyan edən bütün prosesləri canlandıran mötəbər istinadgahlardan biri, bəlkə də birincisi “Azərbaycan” qəzetidir.

Şəfi bəy Rüstəmbəyli, Ceyhun bəy Hacıbəyli, Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahimin redaktorluq etdiyi “Azərbaycan” qəzetinin səhifələrində XX əsrin əvvəllərində milli-ictimai fikrin ən görkəmli nümayəndələrinin, qüdrətli qələm sahiblərinin bədii, publisistik yazıları dərc olunurdu: Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy və Ceyhun bəy Hacıbəyli qardaşları, Cəfər Cabbarlı, Şəfi bəy Rüstəmbəyli, Əhməd Cavad, Məhəmməd Hadi, Əliabbas Müznib, Xəlil İbrahim, Məmməd Sadıx Axundzadə, Seyid Hüseyn, Əmin Abid, Əli Yusif, Əli Şövqi, Yusif Vəzir, Fərhad Ağazadə, Abdulla Şaiq, Seyid Hüseyn, Abbas Səhhət, Adil xan Ziyadxanov, Hacı İbrahim Qasımov, Məhəmməd ağa Şahtaxtlı, Şəfiqə Əfəndizadə və o dövrün tanınmış digər xadimlərinin, şair, yazıçı və publisistlərinin qəzetlə əməkdaşlığı “Azərbaycan”ın nüfuzunu daha da artırırdı. Onların ölkəmizin tarixinə, mədəniyyətinə, mövcud ictimai-siyasi vəziyyətinə, cümhuriyyətin həyata keçirdiyi islahatlara və qarşıda duran vəzifələrə dair silsilə məqalələri böyük maraq oyadır, cəmiyyəti düşündürən məsələlər ətrafında ictimai rəyi formalaşdırır və milləti yeni dövlət quruculuğuna səfərbər edirdi. Qəzetin səhifələrində erməni-daşnak qulduru Andronikin Zəngəzur, Naxçıvan və Qarabağda Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, vəhşiliklər, Ermənistan Respublikası ərazisində yaşayan azərbaycanlıların acı taleyi, onların kütləvi surətdə məhv edilməsi və ata-baba torpaqlarından qovulması haqqında materialları bu gün də nankor qonşulara qarşı nifrətsiz oxumaq mümkün deyil.

Yuxarıda deyilənlər müasir dövrdə - sədd-sərhəd tanımayan qloballaşmanın bütün dünyanı ağuşuna aldığı, milli-mənəvi dəyərlər üçün real təhlükə yarandığı, başqa dövlətlər tərəfindən şirnikləndirilən, onların himayəsi ilə Azərbaycan ərazilərini işğal altında saxlayan, azərbaycanlılara qarşı ağlasığmaz vəhşiliklər törədən mənfur ermənilərin daha da azğınlaşdığı bir şəraitdə “Azərbaycan” qəzetinin tədqiqinin, onun ideyalarının xüsusilə aktual və əhəmiyyətli olduğunu deməyə əsas verir. Biz bu yolla gündən-günə qüdrətini artıran müstəqil Azərbaycanın uğurlarını daha da artırmağa, demokratik dəyərlərin cəmiyyət həyatının bütün qatlarına sirayət etməsinə, möhkəmləndirilməsinə, gənclərin milli istiqlal, müstəqillik idealları ilə tərbiyəsinə yardım etmiş olarıq...

Qori Müəllimlər Seminariyasında təhsil aldığı illərdə (1895-1900) Fərhad Ağazadə dərslərinə münasibətinə, nümunəvi tərbiyəsinə görə fərqlənir və təsadüfi deyil ki, onun şəxsi işinə tikilmiş anketində ünvanına bu sözlər yazılır: “ciddi, səyli, bacarıqlı, nəzakətli”. Sonrakı illərdə çoxşaxəli, zəngin, faydalı və fədakar fəaliyyəti onun adını XIX əsrin sonu, XX əsrin əvvəllərində xalqımızın tarixində və taleyində misilsiz xidmətlər göstərmiş xadimlərlə bir cərgədə əbədi olaraq Azərbaycan tarixinə həkk etdirdi...

Fərhad Ağazadənin (1880 Şuşa, 1931 Bakı) həyatı, pedaqoji fəaliyyəti və görüşləri, latın əlifbası uğrunda mübarizəsi, dərs vəsaitləri, proqramları, mətbuat tarixi ilə bağlı araşdırmaları, dilimizin saflığı sahəsində coşqun fəaliyyəti, bir sıra görkəmli xadimlərin, xüsusilə Firidun bəy Köçərli, Həsən bəy Zərdabinin ömür yolu, yaradıcılığı haqqında qələmə aldıqları tanınmış tədqiqatçılar, publisistlər tərəfindən kifayət qədər öyrənilmiş, dəyərləndirilmişdir. Əjdər Ağayev, İsaxan İsaxanlı, Abdulla Abdullayev, Əlövsət Abdullayev, Hüseyn Həşimli, Aybəniz Əliyeva, Səadət Həlatai, Nazif Qəhrəmanlı, Nailə Səmədova, Təyyar Salamoğlu, Akif Aşırlı... kimi araşdırmaçılar ya bütünlüklə F.Ağazadənin bu və ya digər sahədəki fəaliyyətini ayrıca mövzu kimi işləmiş, ya da hansısa bir problemin öyrənilməsi prosesində onun irsindən müvafiq materialı da tədqiqata cəlb etmişlər. Lakin təəssüflə demək lazımdır ki, gənc yaşlarından məktəb, maarif fədaisi kimi qələmə sarılan və dövrünün mütərəqqi mətbu orqanları ilə sıx əlaqə saxlayan, əməkdaşlıq edən Fərhad Ağazadənin məhsuldar, zəngin, eyni zamanda bugünlə səsləşən, aktuallığını və əhəmiyyətini zərrə qədər itirməyən irsi, xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinin canlı salnaməsi olan “Azərbaycan” qəzetindəki fəal və fədakar fəaliyyəti, publisistikası, demək olar ki, diqqətdən kənar qalmışdır: əsərlərinin biblioqrafik göstəricisi tərtib edilməmiş, toxunduğu problemlər mövzu, dil, üslub, sənətkarlıq məsələləri kontekstindən təhlil olunmamış, elmi-nəzəri baxımdan dəyərləndirilməmişdir. Bir sıra müəlliflər onun “Azərbaycan” qəzetindəki rolunu, məhsuldar fəaliyyət göstərdiyini vurğulamış, bir-iki məqaləsinin adını çəkməklə kifayətlənmişlər. Halbuki Fərhad Ağazadənin “Azərbaycan” qəzetindəki yaradıcılığı sistemli, ardıcıl və dərindən öyrənilməyə və mən deyərdim ki, hətta dissertasiya mövzusu kimi ayrıca işlənməyə layiqdir. Biz bir qəzet məqaləsinin imkanları çərçivəsində mahir publisistin “Azərbaycan” qəzetində dərc olunmuş “Fərhad Ağazadə”, “F.Ağazadə”, “Şərqli” imzalı yazılarına ümumi nəzər salmağa çalışacağıq.

Ən əvvəl qeyd etmək lazımdır ki, Fərhad Ağazadənin “Azərbaycan” qəzetində dərc olunmuş yazılarının mövzusu maraqlı, çoxşaxəli, zəngin və rəngarəngdir. Eyni zamanda, həmin nümunələr dil, üslub, sənətkarlıq nöqteyi-nəzərindən də diqqətçəkəndir, təqdirəlayiqdir. Məsələnin bu prizmadan araşdırılması həm də ona görə cəlbedicidir ki, məhz Fərhad Ağazadə dilimizin saflığı və əlifba islahatı sahəsindəki xidmətləri ilə çağdaş mədəniyyətimizin patriarxı Mirzə Fətəli Axundzadə ideyalarını yaşadan, onların həyata keçirilməsi üçün qətiyyətlə mübarizə aparan qələm əhlindən biri, bəlkə də birincisidir.

Görkəmli publisistin “Azərbaycan” qəzetindəki yazıları, demək olar ki, cəmiyyət həyatının bütün sahələrini əhatə edir və onları mövzu baxımından aşağıdakı kimi təsnif etmək olar:

- maarif, məktəb, təhsil problemləri - yeni tələblərə uyğun dərsliklərin, dərs vəsaitlərinin, proqramların hazırlanması, bu istiqamətdə islahatların həyata keçirilməsi zərurəti;

- ana dili, onun saflığı, dilimizin əcnəbi kəlmələrdən xilası, əlifba islahatı;

- milli istiqlal, milli dövlət quruculuğu, parlamentin fəaliyyəti;

- erməni vəhşiliyinin ifşası, başda qaniçən Andronik olmaqla erməni quldurlarının azərbaycanlılara qarşı törətdikləri zorakılıqlar, qətliamlar;

- mətbuat tarixi, mətbuatın cəmiyyət həyatında yeri, rolu, vəzifələri.

“Məktəb”, “maarif”, “təhsil” kəlmələrindən istifadə etmədən Fərhad Ağazadənin həyat yolundan, əqidə, amalından, elmi, pedaqoji, publisistik fəaliyyətindən söz açmaq mümkün deyildir. Onun istər çar Rusiyası, istər Azərbaycan Xalq Cümhuriyyəti və istərsə də sovet hakimiyyəti illərindəki fəaliyyəti dediklərimizə tutarlı əsasdır. Böyük maarif xadimi Qafqaz müsəlman müəllimlərinin Bakıda keçirilən birinci (1906), ikinci (1907) qurultaylarının təşkilatçılarından və fəal iştirakçılarından olmuş, qurultayın idarə heyətinin tapşırığı ilə beş nəfər müəllimlə birlikdə “İkinci il” dərsliyini tərtib və nəşr etdirmişdir (1908). Məktəblər üçün “Ədəbiyyat məcmuəsi” (1914) dərsliyinin müəllifidir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xalq Maarifi Nazirliyi nəzdindəki Əlifba komissiyasının işində yaxından iştirak etmiş, dövri mətbuatda mühüm ictimai-siyasi məsələləri çox sərrast şəkildə, vətəndaş mövqeyindən işıqlandıran yazıları çap olunmuşdur. 1922-ci ildə təşkil olunmuş “Yeni türk əlifbası komitəsi”nə üzv seçilən F.Ağazadə S.Axundzadə, M.Məmmədzadə ilə birlikdə “Yeni türk əlifbası” dərsliyini yazmış (1922), “Kommunist” və “Yeni yol” qəzetlərində, “Maarif işçisi”, “Yeni məktəb” jurnallarında məqalələr dərc etdirərək latın qrafikasının təbliği və tədrisi işində böyük xidmət göstərmişdir. “Nə üçün ərəb hürufatı türk dilinə yaramır?” (1922) əsəri əlifbanı dəyişmək uğrunda gedən mübarizənin tarixi haqqında zəngin məlumat verən dəyərli tədqiqatdır. Onun “Ərəb əlifbası türk dilinə niyə yaramır?”, “Yeni türk əlifbalarının unifikasiyası üzrə materiallar”, “Azərbaycanda yeni türk əlifbasının inkişafı və həyata keçirilməsi tarixi”, “Yeni türk əlifbasının tarixi” kimi əsərləri xüsusi əhəmiyyətə malikdir. Bunlardan başqa, F.Ağazadənin dilçiliyə aid “Türk-tatar dillərində səslərin nisbi münasibətini bilmək bizə nədən ötrü lazımdır?”, “Yazı qaydalarında mümkün ixtisarlar məsələsinə dair” və s. məqalələri var.

Yuxarıda qeyd etdiyimiz kimi, F.Ağazadə məktəb, maarif, təhsil, əlifba islahatı problemləri ilə bağlı “Azərbaycan” qəzetində də mütəmadi çıxış etmiş, dövrün ən aktual problemi ilə bağlı sanballı məqalələr qələmə almışdır. Onun “Azərbaycan” qəzetində silsilə məqalələr şəklində dərc etdirdiyi “Əlifba tarixində türklərin vəziyyəti” və “Dilimizin türkləşməyinə çarələr” (¹ 276, 278, 281, 294, 296, 302. 1919), eləcə də “Bakıda xalq məktəbi müdirlərinin yığıncağı” (¹ 66. 1918), “Maarif müfəttişlərinin yığıncağına dair” (¹ 79. 1919) kimi məqalələri bu qəbildəndir. “Vətənin gələcəyi müəllimdən, məktəbdən asılıdır” yazan Fərhad Ağazadə təəssüflə bildirirdi ki, “məktəbimizin halı çox pərişan olduğu üçün də müalicəyə möhtac bir çox dərdləri var”. Maarif fədaisi məktəbin, təhsilin problemlərini göstərməklə kifayətlənmir, onların həlli yolları haqqında təklif, tövsiyələrini də irəli sürürdü. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xaricə ali təhsil almaq üçün tələbə göndərmək təşəbbüsünü alqışlayan Fərhad Ağazadə “Azərbaycan” qəzetinin 1919-cu il tarixli 351-ci nömrəsində dərc olunmuş “Avropaya gedən tələbələrin Azərbaycana töhfələri” adlı məqaləsində gənclərə müraciətlə yazırdı: “Qardaşlar! Bu zikr edilmiş əsərlərdən bizə bir sovqat gətiriniz, qarınca kibi hər yerdən vətənimizə bir şey toplayınız. Bu şeyləri cəmləyib sonra mükəmməl tariximizi, ahəngli qəvaidəmizi, dəbdəbəli ədəbiyyatımızı yapaq, daha doğrusu, yenidən icad edək. İcad edib də mədəniyyətə doğru həvəsli bir millət olduğumuzu Avropaya sübut edək!”

Fərhad Ağazadə milli istiqlala qovuşan Azərbaycanın dövlət quruculuğunun möhkəmləndirilməsinə, islahatların həyata keçirilməsinə, məmurların və millət vəkillərinin öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinə qələmi ilə yardım edirdi. Publisistin “Azərbaycan” qəzetinin 2 aprel 1918-ci il tarixli 58-ci nömrəsində dərc olunmuş “Parlamandan nə tələb olunur” adlı yazısı bu baxımdan diqqət çəkir. O, parlamenti nəzərdə tutaraq yazır: “Bu, müqəddəs bir yerdir ki, orada millətin dərdi, vətənin haləti müzakirə olunub çarələri üçün də tədbirlər ittixaz (qəbul edilmə - T.A.) olunacaq. Məbuslar arasında bəliğ və uzun-uzadı nitq söyləyənlər də az deyil, lakin onlardan millət naminə rica olunur ki, fəsahət və bəlağət qabiliyyətlərini və natiqlik məharətlərini sair “əsari-nəfisə” məclislərinə buraxıb parlamanımızda ancaq dərdlərimizdən danışsınlar, onlara əlaclar tapsınlar. Bunların hamısından məclis xitaməirdikdə millətimiz məbuslarımızdan nə iş gördüklərini tələb edəcək. Bu, gərək hər bir qədəmdə, hər bir hərəkətdə məbusların yadından çıxmasın. Məbusların görəcəkləri iş hədsiz və hesabsızdır”. Yaxud, “Türk şüərası və istiqlal” adlı yazısında (¹ 190, 28 may 1919) Fərhad Ağazadə istiqlalın minlərcə şəhidin qanı bahasına başa gəldiyini, hürriyyətin alındığını, millətin azad nəfəs almağa başladığını yazır və istiqlal sevdasının daim çoxalmasını arzulayır.

Erməni vəhşiliyinin ifşası, xüsusilə ermənilərin 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində xalqımıza qarşı törətdiyi zorakılıqlar “Azərbaycan” qəzetinin, o cümlədən Fərhad Ağazadənin müraciət etdiyi mövzulardandır. “Ermənilər” (25 sentyabr 1918), “Andronik nə istəyirmiş” (¹ 68, 19 yanvar 1919) və bu qəbildən olan digər yazılarında F.Ağazadə azərbaycanlıların qanına susamış erməni quldurlarının Qarabağda, Zəngəzurda, Azərbaycanın digər bölgələrində törətdikləri vəhşiliklərdən, talanlardan, eyni zamanda xalqımızın igid, vətənpərvər övladlarının da onlara layiqli cavab verdiyindən, Bakının daşnak-bolşevik quldurlarından azad ediməsindən geniş bəhs edir.

Tədqiqatçı-publisist Fərhad Ağazadənin yaradıcılığında mətbuatla bağlı araşdırmaları, o cümlədən bu mövzuda “Azərbaycan” qəzetində silsilə halında dərc etdirdiyi məqalələri mühüm yer tutur. Onun “Mətbuat tarixi” adlı məqaləsi “Azərbaycan”ın 1920-ci tarixli 65, 72, 78, 80, 81-ci il nömrələrində dərc olunmuşdur. Müəllif mətbuatın milli inkişafda oynadığı mühüm roldan, mətbuatın inkişaf mərhələlərindən söhbət açır, İsveçrə, İngiltərə, Fransa, İtaliya, Rusiya, Türkiyənin, eləcə də erməni və gürcülərin mətbuat tarixinə nəzər salır... Fərhad Ağazadə Azərbaycan mətbuatının yaranması və inkişafı yolundan da kifayət qədər ətraflı yazır.

Biz Fərhad Ağazadənin anadan olmasının 135 illiyi ərəfəsində onun “Azərbaycan” qəzeti ilə əlaqə və əməkdaşlığından qısaca söz açdıq. Lakin fikrimizcə, F.Ağazadənin Azərbaycan mətbuatı, mədəniyyəti, məktəb, maarif, təhsil quruculuğu sahəsindəki xidmətləri, dilimizin saflığı, əlifba islahatı uğrundakı prinsipial və qətiyyətli mübarizəsi onun irsinə daha dərin diqqət tələb edir. Həmkarım Əli Rza Xələflinin təbirincə desək, ...onu bu gün xatırlamaq ən azı ...ata-babalarımızın məzarını ziyarət etmək qədər vacibdir və əhəmiyyətlidir.

 

Abid TAHİRLİ,

filologiya elmləri doktoru

 

Azərbaycan.- 2015.- 2 sentyabr.- S. 7.