Qəm sazını çaldı Daşqın...

 

Məzahir Daşqın Tərtər rayonunun Borsunlu kəndində anadan olub. 70 yaşında elə orada da dünyasını dəyişib. “Daşqın” təxəllüsüdür. Adı Məzahir, soyadı Axundov idi. Böyük Vətən müharibəsi zamanı əsirlikdə olduğu üçün on il Sibirdə sürgündə olub. Qayıdanda həmişə nəzarət altında yaşayıb, çap olunması qəti qadağan edilib. Bütün ömrü qəm-kədər içində keçib.

 

Daşqın yaşar, dözər, ölmür,

Yük ağırdır, kimsə bölmür.

Nə qədər ki, könül gülmür,

Qəm sazımı çalasıyam.

 

Ömür boyu qəm sazını çaldı Məzahir Daşqın. Xain-xəbis bu çağlayan bulağın gözünü tutmaq istəyib. Əbəsdir. Çeşmədə su oldu, hökmən axacaq. Məzahir Daşqın özü zillət çəkəndə sözü-söhbəti həmişə el içində, aşıqların qəlbində, dilində olub.

Ötən əsrin 70-ci illərində Gəncə xalq yaradıcılığı evində işləyirdi. Onun bura gəlməyi də bir tarixdir. Bunu mənə professor Bağır Bağırov danışıb. Bağır müəllim onda xalq yaradıcılığı evinin direktoru idi. Deyir ki, bir səhər yanıma əlli yaşlı, dolu bədənli, qarayanız bir kişi gəldi. Görüşdük. Çəkinə-çəkinə əl verdi, astadan adını dedi:

- Məzahir Daşqın.

Üzdən tanımasam da, haqqında çox eşitmişdim. Yer göstərdim. Oturdu.

- Deyirlər, sizdə boş yer var, mümkünsə...

Doğrudan da, folklor şöbəsi boş idi. Adam axtarırdıq. Daşqının gəlişi lap göydəndüşmə idi. Amma əsirliyi barədə o qədər söz-söhbət gəzirdi ki...

Möhlət istədim. Dedim, bir-iki gündən sonra görüşək. Ertəsi gün harada ağzımı açdımsa abırımı ətəyimə bükdülər:

- Bilirsən, o kimdir? Atası xalq düşməni, özü də əsir, vətən xaini.

Sonra da yavaşca, ehtiyatla əlavə etdilər: - Xəbərin var, sənin bu Daşqının kimə sataşıb? Stalinin özünə! Oralarda olanda “Bığlı cəllad” adlı şeir yazıb.

Məsləhət gördülər ki, təhlükəsizlik komitəsi rəisinin yanına gedim. Getdim. Söhbət uzun çəkdi. Son sözü bu oldu ki, istəyirsən işə götür. Amma üzdə çox saxlama. Şeirlərinin çapına, kütlə qarşısında çıxışlarına imkan vermə.

Üç gündən sonra Məzahir Daşqın folklor şöbəsinin müdiri oldu və ömrünün sonuna kimi orada işlədi. El şairi ilə ilk dəfə mən də orada görüşdüm. Yaradıcılıq evi Gəncədəki müxbir məntəqəsinin qonşuluğundaydı. İkisi də inzibati binanın eyni girişində yerləşirdi. Müxbir məntəqəsi dördüncü, yaradıcılıq evi isə beşinci mərtəbədə. Tez-tez yuxarı qalxır, Məzahir Daşqından bir söhbət, bir şeir “qoparmağa” çalışırdım.

Əlaqə, ünsiyyətimiz belə yarandı. Elə ki, yaralı yerinə toxunur, o dəqiqə söhbətin səmtini dəyişirdi. Sadə, məğmun yaşayırdı, yaman qəlbisınıq idi. Bu yandan da övladsızlıq... Həmişə az danışar, sakitcə baxar, fikir-xəyal içində dinləyərdi. Bircə yol ürəkdən sevinib-güldüyünü görməmişdik...

Adamı səfərdə, yolda daha yaxşı tanımaq olur. İş elə gətirdi ki, neçə dəfə Məzahir Daşqınla yola çıxası olduq.

Birinci səfərimiz. 1971-ci ilin bir xoş payız günü idi. Xalq yaradıcılığı evi el sənətkarı Bisavad Teymurun 70 illiyini keçirmək istəyirdi. Ertədən avtobusa doluşub Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə - Bisavad Teymurgilə getdik. Başda da Məzahir Daşqın. Sən demə, köhnə dost imişlər. Çatan kimi qol-boyun oldular. Geniş həyətdə süfrə açıldı. Masabəyi də xalq artisti Məmməd Bürcəliyev. Murov dağının ətəyində şeir-sənət məclisi quruldu. İnci bulağı, söz çeşməsi çağladı, nə çağladı!..

Demə, Teymur da özgə aləm imiş. Təxəllüsünün “Bisavad” olmağına baxma! Dövrünə görə əməlli təhsil alıb, farsca, ərəbcə oxuyur, el ədəbiyyatını gözəl bilirdi.

Nə çap üçün can atır, nə şöhrətdən pay umurdu. Elə ki, ürək coşur, duyğu, misralar öz-özünə durna kimi qanadlanır, kol dibində bənövşə tək baş qaldırır, inci kimi bircə-bircə ipə-sapa düzülür. Bax, beləcə illər boyu dağ döşündə, Bisavad Teymurun ocağında həzin nəğmə səslənir. Ən saf, ən təmiz duyğulardan zərif çələng hörülür. El sənəti xonçasına neçə ərməğan verib. Çoxlu gəraylısı, qoşması var, təcnis, divani, dodaqdəyməz yaradıb. Neçə aşıqla deyişib. Ulu Ələsgərin nə qədər qıfılbəndini açıb. Yığıb-yığışdırsan, bir kitab bağlamaq olar.

Aradabir xəbər aldım: “Ustad, təzə nə yazırsan?”

Buxara papağını qaldırıb, alnının tərini sildi.

- Hövsələm daralıb - dedi - qoşub-düzdüyümü kağıza köçürə bilmirəm. Sinəmdə o qədər söz var ki...

Onda gördüm Məzahir Daşqın yavaşca əlini qoltuq cibinə uzatdı. Bir dəstə kağız çıxarıb eynəyini taxdı. Xeyli axtardı, qat kəsmiş bir vərəqi tapdı.

- Teymur lə, - dedi - qanımın qara vaxtı orda bir söz yazmışdım sənə. Ay insafsız, bilirsən hərdən necə yadıma düşürdün? Sənin üçün, Vətən üçün burnumun ucu göynəyirdi.

Süfrə üstündə vərəqi açdı. Əliylə sığalladı. Eynəyini düzəldib aramla oxumağa başladı:

Neçə illər keçir, görmürəm səni,

Hicran kəməndinə salıbdır məni.

Sevdalı Daşqının ana Vətəni,

Həsrətin çəkdiyim ellər dururmu?

 

Dərindən nəfəs aldı. Eynəyini çıxarıb üz-gözünü ağappaq dəsmalla sildi. Saralmış vərəq əldən-ələ gəzdi. Tarixinə baxıram: “İtaliya, 1945-ci il”.

Bisavad Teymurun yubileyi belə keçdi. Məruzəsiz, çıxışsız. Alqışsız, təntənəsiz. Amma baxıram, göz dəyməsin, kişi durduğu yerdə azı on il cavanlaşdı.

İkinci səfərimiz. Bir bahar günü, əhvalı xoş idi. Ötüb-keçənlərdən söhbət saldı. Danışdıqca da kövrəldi, açılışdı. Sonra da dedi ki, vaxtın olanda məni bir bəridəki Borsunlu kəndinə apar, Goranboya - işim var. Rahat bir maşın tapdım. Elə səhəri gün ikilikdə yola çıxdıq. Nə düşündüsə, kəndə burulmağa qoymadı. Rayon mərkəzinə getdik. Goranboya çathaçatda, ondan çıxmayan iş - bir həzin xatirə danışdı.

Sən demə, kənddə deyiklisi var imiş. Taleyi dönəndən murazı gözündə qalıb. İndi ömrünün bu kövrək çağında köhnə duyğular qəlbi göynədir. Dedi ki, görüşmək istəyir, adını söylədi. Tanışlarımdan xəbər aldım. Sən demə, briqadir işləyirmiş. Kəndə qayıtdıq. Bircə saata gedib tapdılar. Başı örpəkli, qarayanız bir qadın içəri girəndə tələsik ayağa qalxdı. Titrək əlini uzadıb, dodaqları nəsə dedi. Qadın onun düyünlü alnından öpəndə otaqdan çıxmaq istədim. Qolumu ehmalca sıxdı: “Otur!” Bir müddət heç biri danışmadı, daha doğrusu, danışa bilmədi. Beləcə, oturub nəmli gözlərlə bir-birinə baxdılar. Sonra yavaş-yavaş “çox sadə”, “çox isti” söhbət başlandı:

- Nə var, nə yox? Güzəranın, iş-gücün necədir? Ev-eşiyin, oğul-uşağın varmı?..

Yenə də nisgilli baxışlar. Sözsüz suallar. Qərib xatirələr, lal haraylar. Səssiz hıçqırıqlar... Mehr-məhəbbətin beləcə fəryadını heç görməmişdim!..

Qayıdanda yol boyu bircə kəlmə danışa bilmədik. Nizami məqbərəsinə çatanda, görürəm ki, dodağı tərpənir. Sanki zikr eləyir, dua oxuyur. Səssizcə fikir verirəm. Görürəm, bir-birindən həzin misralar süzülür. Bəlkə də təzə bir şeir, yeni bir inci yaranır. Yalnız bir-iki bəndini tuta bildim:

Haray ellər! Məni vaxtsız qocaltdı,

Namus dərdi, qeyrət dərdi, ar dərdi!

Siz elə bilməyin çəkirəm bu gün,

Şöhrət dərdi, dövlət dərdi, var dərdi.

 

Sonsuz sərgüzəştin söyləyib Daşqın,

Dağlara, daşlara hey deyib Daşqın.

Dərdli Məzahiri eyləyib Daşqın

Ana dərdi, Vətən dərdi, yar dərdi.

 

Üşürgələndi. “A gidi dünya” - deyib salavat çevirirmiş kimi əlini üzünə çəkərək küncə qısıldı. Yenə məchul bir aləmə qapıldı.

Neçə gün fikir verirdim . O, hələ də öz aləmində idi...

Yanına tez-tez adlı-adsız aşıqlar gələr, şeir, qoşma aparardılar. Biri ona görüm-baxım edərdi. Başqa birisi şirin dilinə salıb gedərdi. Oxunanda da çox zaman Daşqının adı “yaddan çıxırdı”. Kim bilir, beləcə, aralıqda nə qədər yazı-pozusu itib, batıb?!

Oxumaq olmaz! Çap etdirmək olmaz! Dinib-danışmaq olmaz!

1938-ci ilin mart ayında pambıqçı atası Məşədi Həmzə həbs ediləndən səksəkəli ömür sürdü. Bu yandan da əsirliyin acı ruzigarı sarsıtdı onu. Xalq düşməni övladının, əsirlikdən gələnlərin, el-oba içində görünməyi, üzdə olmağı xata idi. Məzahir baş götürüb doğma diyardan gedir.

Bir neçə ay Orconikidzedə, Tbilisidə və başqa yerlərdə sərgərdan gəzib-dolaşır. Sonralar Səməd Vurğunun köməyilə geri qayıdır və o vaxtdan qədim Gəncə torpağına həmişəlik bağlanır.

Məzahir Daşqın deyirdi ki: “Səməd mənim qibləgahımdır. Məndən cəmi dörd-beş yaş böyük olardı. Görünüşü yaşına heç uyğun deyildi. Elə gəncliyindən ağsaqqal idi Səməd qağa. Gəncəbasara gələn kimi məni tapdırar, təzə şeirləri oxutdurub diqqətlə qulaq asardı. Bir dəfə yemək vaxtı baxıram yenə papirosu papirosa calayır:

- Qağa, - dedim - xörək soyuyur axı.

Barmaqlarını qıvrım saçlarında gəzdirib gülümsündü:

- Şeirlə məni elə doyuzdurdun ki, bu mənə bir həftə bəs edər.

Vurğunla sonralar dəfələrlə görüşdüm. Hər dəfə də şükür etdim ki, dünya xali deyilmiş. Nə yaxşı ki, Allah Səmədi yaradıb.

Şair həmişə cəbhə həyatı ilə maraqlanırdı. Müharibə başlananda ordu sıralarına yazıldım. İş elə gətirdi ki, sovet qoşunlarının tərkibində İrana yola düşdüm. Burada ustad Aşıq Hüseyn Cavanla görüşdüm. Məşhur şair-aşıq Səyyahla deyişdim. Gülgəzin məclislərində iştirak etdim. Cənubi Azərbaycana aid bir sıra şeirlər yazdım.

Bir azdan Məzahirin xidmət etdiyi hərbi hissə ön cəbhəyə göndərilir. 1942-ci ilin iyulunda Krımda ağır yaralanıb əsir düşür. Başı bəlalı döyüşçü bir də1946-cı ildə Vətənə qayıdır. Amma necə?

Məzahir Daşqın o acılı, ağrılı günləri yana-yana xatırlayır: “Tale başıma min oyun açdı. Orada zülm, burada zillət. Qayıdanda heç anamla görüşməmiş tutub apardılar. Mingəçevirdə həbsxanada olanda Səməd dalımca gəldi, Bakı həbsxanasında da axtarıb tapdı məni. Bir dəfə kostyum gətirmişdi. Əynimə olmadı. “Borclu borclunun sağlığını istər” deyib bir dostuma bağışladı”.

Nəzarət, təqib, təhqir günü-gündən artırdı. Tale şairi vurub Komi vilayətinə apardı. Sibirin qışı-şaxtası, vəfasız ömrün acı-ağrısı bir-birinə qarışdı. Amansız imperiya rejiminə, Stalinin qanlı terroruna qarşı məşhur “A zalım” şeirini 1950-ci ildə elə orada yazdı.

Sənin yaratdığın qanlı səltənət,

Herona, Çingizə qazandı lənət

Hanı düzlük yolu, hanı ədalət?

Cəlladısan səadətin, a zalım!

Məzahir Daşqın deyirdi ki, “1954-cü ilin şaxtalı dekabrında Qorki vilayətində idim. Yenidən bir ümid çırağım yandı. Həmişə “xalq düşməni” deyə bizimlə sərt rəftar edən nəzarətçi bu dəfə yumşaq əda ilə məni yanına çağırdı. Sakit, mülayim səslə dedi:

- Şair, sənə bağlama gətiriblər. Adını deməsə də, Fadeyev olduğunu bildim. Bax, gör nədir?!

Düzü, çaşıb qalmışdım. Nə cavab verəcəyimi bilmirdim. Susdum və çiynimi çəkdim. Nəzarətçi iri bir bağlamanı mənə uzatdı. Onun gözü qarşısında açdım, əsasən yemək şeyləri idi, bir cüt isti corab və keçəüzlü ayaqqabı.

Sonra nəzarətçidən öyrəndim ki, Fadeyevlə gələn Səməd Vurğun imiş. Fadeyev soruşub: “Bu necə şairdir ki, onun üstündə bir belə əsirsən?”

Səməd də cavab verib: “Mənim kimi”.

Saşa mat qalıb: “Doğrudan?”

Özümü saxlaya bilmədim. Ömrümdə ilk dəfə hönkür-hönkür ağladım”.

Nəhayət, 1956-cı il gəldi. Buludlar yavaş-yavaş çəkilir, sular durulurdu. İyulun 23-də Məzahir Daşqın yorğun-əzgin Bakıya qayıtdı. Qatardan düşən kimi çiynində çanta birbaşa Yazıçılar İttifaqına gəldi. Rastına çıxan bir kişidən xəbər aldı:

- Görən, Səməd buradadırmı?

Kişi duruxdu, heyrətlə baxıb astaca cavab verdi:

- Hanı Səməd? İki ay olar, rəhmətə gedib...

Daşqını sanki ildırım vurdu. Səntirləyə-səntirləyə qarşıdakı bağa keçib, bir xeyli halsız-huşsuz oturdu. Özünə gələndə bir dəstə gül alıb, şairin məzarı üstünə getdi. “Ağladı” rədifli məşhur qoşması bədahətən elə burada yaranıb.

Duyğulardan süzülən böyük şeirdir. Sonu belə qurtarır:

Daşqınam, qəbrinə əyilir başım,

Axdı ürəyimə hicranlı yaşım.

Mahir sənətkarım, böyük qardaşım,

Ömrümün sazında tellər ağladı.

Yara üstündən təzə yara alan Məzahir Daşqın bu əhvalla Gəncəyə qayıtdı. Gerisi artıq sizə bəllidir.

Bircə onu əlavə edim ki, qəlbisınıq el şairinin yeganə təsəllisi daim qədim Gəncə olub, səfalı Hacıkənd olub, gözəl Göygöl olub.

 

Bu məktubu alan tək,

Biz tərəfə bir baş çək.

Çiçək çağırır çiçək.

Naz eləyir gül gülə,

Göygölə gəl, Göygölə.

 

Təbiətin qüdrəti,

Yaradandır cənnəti,

Görməyə bu hikməti

Hacıkənddən aş belə

Göygölə gəl, Göygölə.

Ömür boyu qəm sazını çalan Məzahir Daşqının arzusu, istəyi bax, bu cür, Vətən məhəbbəti, el-oba sevgisi, ən dilbər guşələrin tərənnümü olub.

 

Əhməd İSAYEV,

 

Azərbaycan.- 2015.- 9 sentyabr.- S. 7.