Yurddan uzaq yurd yerləri

 

Doğma torpaqları övladlarımıza tanıtmalıyıq

 

Altı ilə yaxındır ki, Bakının Binəqədi rayonunda 2 nömrəli evtikmə kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün inşa olunan doqquzmərtəbəli yaşayış binaları kompleksi istifadəyə verilib. İnşa olunan doqquzmərtəbəli 6 binada paytaxtda şəraiti dözülməz olan, ictimai yerlərdə, yarımçıq tikililərdə müvəqqəti məskunlaşan və köçürülməsi zəruri olan məcburi köçkünlər yerləşdirilib.

Kompleksin tikintisinə 2008-ci ildə başlanıb və o, 3 hektar ərazini əhatə edir. Tikintinin ümumi sahəsi 27 min 897 kvadratmetrdir. Ərazidə hər biri 63 mənzilli doqquzmərtəbəli beş, 54 mənzilli bir yaşayış binası və 260 şagirdlik məktəb binası da tikilərək istifadəyə verilib. Mənzillərin 81-i bir, 180-i iki, 90-ı üç, 18-i isə dördotaqlıdır. Yaşayış binalarının ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb, gözəl bağ-bağça yaradılıb. Burada qazanxana, nasosxana, transformator yarımstansiyası tikilib, mənzillərə telefon, su və qaz xətləri çəkilib. 2009-cu il noyabrın 17-də bu yaşayış kompleksinin açılışında Prezident İlham Əliyevin iştirakını sakinlər yaxşı xatırlayırlar. Bunu bizimlə söhbətində Ağdamdan və Qubadlıdan olan iki ahıl insan - Kamil Abbasovla Çərkəz Məmmədov dönə-dönə vurğuladı. Qubadlıdan olan qocaman jurnalist Çərkəz Məmmədov qürurla söylədi:

- Dövlət qulluqçusu kimi təqaüdə çıxmışam, hazırda pensiya alıram, eyni zamanda, “Bərgüşad” qəzetində redaktor müavini işləyirəm. Qəzetimiz ayda bir dəfə nəşr olunur. Redaksiya Sumqayıtda yerləşir. Ora tez-tez gedə bilməsəm də, yazılar göndərirəm. Qəzetimiz ictimai-siyasi qəzetdir və Qubadlı Rayon İcra Hakimiyyətinin orqanıdır. Əsasən Milli Qəhrəmanlardan, şəhidlərdən, qaçqınların həyatından, dövlətimizin onlara göstərdiyi qayğıdan, Vətənə qayıtmaq eşqi ilə yaşayan həmyerlilərimizin arzularından yazırıq. Eyni zamanda, qəzetdə dövlətimizin daxili və xarici siyasətindən və bu istiqamətdə əldə olunan uğurlarımızdan da yazılar dərc edirik.

Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, güzəranımız çox ağır olacaqdı. Respublikada da vəziyyət düzəlməyəcəkdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik yarandı, bizə xüsusi diqqət ayrıldı, bütün nazirliklərə, idarə və təşkilatlara tapşırıldı ki, qaçqınlara, məcburi köçkünlərə maksimum qayğı göstərilsin. Onlar harada istəsələr, orada yaşamalıdırlar. Bizim üçün 6 doqquzmərtəbəli bina tikildi, burada hazırda 359 ailə məskunlaşıb. Hökumət çörək pulumuzu verir, qazımız, suyumuz da var. Ümumilikdə, demək olar ki, hər cür qayğı ilə əhatə olunmuşuq. Çox sevinirik ki, ulu öndər tərəfindən əsası qoyulan kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyev ölkə başçısı olandan sonra söz verdi ki, bir dənə də çadır şəhərciyi qalmayacaq. Elə dediyi kimi də oldu. İndi hamı paytaxtda və bölgələrdə gözəl yaşayış binalarında yerləşdirilib. Ona görə Prezidentə və xanımı Mehriban Əliyevaya minnətdarıq. Onu da qeyd edim ki, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov həmişə problemlərimizlə maraqlanır, bizimlə heç vaxt əlaqəsini kəsmir. Qocaman jurnalist Qubadlıda keçən günlərini də yada salaraq dedi: “İndi bizim əsas arzumuz öz torpaqlarımıza qayıtmaqdır. Biz yaşlı insanlar bu dərdi, həsrəti daha çox çəkirik. Heç olmasa istəyirik ki, gedib atamızın, anamızın yanında dəfn olunaq. Bir şeyi xatırlatmaq istəyirəm: bir dəfə dövlət qaçqınkomun sədri, Fransanın ölkəmizdəki səfiri və bir neçə rəsmi şəxs bizim şəhərciyə gəlmişdi. Səfir buradakı şəraiti görüb bizə sual verdi ki, belə gözəl mənzillərlə təmin olunmusunuz, bütün qayğılarınız həll olunub, bildiyim qədər hər şey qaydasındadır. Bəs niyə o torpaqlara qayıtmaq istəyirsiniz? Mən ona cavab verdim ki, düzdür, hər bir qayğı ilə əhatə olunmuşuq, Azərbaycanın hər yeri bizim üçün doğmadır. Ancaq iş burasındadır ki, doğma torpaq, ata yurdu həmişə şirin olur. Bu, həyat reallığıdır. Hər gecə kənddəki ata yurdum, gəzib-dolaşdığım yerlər yuxuma gəlir. Doğrudan da, insan ilk dəfə dünyaya gələndə hansı havanı udubsa, hansı torpağa ayağını basıbsa, oranı unuda bilmir. Təsadüfən deməyiblər ki, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşıdır. Ona görə biz heç olmasa haqq dünyasına orada qovuşmaq istəyirik”.

Cavanların, gənclərin ata yurduna bağlılığına gəldikdə, həmsöhbətim inamla söylədi: “Hər birində bunu hiss edirik. Yeniyetmələrdən haradan olduğunu soruşanda atasının, anasının doğulduğu rayonun, kəndin adını çəkirlər. Mən belə uşaqları çox alqışlayıram. Hər dəfə bu cavabı alanda onların üzündən öpürəm. Amma birdən çaşsa, bilməsə, qınadığım hallar da olur. Hər bir gəncdə, hər bir cavanda Vətən sevgisini açıq-aşkar görürük. Onlar da öz ata yurdlarını görmək istəyirlər. Hətta bəzən gənclər məndən soruşurlar ki, Çərkəz müəllim, nə vaxt qayıdacağıq torpaqlarımıza? Deyirəm, narahat olmayın. Tezliklə biz o torpaqlara dönəcəyik. Erməni bizim ata yurdumuzda yaşaya bilməz. Orada istəsə də, heç bir şey qura bilməz. Gec-tez bizim yurdumuzdan qaçacaqlar. Erməni özü də başa düşür ki, öz gücləri ilə bizim torpaqları zəbt etməyiblər! Xarici havadarların köməyi ilə cürət edib yurdumuza ayaq basdılar. Onu da deyim ki, biz də asanlıqla el-obamızı onlara təslim etməmişik. Mübarizə apardıq, ancaq müharibə qeyri-bərabər qüvvələr arasında gedirdi. Buna baxmayaraq sona kimi döyüşdük, yüzlərlə şəhid verdik.

Bəlkə də mən bu dərddən çoxdan ölərdim. Məni yaşadan Vətənə qayıtmaq arzusu, eşqi oldu. Allaha yalvarıram ki, mənə bir az da ömür versin, gedib Qubadlıda haqq dünyasına qovuşum. İnanıram ki, elə də olacaq, hər şeyin əvvəli olduğu kimi, sonu da olmalıdır. İnşallah, səbirsizliklə ora qayıdacağımız günü gözləyirik. İnanırıq ki, Prezident İlham Əliyevin apardığı siyasət gec-tez öz bəhrəsini verəcək və biz tezliklə doğma dədə-baba torpaqlarına qayıdacaq və əbədi zəfər çalacağıq. Axı, bizim o yerlərə qayıtmağımız üçün qüvvətli ordumuz, iradəli liderimiz var”.

Ağdam rayonunun Əlağalı kəndindən olan Kamil Abbasovla da elə şəhərciyin həyətindəki yaşıllıqda söhbət edirik. Ömrünü müəllimlik sənətinə bağlayan bu ahıl insanın 77 yaşı olsa da, daim iş başındadır. Bu binalarda doğulub böyüyən uşaqlar bir ağsaqqal, bir müəllim kimi onu yaxşı tanıyırlar. O da öz yetirmələri ilə qürur duyur, öyünür:

- Burada hər cür rahatlığımız var. Amma qəlbimizdə daim yaşayan, bizi ağrıdan qoyub gəldiyimiz yurdumuzdur, torpağımızdır. Kənddə hər cür şəraitimiz var idi. İnanın ki, təkcə maddiyyatı demirəm. Yəni, o torpaqda ziyarətgahlarımız, qəbiristanlıqlarımız qaldı. Elə bizi də ən çox ağrıdan budur. İndi də bu barədə danışanda çətinlik çəkirəm və hər dəfə heç vaxt unuda bilməyəcəyimiz o dərdləri yenidən yaşamalı oluram. Xüsusilə yaşlı nəsil bunun əzabını çox çəkir.

Açığı, heç vaxt inanmırdıq ki, başımıza belə bir iş gələ bilər. Çünki Azərbaycan xalqı mehriban xalq olub, beynəlmiləlçi olub. Qonşularımızla da həmişə mehriban yaşamışıq. Ancaq namərd ermənilər öz xəbis niyyətlərindən əl çəkmədilər: suyundan, torpağından bəhrələnib çörəyini yedikləri Azərbaycan torpağına sahib çıxmaq istədilər. Hətta evimizə, obamıza gəlib-gedəndə də, qonşuluq edəndə də bu plan üzrə hərəkət ediblərmiş. Biz bunları çox sonra bildik. Onlar illərlə öz övladlarına türkün düşmən olduğunu təbliğ ediblər. Bizim ürəyimizdə isə bu millətə qarşı kin-küdurət olmayıb. Təbii ki, bu, mənim subyektiv fikrimdir. 1988-ci ilin hadisələri müxtəlif tarixlərdə olduğu kimi, növbəti dəfə də ermənilərin iç üzünü açıb göstərdi. Artıq bizi aldatmaq, yuxuya vermək mümkün deyil. Hazırda burada 350-yə yaxın ailə yaşayır. Bunların arasında övladlarım, nəvələrim və yetirmələrim də var. İstər ailələrdə olsun, istərsə də məktəbdə uşaqlara vətənpərvərlik duyğuları aşılayır və onların gələcəyin əsgəri və zabitləri kimi yetişməsi üçün hər cür səy göstəririk. Demək olar ki, hər il orta məktəbi bitirənlər arasında öz istəyi ilə hərb peşəsini seçənlərin sayı artmaqdadır. Çünki gənclər də yaxşı başa düşürlər ki, düşmən tapdağı altında inləyən torpaqları var. Bu torpaqların azad olunmasında onların rolu kifayət qədər böyük olacaq.

Həmsöhbətim bir iradını da bildirərək dedi ki, bir müəllim kimi orta məktəblərdə silahlardan istifadənin öyrədilməsi, praktiki təlimlərin keçirilməsi onu qane etmir: “Məncə, artıq xidmətə yollanana qədər hər bir gənc döyüşçü kimi formalaşmalı, ən azından silahla davranmağı bacarmalıdır. Qarabağ hadisələrini görən, eşidən hər bir azərbaycanlının ürəyi cuşa gəlir, özünü hər an döyüşə hazır hiss edir. Bu, sözsüz, vətənpərvərlik hissi ilə yanaşı, müharibənin bizlərə diktə etdiyi acılardan, faciələrdən irəli gəlir. Bəzən şəhərdə gəzəndə öz-özümə sual verirəm ki, küçələrdə müxtəlif internet klubları, ayrı-ayrı əyləncə mərkəzləri çox olduğu halda, niyə bunların yerində atıcılıq klubları yoxdur?! Axı, bu, müharibə şəraitində olan ölkə üçün əsas şərtlərdəndir. Çünki hər bir atıcılıq mərkəzi gənclərdə bu sahəyə marağı artırır və onların yeni bilgilər əldə etməsinə kömək edir. Fikirləşirəm ki, orta məktəblərdə, universitetlərdə bədən tərbiyəsi, hərbi hazırlıq fənləri daha yüksək səviyyədə tədris olunmalıdır. Hətta bu istiqamətdə ayrı-ayrı tədris ocaqlarının yaradılması da lazımdır, özü də daha çox sərhəd rayonlarında... Düşünürəm ki, o vaxt respublikanın regionlarında belə məktəblər olsaydı, indiki qədər itki verməzdik. Hərbi sahədə mütəxəssislərimiz kifayət qədər olardı. Belə tədris mərkəzləri təkcə nəzəri bilikləri ilə deyil, praktiki üstünlükləri ilə də fərqlənər, döyüş bölgələrini, sərhəd zonalarını daha dəqiq tanıyardılar.

Sonda Kamil müəllim hamımızın həsrətini, dərdini dilə gətirərək dedi: “Bəzən düşünürəm ki, kaş orada doğulmayaydım. Kaş o yerləri görməyəydim. Çünki dözmək olmur, nə gedə bilirik, nə qala bilirik. Amma bir yandan da təsəlli tapıram ki, o yurd bizimdir - vətənimizdir, canımızdır. Nə yaxşı, onun hər qarışını gəzmişik, görmüşük. İndi biz o yerləri övladlarımıza tanıtmalıyıq. Onlar getməsələr də, görməsələr də, bilməlidirlər ki, necə gözəl yurdları, bərəkətli torpaqları var. Ona görə daim ailədə, məktəbdə, cəmiyyətdə bunu təbliğ etməliyik. Gənc nəsildə irsən keçən vətənpərvərlik hissləri formalaşdırmalıyıq. Onlar hər davranışında, hərəkətində, düşüncəsində o torpağı, yurdu daim yaşatmalıdırlar.

 

Bəxtiyar QARACA,

 

Azərbaycan.- 2015.- 8 sentyabr.- S. 6.