1918-ci ildə Fövqəladə Təhqiqat Komissiyasının başladığı yol davam edir

 

1918-1920-ci illərdə erməni hərbi birləşmələrinin türk-müsəlman əhalyə qarşı həyata keçirdikləri soyqırımları XX əsrin qanlı faciələrindən olmaqla, dəhşətli hadisələrdir. Bu faktların araşdırılması üçün o dövrdə yeni yaranan Azərbaycan hökumətinin atdığı addımlar sırasında Fövqəladə Təhqiqat Komissiyasının yaradılması mühüm tarixi-siyasi hadisəyə çevrildi.

1918-ci il iyulun 15-də Azərbaycan Milli Hökumətinin qərarı ilə Gəncədə fəaliyyətə başlayan bu komissiyanın yaradılmasında iki məqsəd var idi: birincisi, ermənilərin 1918-ci ilin martında Bakıda, mart-may aylarında Şamaxıda, may-iyun aylarında Qubada, 1918-1919-cu illərdə Qərbi Azərbaycanda və Azərbaycanın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları ilə bağlı təhqiqat sənədlərinin toplanması, ikincisi isə toplanmış sənədlərin dünyanın müxtəlif dillərinə çevrilməsi, ingilis, fransız, rus, ərəb və türk dillərində nəşr olunması və beynəlxalq aləmin Azərbaycanın başına gətirilən faciələrlə tanış edilməsi idi. Yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin üzləşdiyi bütün çətinliklərə baxmayaraq, bu komissiya artıq 1918-ci il avqust ayının ortalarından qızğın fəaliyyətə başladı. Fövqəladə Təhqiqat Komissiyasının 35 cildlik sənədlərinin əksər hissəsi Bakıda həyata keçirilən, yeddi cildi isə Şamaxıdakı soyqırımına həsr olunub. Bakıda bu qırğın zamanı öldürülən azərbaycanlıların sayı 11 mindən çoxdur. Bakı əhalisinə dəyən maddi ziyan 400 milyon manat civarındadır. Şamaxı şəhərində 8 000, Şamaxı qəzasında isə 8 000-dən yuxarı azərbaycanlının qətlə yetirildiyi sübuta yetirilib. Həmin dövrdə Qubada həyata keçirilən soyqırımı zamanı 16 min insanın həyatına son qoyulub. Qubada azərbaycanlılarla yanaşı, 3 000-dən artıq yəhudi də soyqırımına məruz qalıb. Qubanın 162 kəndi tamamilə məhv edilib. Onlardan 35-i hazırda mövcud deyil. Ovaxtkı maddi ziyanın dəyəri bütövlükdə 1 milyard manatdan artıq idi.

1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “31 mart azərbaycanlıların soyqırımı haqqında” fərman 20 ildən artıq ermənilərin dövlət səviyyəsində Azərbaycan torpaqlarını işğal altında saxladığını, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu, talan olan sərvətlərimizi, milli-mənəvi dəyərlərimizi bugünkü reallıqlar da nəzərə alınmaqla araşdırmağı, hesablamağı, sənədləşdirməyi bir vəzifə olaraq qarşıya qoymuşdur. Zaman dəyişsə də, erməni məkri, erməni xisləti dəyişməyib, əvvəlki faciələr daha böyük miqyasda davam etdirilməkdədir. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ölkəmizə böyük miqdarda zərər vurmaqla yanaşı, həm də Cənubi Qafqaz regionunda sülhün pozulmasına gətirib çıxarıb. İşğal nəticəsində çoxçeşidli təbii sərvətlərimiz, fauna və floramız ermənilər tərəfindən talan edilib. Bu kimi təcavüz hallarının cəzasız qalması və ikili standartlar hazırda dünyanın əziyyət çəkdiyi terrorizmin artmasına da rəvac verən amillərdəndir. Belə bir məqamda diqqəti ikili standartlara yönəltmək lazımdır. Xocalı hadisələrinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin qarşılaşdığı problemlərə dünya ictimaiyyəti niyə biganə yanaşır? Düzdür, ermənilər qondarma soyqırımları ilə bağlı bir əsrdən çoxdur təbliğat aparırlar. Ancaq Azərbaycan da özünün qarşılaşdığı həqiqətlərlə bağlı qısa zaman ərzində böyük işlər görüb. İşçi Qrupunun da bu sahədə böyük uğurları var. Amma dünya ermənilərin Azərbaycanda törətdiyi soyqırımına hələ də lazımi qiymət vermir.

Azərbaycan Prezidenti İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli, 3/2593 saylı razılıq məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli və 18 dekabr 2014-cü il tarixli sərəncamları ilə yaradılan “Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu məhz belə bir zərurətdən ortaya çıxdı və qısa müddətdə mühüm işlərin başlanılmasına start verildi. Naxçıvan MR, Xankəndi, Ağdərə, Şuşa, Laçın, Ağdam, Gədəbəy, Tovuz, Qazax, Göygöl, Tərtər, Ağcabədi, Füzuli, Qubadlı, Xocalı, Xocavənd, Kəlbəcər, Cəbrayıl, Zəngilan rayonlarından və Qərbi Azərbaycandan birlikdə 1 milyondan artıq məcburi köçkün və qaçqın əhali üzrə mülki vətəndaşlara, dövlət və özəl təşkilatlara dəymiş zərər barədə məlumatlar (ərizə, arayış, mal-materialların mövcudluğu barədə cədvəllər, protokol və s.) 100 minlərlə sənəd toplanaraq İşçi Qrupuna təqdim edildi və həmin ərazilər üzrə hesablamalar başa çatdırılaraq, birbaşa dəymiş zərərə görə ilkin rəqəmlər müəyyənləşdirildi və işgal altındakı inzibati yaşayış məntəqələrinin kosmosdan 150 fotogörüntüsü əldə edildi.

Eyni zamanda, respublika hökumətinin sərəncamı üzrə qeyd olunan müddətdə çoxsaylı beynəlxalq və respublika səviyyəlı konfranslar, “dəyirmi masa”lar, görüşlər, treninqlər keçirildi və dəymiş zərərlərlə bağlı təyinatı üzrə aidiyyəti qurumlarla birgə araşdırmalar aparıldı: “Təqsirkardan təzminat tələb edilməsi özü də bir iqtisadi sanksiyadır”, “Tarixi erməni təcavüzü: Azərbaycanın əqli mülkiyyət itkiləri”, “İşğal altında olan sərvətlərimiz: vurulmuş zərərlərin qiymətləndirilməsi”, “1989-1994-cu illərdə Ermənistanın işğal etdiyi ərazilərimizin faydalı qazıntıları və mineral xammal bazamıza amansız talan nəticəsində vurulmuş zərərlərin qiymətləndirilməsi barədə hesabat”, “Tarixi və dini abidələrin məruz qaldığı itki və tələfatların dəyərləndirilməsi media müstəvisində”, “Müasir qiymətləndirmə fəaliyyətindəki hüquqi normativ boşluqlar və onların aradan qaldırılması”, “Müasir Azərbaycanın unikal inkişaf modeli və tarixi erməni təcavüzünün beynəlxalq qiymətləndirilməsi reallıqları”, “Qarabağın sərvətləri”, “Genetik fondumuza erməni təcavüzü” və s. mövzularda tədbirlərin həm xaricdə, həm Bakıda, eləcə də bölgələrdə keçirilməsi geniş müzakirələrə və realıqların qəbul edilməsinə səbəb oldu. Tədbirlərdə ölkəmizdəki diplomatik korpusun nümayəndələri ilə yanaşı, Milli Məclisin deputatları, nazirlik və komitələrin, eləcə də QHT-nin və KİV-in nümayəndələri də fəal iştirak etmişlər. Keçirilən bütün tədbirlər eyni zamanda internet saytlarında, televiziya kanallarında və mətbuatda geniş işıqlandırılaraq ictimaiyyətə çatdırılmışdır.

Şuşa, Laçın, Ağdam, Goranboy, Xocalı rayonları üzrə əlavə sənədlərin toplanması və hesablama işləri davam etdirilməkdədir. Zavod, fabrik, yol, nəqliyyat, maşın-mexanizmlər və dövlətə məxsus olan digər itkilər üzrə hesablamaların beynəlxalq səviyyədə təsdiqi ilə əlaqədar tədbirlərin görülməsi də davam edir. Bu müddət ərzində tarix və mədəniyyət abidələri barədə lazımi sənədlər, fotogörüntülər və 150 adda abidənin çertyojları ümumiləşdirilərək analiz edilmiş, hesablamalar aparılmış, abidələrə dəyən birbaşa zərərin miqdarı müəyyənləşdirilmişdir.

İşçi Qrupunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə fəaliyyəti də öz bəhrəsini verməkdədir. Sıx əməkdaşlıq nəticəsində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş tarixi ərazilərinin təbii sərvətlərinə dair münaqişənin başladığı vaxtadək mövcud olan arxiv məlumatları və erməni işğalı nəticəsində ətraf mühit və təbii sərvətlərə dəymiş zərərlərin miqyasına dair materiallar təsnifat üzrə toplanaraq qrupda fəaliyyət göstərən qiymətləndiricilərə təqdim edilmişdir. Ətraf mühit və təbii sərvətlərə dəymiş zərərlər özündə aşağıdakı sahələri əhatə edir:

- təbii sərvətlərin talanı və məhv edilməsi nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərlər - faydalı qazıntıların talanı və mineral xammal bazasına ağır təcavüz, biomüxtəlifliyin məhvi, torpaqların sıradan çıxarılması və istifadədən məhrum olunması, sulara (çaylar, göllər, su anbarları, bulaqlar, hidrometereoloji obyektlər) antropogen təsirlər və s.;

- suların çirkləndirilməsi, ərazilərin yandırılması, təbii sərvətlərdən düzgün istifadə olunmaması və Metsamor AES-in zərərli təsiri ucbatından ətraf mühitin çirkləndirilməsi üzrə zərərlər;

- mövcud təbii sərvətlərimizdən (faydalı qazıntılardan, su anbarlarından və s.) istifadədən məhrumiyyətlər hesabına yaranan, yəni Azərbaycan tərəfindən əldə edilməmiş alınmamış gəlirlər və ya itirilmiş faydalar şəklində olan zərərlər.

Ermənistanın ərazilərimizi işğal etməsi nəticəsində Azərbaycan Respublikasının ətraf mühitin və təbii sərvətlərinə dəymiş zərərlər üzrə ilkin qiymətləndirmə artıq başa çatmaq üzrədir. Lakin İşçi Qrupunun ağır zəhməti hesabına başa gələn “Məlumat bazası” ilə tutuşdurulması, beynəlxalq ekspertlər tərəfindən onun təsdiq ediləcəyi səviyəyə çatdırılması mərhələsi hələ qabaqdadır.

Eyni zamanda, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycana dəymiş zərərin “Beynəlxalq Qiymətləndirmə Standartları”na, habelə “Münaqişələr və təbii fəlakətlər nəticəsində məruz qalınan itki və tələfatların hesablanması Standartları”na uyğun olaraq dəyən zərərlərin qiymətləndirilməsinə dair müvafiq metodologiya İşçi Qrupunun üzvləri tərəfindən işlənib hazırlanmış və Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının 21 may 2015-ci il tarixli XIV Beynəlxalq Konqresində təsdiq olunmuşdur. Bu sənədin ingilis, rus və türk dillərinə tərcümə edilməsi işləri davam etdirilir.

Hazırda İşçi Qrupunun qarşısında olduqca mürəkkəb və əhəmiyyətli vəzifələr durmaqdadır: işğal altında olan rayonlarda faydalı qazıntı yataqlarına dəymiş zərərin qiymətləndirilməsi; istehsal-ticarət təyinatlı obyektlərə dəymiş zərərin, bu obyektlərin istifadəsindən məhrumiyyətlərə görə itirilən faydanın hesablanması və qiymətləndirilməsi; nəqliyyat (avtomobil yolları, dəmir yolları, hava limanları) sisteminə dəyən zərərin qiymətləndirilməsi; rabitə və rabitə qovşağı sisteminə dəyən zərərin qiymətləndirilməsi; səhiyyə sisteminə dəyən zərərin qiymətləndirilməsi; təhsil və elm sahələrinə dəyən zərərin qiymətləndirilməsi; turizm potensialına dəyən zərərin qiymətləndirilməsi; mədəni sərvətlərə, tarix və mədəniyyət obyektlərinə dəyən zərər və itkilərin qiymətləndirilməsi; işğal altında olan ərazilərin ekologiyasına və təbii sərvətlərinə (meşə örtüyü, qoruqlar, su hövzələri, çaylar, fauna-flora) dəyən zərərin qiymətləndirilməsi; kənd təsərrüfatına (istehsal müəssisələri, torpaqlar, əkin sahələri, suvarma infrastrukturu, suvarma mənbələri) dəyən zərərin ətraflı və dəqiqliklə qiymətləndirilməsi; yeraltı və yerüstü təbii sərvətlərin dəyərinin, eyni zamanda onlardan yerli əhali tərəfindən səmərəli istifadə edilməsindəki məhrumiyyətlərə görə yaranan itkilərin qiymətləndirilməsi; ölkənin investisiya potensialına dəyən zərərin qiymətləndirilməsi, o cümlədən ərazi məhdudluğu və səmərəliliyinin azalması ilə bağlı zərərin hesablanması; qaçqın və məcburi köçkün əhaliyə (yaşayış məntəqələri, xüsusi təsərrüfatlar və.s.) dəyən maddi və mənəvi zərərin dəyərləndirilməsi; yaşayış məntəqələrinə, inzibati binalara, kommunikasiyaya (içməli su təchizatı, kanalizasiya sistemi, körpülər) dəyən zərərin qiymətləndirilməsi; energetika sistemi üzrə (yanacaq təsərrüfatına, elektrik və qazpaylayıcı şəbəkələrə) dəyən zərərin qiymətləndirilməsi.

Bir faktı da qeyd edək ki, İşçi Qrupunun fəaliyyəti Nazirlər Kabinetinin 26.02.2014-cü il tarixli sərəncamı ilə 26.02.2014-cü ildən 26.02.2016-cı ilədək olan dövrü əhatə etdiyi üçün İşçi Qrupu peşəkar mütəxəssislərin hazırlanmasında, onların texniki avadanlıqlarla və digər vəsaitlərlə təmin edilməsində böyük çətinliklərlə üzləşsə də, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə nail olub.

Bununla belə, qeyd etmək istərdim ki, İşçi Qrupunun apardığı hesablamalar nəzərdə tutulan işlərin həcminin qat-qat çox olduğunu söyləməyə əsas verir. İnanırıq ki, dövlət başçısının daimi nəzarətində olan, bizim böyük əzmlə, vətənpərvərlik hissi ilə başladığımız, Azərbaycan xalqının taleyüklü milli məsələsi olan bu çətin, lakin şərəfli missiyanı növbəti illərdə də uğurla davam etdirəcəyik. Çünki Ermənistanın yürütdüyü işğalçılıq siyasəti hələ davam edir. Azərbaycan Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin həllinə nail olmaq üçün Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası qarşısında 2014-cü ildə münaqişə, müharibə və tələfatlara görə itkilərin hesablanması üzrə beynəlxalq standartların qəbul edilməsi barədə məsələ qaldırılıb. Azərbaycan nümayəndə heyətinin həmin beynəlxalq qurumun üzvü olaraq qaldırdığı məsələ qəbul edilib və həmin standartların layihəsinin hazırlanması Azərbaycan tərəfinə həvalə olunub. Təsdiq ediləcək bu standartlar əsasında məruz qaldığımız itki və tələfatların hesablanması prosesi son mərhələyə çatacaq.

 

Xanhüseyn KAZIMLI,

Avrasiya Qiymətləndiricilər Birlikləri

Assosiasiyası İdarə Heyətinin sədri, Milli Məclisin deputatı

 

Azərbaycan.- 2015.- 8 sentyabr.- S. 6.