Azərbaycanı xilas edən insan

 

Rusiyada nəşr edilən “Mir i politika” (MP) adlı beynəlxalq siyasi jurnalda Rusiya Federasiyası Yazıçılar İttifaqının üzvü Nina Puşkovanın “Azərbaycanı xilas edən insan. Bakıdan subyektiv qeydlər” sərlövhəli məqaləsi dərc olunub. Material Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilib. Müəllif bu görkəmli siyasi xadimin xilaskar missiyası barədə fikirlərini oxucularla bölüşür, titanik fəaliyyəti sayəsində Azərbaycanın bir sıra bəlalardan xilas olmasına və ölkəmizin bugünkü sürətli inkişafinın möhkəm təməlinin qoyulmasına, onun regionda lider dövlətə çevrilməsinə imkan yaradan bu dahi şəxsiyyətin fenomenini anlamağa çalışır.

Müəllif yazır: “Dəfələrlə Bakıda olmuşam və kiçik mağazaların vitrinlərindən tutmuş ayaqqabı emalatxanalarına qədər hər yerdə Heydər Əliyevin portretlərini görmüşəm. Mən anlamaq istəyirdim: necə və nə üçün belə olub ki, keçmiş Siyasi Büro üzvü, Qorbaçovun yenidənqurma dövründə istefaya göndərilən, bir növ kölgədə qalan bu insan birdən-birə yenidən öz xalqına lazım olub və müasir Azərbaycanın qurucusuna çevrilib?!

Bu il may ayında, Heydər Əliyevin doğum gününün növbəti ildönümündən az sonra yenidən Bakıda oldum. Həmin günlərdə azərbaycanlı tarixçilərlə, fotoqraflarla, Əliyevin şəxsi mühafizə dəstəsinin rəisi, rejissorlar və yazıçılarla görüşdüm.

Buna layiq olmayan insana fikrən abidə ucaltmaq mümkün deyil. Yekaterinburqda Yeltsinin abidəsinin açılışında ən çoxu 100-150 nəfər toplaşmışdı, özü də bu adamlar əsasən Moskvadan gələnlər idi. Sonra isə bu abidə barədə yalnız bir dəfə eşitdik – onun üstünə rəng tökmüşdülər. Heydər Əliyevə isə Azərbaycanda əsas abidə insanların xatirəsindədir və bu abidəni nə uçurtmaq olar, nə də üstünə rəng tökmək.

Elə adamlar var ki, adları bütün dünyada məşhurdur. Sinqapur Prezidenti Li Kuan Yu, Fransa Prezidenti General de Qoll, Fidel Kastro, Nelson Mandela belələrindəndir. Bu siyahı o qədər də uzun deyil. Lakin Azərbaycanın tarixini bilsələr bu siyahıya Heydər Əliyevin də adını əlavə etmək olar. Respublikada onu ölkənin parçalanmasına və ya avantürist niyyətlərin qurbanına çevrilməsinə imkan verməyən insan, bu cür siyasətçi hesab edirlər”.

Müəllif öz materialında Heydər Əliyevin keçmiş Sovet İttifaqının rəhbərlərindən biri vəzifəsində fəaliyyətindən söhbət açaraq qeyd edir ki, o, adi idarəçi deyildi. N.Puşkova xüsusi vurğulayır ki, bir sıra müasir menecerlərin düşündüyündən fərqli olaraq, Heydər Əliyevin nəzərində insanlar və onların taleyi əhəmiyyətsiz məsələ deyildi. O yazır: “Həmin illərdə Baykal-Amur Magistralının (BAM) tikintisində fəal iş gedirdi, daha doğrusu, bu tikintidə işlər yerində sayırdı. Burada iş şəraiti hədsiz ağır, hava şəraiti dözülməz idi. O diyarda işləmək üçün insanlar çox dözümlü olmalı idi. Bu insanların qüvvəsi tükənəndə, insan materialı bu şəraitə davam gətirməyəndə oraya çox vaxt tələbə briqadalarını, gəncləri, bir sözlə gənclik həvəsindən başqa heç nəyi – nə təcrübəsi, nə ixtisası olmayan adamları göndərirdilər.

Ümumiyyətlə, tikinti yerində sayırdı. Hesabat vermək üçün heç bir əsas yox idi. Vəziyyəti araşdırmaq üçün Heydər Əliyevi oraya göndərdilər.

O, ittifaq nazirlərini və diyar rəhbərlərini topladı, əyninə sırıqlı gödəkcə, ayağına uzunboğaz çəkmə geyib palçıqlı yollarla, bir növ məhək daşı sayılan məşhur BAM tunelinə yollandı – özü də xidməti maşında yox, UAZ avtomobillərində. Nazirlər Soveti sədrinin birinci müavini yerli məmurlarla bərabər metal qəfəslərdə içərisinə su dolmuş, bəzi yerləri uçulub tökülən, mühafizə baxımından ağlasığmaz dərəcədə təhlükəli şaxtaya endi. Heydər Əliyevin şəxsi mühafizə dəstəsinin rəhbəri Aleksandr İvanov o günləri xatırlayaraq deyir: “Orada biz cavanlar üçün soyuq və qorxulu idi, Əliyev isə elə bil qəsdən hey irəli gedir, bütün rəisləri arxasınca çəkib aparırdı. O istəyirdi ki, insanların hansı şəraitdə işlədiklərini hamı hiss etsin. Şaxtaya enəndən sonra keçirdiyi müşavirədə isə soruşdu: “Hə, necə hesab edirsiniz, bu kurort şəraiti nəzərə alınsa, şaxtaçıların əməkhaqqı necə olmalıdır?”

Məqalədə deyilir ki, Heydər Əliyev 1986-cı ildə, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən 22 nazirlik və idarə, o cümlədən o vaxt heç bir adı olmayan, indi Fövqəladə Hallar Nazirliyi (FHN) adlanan idarə də onun nəzarəti altında idi. Müəllif bununla əlaqədar içərisində 1234 nəfər olan “Admiral Naximov” laynerinin suya batması ilə bağlı dəhşətli faciəni xatırlayaraq yazır: “Hakimiyyət orqanları bu hadisəyə təcili münasibət bildirməli idi. Heydər Əliyevi Novorossiyskə göndərmək qərara alındı. O gələndə şəhərin əsas meydanında çoxlu insan toplaşmışdı: sanki möcüzə sayəsində xilas olanlar, onların qohumları, həlak olanların doğmaları, şəhər sakinləri, başqa yerlərdən gələnlər... Bu, ümumi kədərin birləşdirdiyi insanların qüssəli, faciəli toplanışı idi. Əliyev buraya gələndə izdihamda canlanma başlandı. Həyəcanlanmış bir kişi kütlə arasından tribunaya yaxınlaşmağa çalışırdı. Əliyev bilirdi: insanları sakitləşdirmək, onların hər biri ilə söhbət etmək lazımdır. Qırıq-qırıq izahatlardan məlum oldu ki, bu kişinin qızı həlak olub, bir il əvvəl isə arvadı vəfat edib. İndi isə bürokratlıq və biganəlik üzündən ona qızını arvadının yanında dəfn etməyə icazə vermirdilər. Əliyev dərhal müvafiq göstəriş verdi: “Bütün problemləri həll etməli! Adamlara kömək etməli! Təqsirkarları cəzalandırmalı! Heç kəs məsuliyyətdən kənarda qalmamalıdır!”. Belə adamlar yüzlərlə idi.

Mitinqdən sonra keçirilən müşavirədə “Naximov”un sərnişinlərinin həlak olması barədə məlumatlardan biri Əliyevin gözünə sataşdı. Həmin məlumatda ölümün səbəbi qrafasında “batma” sözü yazılmışdı.

-Siz burada nə yazıldığını başa düşürsünüzmü? – deyə Əliyev məmurlardan birinə müraciət etdi. – Bir neçə il keçəcək və həlak olmuş bu kişinin arvadı kömək və ya müavinət üçün müraciət edəndə bürokratın biri ona belə cavab verə bilər: “Sənə nə müavinət? Bəlkə sənin ərin sərxoş olub suda batıb?! Hər yerdə ölümün səbəbini bu cür yazın: “Ölüm “Admiral Naximov” gəmisində faciə nəticəsində baş verib”.

Məqalədə xüsusi vurğulanır ki, Heydər Əliyev insanları sevirdi, onlar da ona eyni münasibət bəsləyirdi. Müəllif qeyd edir ki, sovet dövründə onun respublikaya rəhbərlik etdiyi vaxtlarda Azərbaycanda yeni zavodlar, su anbarları, neft emalı müəssisələri, evlər, məktəb binaları, yəni sonralar ölkənin iqtisadiyyatının təməlini, əsasını, özəyini təşkil edən hər şey tikilirdi. Müəllif yazır: “Əliyev peşəkarları sevir və onları seçirdi. Çalışırdı ki, respublikanın ən yaxşı tələbələri Moskvanın, Leninqradın və Novosibirskin aparıcı ali məktəblərində təhsil alsınlar”.

Yazıda Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin keçmiş baş katibi Mixail Qorbaçovun Heydər Əliyevə qısqanc münasibətindən də danışılır. Müəllif yazır: “Qorbaçov H.Əliyevin üzünə yalnız bir dəfə gülümsəmişdi, o da H.Əliyev pensiyaya çıxmaq barədə ərizəni imzalayanda. Qorbaçov sonralar Azərbaycanı xilas edən bu adamdan hakimiyyətə gəldiyi andan var gücü ilə yaxa qurtarmağa çalışırdı. Təkcə bu fakt Qorbaçovun kadrlarla bağlı qərarlarına hökm oxumağa yetər. ... Faciəli hadisələr Heydər Əliyev istefaya göndəriləndən sonra baş verdi. 1990-cı ilin yanvarına doğru Əliyevin taleyi kəskin dəyişdi. O, artıq həyat yoldaşını dəfn etmişdi, baş katibin isə münasibəti sadəcə soyuq deyildi, açıq-aşkar pis münasibət idi – şəxsi nəsə sezilirdi. Onda danışırdılar ki, H.Əliyevin nüfuzu o qədər yüksək idi ki, həm Brejnevin, həm də Andropovun ölümündən sonra çoxları nəhəng ölkənin Nazirlər Sovetinin sədri vəzifəsinə H.Əliyevi qoymaq istəyirdi. Bu da Qorbaçovu qıcıqlandırırdı. İsrarla deyirdilər ki, Qorbaçov ona ilişir və bunu paxıllığından edir. Axı, Heydər Əliyev həm peşəkarlığı, həm insani keyfiyyətləri, həm sözünün üstündə durmaq bacarığı, həm də işgüzarlıq baxımından baş katibdən əsaslı şəkildə fərqlənir”.

N.Puşkova M.Qorbaçovu və H.Əliyevi müqayisə edərək yazır: “Qorbaçov effektli görünməyi, gözəl jestləri, camaat içində çıxış etməyi çox sevirdi. Sonralar onun bu keyfiyyəti hamını məyus etdi, insanların davamlı narazılığına səbəb oldu. “Çənəsini boş qoyub ölkəni bada verdi”: xalqın Qorbaçovun hakimiyyətinə çıxardığı qəti hökm belə oldu. H.Əliyev isə onun tamam ziddi idi”.

Müəllif yazır ki, Heydər Əliyevin özünün ucaltdığı Azərbaycanın – sürətlə inkişaf edən və istehsalın səmərəliliyinə görə ön yerlərə çıxmağa başlayan, doğumun artdığı çiçəklənən bir ölkənin Sovet İttifaqının mövcud olduğu son illərdə tədricən öz mövqelərini itirməsini ürək ağrısı ilə izləməsindən, onun 1990-cı il ilin qanlı 20 Yanvar hadisələrinin sabahısı günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək çoxsaylı jurnalistlər qarşısında bəyanat verməsindən, bu cinayətin törədilməsinə görə Qorbaçovu açıq ittiham etməsindən söz açır. Məqalədə o da deyilir ki, müstəqilliyin ilk illərində Naxçıvan Muxtar Respublikasının parlamentinin sədri seçilən Heydər Əliyev Azərbaycanda hökm sürən xaos və hərc-mərclik fonunda kiçik vətənini Bakıdan nə pul, nə də ərzaq almadan xilas etmək yollarını axtarırdı. Məqalədə deyilir: “O, İranın və Türkiyənin həmsərhəd vilayətlərindən həyati əhəmiyyətli təchizatlar barədə müqavilələri möcüzə sayəsində, öz nüfuzundan istifadə etməklə, onun şəxsiyyətinə olan inam sayəsində imzalamışdı. İradəsinin gücü, böyük təcrübəsi və işləmək bacarığı öz bəhrəsini verdi: Naxçıvan nəinki qurtuldu, ixtilafların və iqtidarsızlığın qalan Azərbaycanı silkələdiyi bir vaxtda o, güclənməyə başladı.

Sonra xalq Heydər Əliyevi Azərbaycanda hakimiyyətə çağıraraq ədaləti bərpa etdi”.

Məqalə bu sözlərlə bitir: “Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Və yeni bir tarix – onun xilas etdiyi Azərbaycanın tarixi başlandı”.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 9 sentyabr.- S. 4.