Avropa Parlamenti antiazərbaycançı şəbəkənin ən məkrli mərkəzinə çevrilib

 

“Xristian klubu” növbəti dəfə də demokratiya dəyərlərini yox, dini mənsubiyyəti əsas götürdü

 

Qlobal maliyyə böhranı hələ də səngiməyərək bir sıra dünya ölkələrinin iqtisadi inkişafına ciddi zərbə vursa da, Azərbaycanda sistemli və düzgün koordinasiya olunmuş preventiv tədbirlərin nəticəsində bütün makroiqtisadi parametrlər üzrə inkişaf təmin edilmişdir. Maliyyə resurslarının səmərəli realizəsi hökumətin qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına da əlverişli imkanlar yaratmışdır. Bu baxımdan 2015-ci ilin birinci yarısı da ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu olmuşdur.

Dünyada dərin iqtisadi və maliyyə böhranı xüsusilə Avrasiya məkanında daha ciddi formalar almışdır. İstər Avropada, istərsə də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Lakin iqtisadi böhrana, siyasi və sosial kataklizmlərə baxmayaraq, Azərbaycan bu coğrafiyanın “sabitlik adası” kimi qalmaqdadır. İqtisadi aktivliyin hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərmiş, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq makroiqtisadi sabitlik qorunmuşdur. Eyni zamanda, yüksək iqtisadi inkişaf meyilləri respublikanın maliyyə resurslarının kəskin artımına, iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan vermişdir. Ölkəmizə cari ilin 6 ayında 12,7 milyard manat sərmayə qoyulub. Bu da çox böyük rəqəmdir və bu ilin birinci 6 ayında xarici investisiyalar üstünlük təşkil edir. Xarici sərmayələrin üstünlük təşkil etməsi bir daha göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur.

 

Demokratiya siyasiləşəndə, yaxud Avropa Parlamentinin “ünvanlı demokratiyası”

 

Azərbaycanın iqtisadi və siyasi baxımdan güclənməsi, regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə ölkəyə çevrilməsi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması müəyyən dövlətləri və təşkilatları, xüsusən də ermənipərəst dairələri ciddi narahat edir. Son illər bəzi dövlətlərin və nüfuzlu təşkilatların beynəlxalq hüquq normalarına münasibətdə siyasi avantürizm sərgiləmələri belə bir qənaətin formalaşmasına gətirib çıxarıb ki, Avropa məkanında əsl demokratik dəyərlərə “ikili standart” yanaşması getdikcə güclənir. Müasir dövrdə bir sıra Qərb dövlətlərinin insan hüquqlarının müdafiəsi bəhanəsi ilə öz maraqlarını gerçəkləşdirmək cəhdlərinin tez-tez şahidi oluruq.

Azərbaycana qarşı əsassız ittihamlar, təzyiq cəhdləri ilə zaman-zaman üzləşmişik. Azərbaycanın Cənubi Qafqazın qüdrətli dövlətinə çevrilməsindən narahat olan bəzi dövlətlər, xüsusən də Ermənistanı açıq şəkildə müdafiə edən antiazərbaycançı şəbəkə ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Azərbaycan əleyhinə ənənəvi çirkin kampaniyaya Avropa və dünya miqyasında müəyyən nüfuza malik təşkilatların da qoşulması təəssüf hissi doğurur. Son illər erməni lobbisinin təsiri altında olan bir sıra qeyri-hökumət təşkilatlarının ardınca Avropa İttifaqının da Azərbaycanın əleyhinə qərəzli kampaniyalarda iştirakı buna şübhə yeri qoymur. Bu fakt, eyni zamanda, antiazərbaycançı şəbəkənin, o cümlədən ermənipərəst dairələrin ölkəmizin əleyhinə yenidən fəallaşdığını göstərir. Avropa İttifaqının nümayiş etdirdiyi nihilist və inkarçı mövqeyin erməni lobbisinin maraqları ilə tam uzlaşdığı aydın görünür.

Sentyabrın 10-da Avropa Parlamentində Azərbaycandakı vəziyyətlə bağlı müzakirələr qərəzli qətnamənin qəbulu ilə başa çatıb. Sənəddə cinayət əməlləri məhkəmə prosesi zamanı tam sübuta yetirilmiş “hüquq müdafiəçiləri” Leyla və Arif Yunuslar, həmçinin “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın adları da qırmızı xətlə keçir. Qətnamədə Avropa Parlamenti Avropa İttifaqına üzv dövlətləri, həmçinin Avropa Xarici Siyasət İdarəsini Azərbaycandakı seçkini müşahidə etməkdən çəkinməyə çağırış edilib.

Ən müxtəlif vaxtlarda adıçəkilən təşkilat “insan haqları”nın müdafiəçisi pərdəsi altında gizlənərək öz maraqlarını gerçəkləşdirmək niyyəti güdüb və hər dəfə də iflasa uğrayıb. Belə ki, hələ 2012-ci və 2013-cü ilin mayında təşkilatın Azərbaycanla bağlı qəbul etdiyi “İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair” qətnamə də ölkə ictimaiyyətinin haqlı narazılığı ilə qarşılanmışdı. Sənəddə Azərbaycanda guya “Söz və mətbuat, sərbəst toplaşmaq azadlıqlarının həyata keçirilməsi ilə bağlı problemlərin mövcudluğu” vurğulanırdı. Məsələnin absurd tərəfi həm də ondan ibarətdir ki, Avropa Parlamentinin 5 fraksiyasının üzvlərinin iştirakı ilə keçirilən toplantıda qurumun 754 deputatından cəmi 56-si iştirak etmiş, onların isə 49 nəfəri sənədin lehinə səs vermişdir. Avropa Parlamentinin təxirəsalınmaz prosedurları çərçivəsində, təxminən 30 dəqiqə davam edən dinləmələr nəticəsində tələm-tələsik qəbul edilmiş qətnamədə çoxsaylı yanlışlıqların, yoxlanılmamış müddəaların əksini tapması onun qərəzliliyini bir daha sübuta yetirmişdi. Avropa İttifaqının həmin “qətnaməsi”, sadəcə, “Eurovision-2012” kimi məşhur musiqi yarışması ərəfəsində respublikamızın nüfuzuna zərbə vurmaq, onu ləkələmək cəhdindən başqa bir şey deyildi.

Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etməsi isə ümumilikdə türk dünyasına qarşı ədalətsizliyin növbəti təzahürü oldu. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa Parlamentində (AP) qondarma “erməni soyqırımı” ilə əlaqədar cari il aprelin 15-də qəbul edilmiş qətnaməni əsassız, qərəzli və qeyri-ciddi olaraq “ikili standartlar”ın bariz nümunəsi hesab etmişdi. Xatırladaq ki, Avropa Parlamentinin Avropa Liberal Demokratlar Alyansı adından bir neçə parlamentarın (Jan-Mari Kavada, Maryel de Sarnez, Xuan Karlos, Girauta Vidal, İvan Jakovçiç, Xavyer Nart, Frederik Reis, Pavel Teliçka) qondarma “erməni soyqırımı”nın 100 illiyinin Ümümavropa anımına dair irəli sürdükləri qətnamə layihəsinin müzakirələri ətrafında çıxış edən bir sıra Avropa parlamentarları belə bir “soyqırımın baş verdiyini” söyləmişdilər. Onlar Türkiyəyə və bu ölkənin hökumətinə qarşı müxtəlif ittihamlar səsləndirmiş, soyqırımını tanımağa və Ermənistanla münasibətləri normallaşdırmağa çağırışlar etmişdilər. Bu qətnamə Avropa Parlamentinin fəaliyyətinin obyektivliyini bir daha şübhə altına aldı. Çünki Avropa Parlamenti 20 ildən artıq müddətdə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasına biganə mövqe nümayiş etdirdiyi halda, ciddi araşdırma aparmadan, tutarlı fakt, dəlil, sübut olmadan belə bir əsassız qətnamə qəbul etmişdi. Bu mənada Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə Türkiyə və Azərbaycanda demokratik dəyərlərin inkişafına qısqanc münasibətin ifadəsi kimi dəyərləndirilməlidir.

Bu gün Avropa ölkələrinin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi problemlər yaşayır. Avropa dövlətlərinin əksəriyyətində iqtisadi böhranla əlaqədar insanların sosial və mülki hüquqlarının təminatına qarşı yönələn tədbirlər həyata keçirilir. İnsanlar iş yerlərini itirir, dövlət qulluqçularının maaşları azaldılır, pensiya yaşı yüksəldilir, inflyasiya artır. Bütün bunların fonunda Azərbaycanın demokratik yolla inkişafı görünür, Avropada müəyyən dövlətləri əməlli-başlı qayğılandırır.

I Avropa Oyunları ərəfəsində də eyni ssenari, eyni “oyunçu”lar, eyni dəst-xətt və eyni “pərdəarxası əllərin” şahidi olduq. 2015-ci il mayın 12-də Avropa Parlamentində “Bakı oyunları: İnsan haqları uğrunda mübarizə” adlı tədbir keçiridi. Tədbirdə iştirak edən bəzi parlamentarilər Avropa liderlərini iyunun 12-də Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasiminə getməməyə çağırışlar etdilər. Lakin Azərbaycan dövləti ilk Avropa Oyunlarına ən yüksək səviyyədə evsahibliyi etməklə bu dairələrin məkrli planlarını alt-üst etdi. Həmin ərəfədə bəzi xarici KİV, “Amnesty İnternational”, “Fredoom House”, “Article-19”, “Human Rights Watch”, “Sərhədsiz reportyorlar”, “Transparency International” təşkilatının Almaniya bölməsi və digər bu kimi təşkilatlar vasitəsilə Azərbaycanın guya qeyri-demokratik ölkə olduğu, söz və məlumat azadlığının məhdudlaşdırıldığı, jurnalistlərə və QHT nümayəndələrinin guya peşə fəaliyyətinə görə “həbs edildiyi” ilə bağlı yalan, subyektiv mülahizələrdən ibarət, dezinformasiya xarakterli məlumatlar da dövriyyəyə buraxılmışdı. Həmin vaxt Avropa Parlamenti (AP) konkret cinayət əməllərinə görə həbs olunmuş şəxslərin “dərhal, qeyd-şərtsiz azad olunması” tələbini irəli sürmüş və müvafiq sənəd qəbul etmişdi. Bu fakt həmin sənədi qəbul edənlərin məkrli simasını açıq nümayiş etdirmişdi. “İdman və İnsan Haqları Alyansı” adlı qurum da Avropa Olimpiya Komitələrini Azərbaycana təzyiq göstərməyə çağırış etməklə “hüquq müdafiəçiləri” Leyla və Arif Yunusların da azadlığa buraxılmasını tələb etmişdilər.

Məhkəmə prosesindən dərhal sonra həmin antiazərbaycançı şəbəkənin konkret cinayət törətmiş şəxslər barədə qondarma “siyasi məhbus” imici yaratmaları da pərdəarxası məqamları üzə çıxarmağa imkan verdi. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “hüquq müdafəiçiləri” Leyla və Arif Yunusların, eləcə də “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovaya qarşı irəli sürülən ittihamlar məhkəmə prosesi zamanı tam sübuta yetirilib və onlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs olunublar. Milli hisslərini itirmiş, dərin erməni təəssübkeşliyi ilə antiazərbaycançı şəbəkənin “beşinci kolon”u funksiyasını yerinə yetirən Leyla və Arif Yunusun Azərbaycan xalqına düşmən mövqeyi faktlar əsasında təsdiqini tapdı. Leyla Yunus fəaliyyətinin bütün dövrlərində antimilli, antiazərbaycançı mövqeyi ilə tanınıb. O, həmişə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən ermənilərlə də işbirliyindən çəkinməyib. Kiminsə millət, vətən təəssübkeşliyi, milli qürur hissi olmaya bilər. Amma vicdansızlıq elə bir haldır ki, həqiqəti həyasızcasına danmaq, milyonlarla insanın haqq bildiyini nahaq kimi qələmə vermək formasında təzahür edir. Leyla və Arif Yunusların nankorluqları bir yana, hamının canlı şahidi olduğu hadisələri, faktları təhrif etmələri, ağa qara demələri onlarda həyasızlığın da ifrat həddə çatdığını göstərir. Adətən, belə absurd yanaşmaları - biz bədnam qonşularımızın ideoloqlarından görmüşük.

Antiazərbaycançı şəbəkə və onların buyuruq quluna çevrilən Leyla və Arif Yunuslar ən müxtəlif vaxtlarda ölkəmizdə ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə cəhd etmişdilər. Bəzi “hüquq müdafiə təşkilatları”, xüsusilə də “Amnesty International”, “Human Rights Watsh” və bir sıra kütləvi informasiya vasitələri Azərbaycanın imicinə zərər vurmağa çalışan, həqiqətdən tamamilə uzaq olan uydurma məlumatlar yaymışdılar. Həmin destruktiv dairələr bəzi müxalif qüvvələrlə işbirliyinə girərək öz məkrli planlarını həyata keçirməyə cəhd etsələr də, istəklərinə nail ola bilmədilər.

L.Yunus Ermənistanın “Region” araşdırma mərkəzi ilə birgə layihə həyata keçirib. “İctimai dialoqlar” adlanan saytda Azərbaycana qarşı “qara piar” kampaniyası aparıb. Həmin saytda Azərbaycanın ərazi bütövlüyü sual altına qoyulub, qondarma “DQR” “müstəqil dövlət” kimi qələmə verilib. L.Yunus ermənilərin dünyanın müxtəlif ölkələrində təşkil etdikləri tədbirlərin fəal iştirakçılarından olub. O, Almaniyanın Esslingen am Neckar şəhərində təşkil edilmiş konfransda çıxış edib, rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun Əkrəm Əylislinin müdafiəsinə qalxan ilk təşkilat olduğunu bəyan edib. L.Yunusun ermənilərlə işbirliyinə gedərək milli maraqlarımızı satması ilə bağlı kifayət qədər faktlar sadalamaq mümkündür. Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri olan Leyla Yunus AŞ PA-da Azərbaycana müsbət münasibəti ilə seçilən deputatlara qarşı kampaniya həyata keçirib, onlara qarşı ağlasığmaz ittihamlar irəli sürüb. L.Yunus Azərbaycanı müdafiə edən hər bir AŞ PA deputatını hədəfə götürməklə ölkəmizi müdafiəsiz qoymaqda maraqlı olduğunu mətbuatda açıq şəkildə bəyan edib və bununla da onun erməni maraqlarına xidmət etdiyi aşkara çıxıb. “Hüquq müdafiəçisi” adı ilə maskalanmış L.Yunus və ona yaxın olan ünsürlər Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edib. “Xidmətlərinin” müqabilində aldığı külli miqdarda vəsait hesabına, o, müxtəlif xarici ölkələrdə mülklər və s. obyektlər əldə etməyə nail olub. L.Yunus və A.Yunusla bağlı keçirilən məhkəmə prosesində onun Türkiyədə, Çexiyada mülklər aldığı, xarici təşkilatlardan verilən qrantları mənimsədiyi faktlar əsasında təsdiqini tapıb.

“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovaya qarşı irəli sürülən ittihamlar da məhkəmə prosesi zamanı tam sübuta yetirildi. Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamlar isə tam sübuta yetirilmədiyi üçün ona xitam verildi. Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yekun olaraq 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 7 il 6 ay müddətində azadlıqdan məhrum edildi.

Qeyd edək ki, antiazərbaycançı şəbəkənin və xüsusən də Avropa Parlamentinin müdafiəsinə qalxdığı Xədicə İsmayılovanın da əsl simasını Azərbaycan ictimaiyyəti 2014-cü ildə ATƏT-in Varşavada keçirilən tədbirində bir daha gördü. Azərbaycanın QHT təmsilçilərindən birinin çıxışı zamanı Xədicə İsmayılın 10-a yaxın dostu ilə etdiyi hərəkət onun erməni sevgisinin açıq nümayişi olmuşdu. Sözügedən toplantıda natiq çıxışa başlayarkən X.İsmayılova və erməni dostları ayağa qalxaraq tədbir iştirakçılarına arxa çevirmişdilər. Aşkar görünür ki, antiazərbaycançı şəbəkə və onların beşinci “kolon” təmsilçiləri adı çəkilən şəxslərin həbsindən siyasi spekulyasiyalar etməklə ölkə rəhbərliyinə təzyiq göstərməyə çalışırlar. Ancaq bu uğursuz kampaniya özünü demokratik və müstəqil qurum kimi təqdim edən Avropa Parlamentinin imicinə tam kölgə salır.

Hər bir kollegial orqanda olduğu kimi, Avropa Parlamentində də müzakirə olunan məsələlər üzrə qərar qəbul edilərkən səsvermədə iştirak etmək hər bir deputatın hüququ deyil, vəzifəsidir. Vəzifənin icra edilməməsi isə demokratik hal kimi dəyərləndirilə bilməz. Avropa Parlamentində kvorum (yetərsay) qaydasının olmamasına istinad edərək kvorum qaydasında guya “iştirak məcburiyyəti”nin olmasını qeyri-demokratik hal kimi qələmə vermək istəyənlər anlamalıdırlar ki, kvorum qaydasının olmaması parlament üzvlərinin cüzi bir hissəsinin toplaşaraq Avropa Parlamenti kimi mötəbər bir qurumun adından qərəzli qərarlar qəbul etməsinə şərait yaradır. Parlamentin işində “iştirak məcburiyyəti” ilə “iştirak azadlığı” üz-üzə qoyub ikincini demokratik hal hesab etmək absurddur. Bütöv bir ölkənin, habelə bu ölkənin milyonlarla vətəndaşının mənafeyinə toxunan qərəzli qərarlar qəbul edilməsinə imkan verən hal demokratik hesab edilə bilməz. Belə qərarların qəbul edilməsi ən azından ədalətsizlikdir. Ədalətsizliklə demokratiya yol yoldaşı ola bilməzlər. Görünür, Avropada spesifik bir “Qərb demokratiyası” və yaxud Qərbin mənafelərinə xidmət edən “ünvanlı demokratiya” mövcuddur. Demokratiya siyasiləşəndə konkret “ünvanlar”a xidmət etməklə eybəcər görkəm alır ki, bu da əsl demokratiya hesab edilə bilməz.

Bu gün Azərbaycanda siyasi və hüquqi azadlıqların təmini istiqamətində ardıcıl, sistemli addımlar atılır. Bir çox Şərq ölkələrindən fərqli olaraq, Azərbaycanda iqtisadi inkişaf və demokratikləşmə prosesləri bir-birini tamamlayır. İnsanların konstitusion hüquq və azadlıqlarının təminatı ilə bağlı heç bir problem yoxdur. Əlbəttə, keçid dövrünü uğurla başa vuran ölkəmizin qarşıda həll etməli olacağı problemləri də var və bunu ölkə iqtidarı da açıq etiraf edir. Cəmiyyəti qayğılandıran problemlər də tədricən həllini tapır, ölkə başçısının siyasi iradəsi ilə korrupsiya, rüşvətxorluq, inhisarçılıq meyillərinə qarşı mübarizə gücləndirilir. Azərbaycana qarşı qərəzli mövqe tutan, onun güclü, qüdrətli dövlətə çevrilməsi ilə barışmayan müəyyən xarici qüvvələrin yenidən fəallaşması göz qabağındadır. Lakin Qərbin “inqilab ssenariləri”nin bu məkanda reallaşdırılmasının qeyri-mümkünlüyü dəfələrlə öz təsdiqini tapıb.

Avropa “ikili standart”ların girovuna çevrilib

Bu gün dünyanın əksər regionlarında sosial, iqtisadi və siyasi problemlər qabarıq şəkildə özünü büruzə verir. Hazırda İraq və Suriya kimi dövlətlər İŞİD terrorçu qruplaşmanın zülmündən əziyyət çəkir. Terrorçuların fəaliyyəti hər iki ölkəni daha böyük fəlakətlərə düçar etməklə yanaşı, Türkiyə və digər dövlətlərə də problemlər yaradıb. Suriyada və İraqda İŞİD terrorçu qruplaşmasına qarşı əməliyyatların genişlənməsi böyük humanitar fəlakətə gətirib çıxarıb. Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti - “miqrant böhranı” ilə üz-üzədir. Şimali Afrika və Yaxın və Orta Şərqdən qaçqın və köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas üçün Avropaya üz tutmuşdur. Bu humanitar fəlakətin əsas səbəbi Qərb dövlətlərinin, xüsusən ABŞ-ın apardığı neomüstəmləkəçi siyasətidir. Son məlumatlara görə, Avropada sığınacaq alan qaçqın və köçkünlər arasında 4 min nəfərə yaxın İŞİD terrorçularının üzvləri də var. Bu fakt Avropa dövlətlərinin də artıq “barıt çəlləyi”nə yaxın olması və istənilən an bu coğrafi arealda böyük fəlakətlərlə üzləşəcəyini qaçılmaz edir.

Müasir dünya demokratiya pərdəsi altında “gizlənmiş” bir sıra Qərb dövlətlərinin insan hüquqlarının müdafiəsi bəhanəsi ilə öz maraqlarını gerçəkləşdirmək cəhdlərinin zaman-zaman şahidi olub. Özünü “demokratiyanın beşiyi” sayan bəzi dövlətlər hətta insan hüquqlarına münasibətdə özlərinin geosiyasi maraqlarından çıxış edir, beynəlxalq gərginliyi süni şəkildə artırırlar. Son dövrdə “güclünün hüququ”, “yumruq hüququ” kimi yeni anlayışlar əxz etmiş beynəlxalq hüquq nəinki milli hüquqların qibtə etməyəcəyi səviyyəyə enmiş, həm də beynəlxalq hüququn “gərəksizləşməsi”, habelə güclü dövlətlərin beynəlxalq maraqlarının təminatı “vasitəsi”nə çevrilməsi prosesləri güclənmişdir. Beynəlxalq hüququn “gərəksizləşməsi” prosesi güclü dövlətlərə hüdudsuz “fəaliyyət azadlığı” verir ki, bu da müxtəlif ölkələrin işğalı və dövlətlərin beynəlxalq hüquqlarının pozulması ilə nəticələnən halları kütləviləşdirir. Təəssüf hissi ilə qeyd etmək olar ki, bu kimi faktlarla son vaxtlar daha çox qarşılaşırıq. Beynəlxalq hüququn “gərəksizləşməsi”, onun güclünün hüququna çevrilməsi son nəticədə “beynəlxalq özbaşınalığın” güclənməsinə səbəb olur.

Bu gün həm islam, həm də xristian “pərdəsi altında gizlənərək” məkrli niyyətlərini həyata keçirməyə, gərginlik yaratmağa çalışan terrorçu qruplaşmalar, təşkilatlar var. “Əl-Qaidə” təşkilatı, HƏMAS qruplaşması, mərkəzi qərargahı Livanda olan “Hizbullah” şiə təşkilatı, Ermənistanın dəstəklədiyi ASALA, ABŞ-da “Ku-klus-klan”çıların yaratdığı “xalq drujinaları”nın fəaliyyəti dinləri gözdən salmağa, terrorla əlaqələndirməyə yönəlib. Bu da bir həqiqətdir ki, adı çəkilən terror təşkilatları müəyyən qüvvələr tərəfindən və konkret məqsədlər üçün yaradılıb. Digər tərəfdən, iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, heç bir dövlət bu qruplaşmaların törədə biləcəyi vəhşiliklərdən sığortalanmayıb. Müasir dövrdə terrorizm bütövlükdə dinc yaşamağın başlıca təhlükəsinə çevrilməklə, bütövlükdə insan hüquqları sisteminə, sivilizasiyaya ciddi və qlobal təhdiddir.

Postsovet məkanı, Şimali Afrika və Yaxın Şərq ölkələrində uzun müddət mövcud olmuş sabit siyasi sistemlər “maydan hərəkatı”, “zanbaq inqilabı” kimi adlarla kamuflyaj olunmuş zorakı üsullarla devrilmiş, yerli iqtisadiyyat dağıdılmış, dövlətlərin ərazi bütövlüyü pozulmuş, milli sərvətləri isə transmilli korporasiyalar tərəfindən talan edilməkdədir. İmperializm siyasətindən hələ də əl çəkə bilməyən ölkələr “insan hüquqları”, “demokratiya” kimi məsələlərdən konyunktur maraqlarını gerçəkləşdirmək üçün istifadə edirlər. Faktiki olaraq, “Ərəb baharı”nın baş verdiyi ölkələr sonu görünməyən böyük bir fəlakətə sürükləniblər. Bu inqilabları xalqların “xoşbəxtliyi”, “nicatı” kimi qələmə vermək istəyənlərin təbliğatı isə puça çıxıb. Çünki inqilabların baş verdiyi ölkələrdə vəziyyət əvvəlkindən daha da pisdir. Baş verənlər bir daha sübut edir ki, əslində, demokratiya bayrağı altında müəyyən ölkələrin öz geosiyasi maraqlarını gerçəkləşdirmək niyyətləri dünyada imperializmin yeni dalğasına çevrilib.

ABŞ coğrafi baxımdan uzaq olduğundan yaşanan humanitar fəlakət Şimali Afrika və Yaxın Şərqlə keçmiş metropoliya-koloniya münasibətləri ilə bağlı olan Avropa ölkələrini təhdid edir. Böyük miqrant kütləsi Avropanın sabit və rifahlı inkişafını sual altında qoyur.Lakin ABŞ-ın bəlli dairələri, xüsusilə bu humanitar fəlakətdən nəticə çıxarmayan Avropadakı bəzi qüvvələr müəyyən beynəlxalq QHT-lər və “beşinci kolon” vastəsilə Azərbaycan kimi sabit və inkişaf edən ölkələri də xaosun girdabına sürükləmək üçün cəhdləini davam etdirirlər.

Prezident İlham Əliyev sentyabrın 8-də iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə bu məqamlara toxunub: “Bu gün Yaxın Şərqdə həyata keçirilən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdır. 2011-ci ildə, 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda “Ərəb baharı”nın yaranmasından söhbət açırdılar və deyirdilər ki, bu, qaçılmazdır. Burada vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışlar. Bizim hüquq-mühafizə orqanları bütün bu işlərin üstünü açıb. Azərbaycanda “Maydan hərəkatı” yaratmaq istəyirdilər. Gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyonlarla dollar vəsait aşkarlanıb ki, qanunsuz yollarla, yerli “Beşinci kolon”un vasitəsilə, qeyri-hökumət təşkilatları adı ilə Azərbaycana gətirilsin, vəziyyət gərginləşsin və burada bəzi xarici dairələrin xidmətində olan insanları da hakimiyyətə gətirsinlər. 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha da ciddi formalar almışdır. Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunub. Mən bunu açıq deyirəm. Mən bunu başqa cür qəbul etmirəm. Ancaq Azərbaycan xalqının, dövlətinin düşmənləri bu işlərdə iştirak edə bilərdi.

Çünki bu gün Azərbaycan dünya miqyasında müasir, dünyəvi, inkişafda olan, açıq, tolerant bir dövlətdir. Biz kimə mane oluruq?! Heç kimə! Bizim bütün ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətlərimiz var. Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Biz kimə mane oluruq?! Ancaq o dairələrə ki, hər yerə hakim olmaq, hər yerdə “marionetka” görmək istəyirlər. Ləyaqətli, öz xalqına güvənən, xalq tərəfindən dəstəklənən siyasətçiləri artıq görmək istəmirlər”.

Azərbaycanın müstəqil siyasəti, sabitlik, iqtisadi uğurlar, dünyada getdikcə artan nüfuzu antiazərbaycançı şəbəkəni qıcıqlandırır. Hazırda Azərbaycana qarşı təşkil olunan kampaniyanın əsas səbəbi məhz bu amildir. Təəssüf ki, bu kampaniya indi həmişə müşahidə edildiyi kimi, ABŞ, Almaniya və Böyük Britaniyanın bəlli KİV ilə məhdudlaşmır. Azərbaycanın əsas ticarət tərfdaşlarından olan İtaliya mediası, Azərbaycan investisiyalarında maraqlı olan bəzi Balkan ölkələrinin KİV-ində də bu və ya digər şəkildə çirkin antiazərbaycançı kampaniyasına cəlb ediliblər. Bu həm də Azərbaycanla Avropa ittifaqı ölkələri arasında inkişaf edən siyasi-iqtisadi əlaqələri korlamaq üçün növbəti cəhddir.

“Azərbaycanda hər şey xalqın iradəsi ilə həll olunur, xarici dairələrin təhriki ilə yox. Azərbaycan xalqı bütün bu çirkin niyyətlərə yox dedi, Azərbaycan iqtidarını dəstəklədi və bu gün bu dəstək bizim əsas güc mənbəyimizdir. Xalq ilə iqtidar arasındakı birlik Azərbaycanda sabitliyin qarantıdır. Bizim bütün uğurlarımıza xor baxanlar da bunu bilsinlər” - deyən Prezident İlham Əliyev antiazərbaycançı qüvvələrə sərt mesaj ünvanlayıb. Azərbaycanın regionun güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr ölkəmizə qarşı “təzyiq rıçaqları” istənilən formada işə salsalar da, istəklərinə nail ola bilmirlər. “İkili standartlar”ın əsirinə çevrilən bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkədə demokratik proseslərin dərinləşməsini, vətəndaşların maddi rifah halının yaxşılaşmasını qətiyyən arzulamırlar. Antiazərbaycançı qüvvələr hələ də sadəlövhəcəsinə ümid edirlər ki, hansısa süni problemlər yaratmaqla ölkə rəhbərliyinə “təsir imkanı” qazana bilərlər. Azərbaycana qarşı aparılan qərəzli kampaniya da ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi güdür. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilməkdədir. Bunu gözü götürməyən antiazərbaycançı qüvvələrin ölkəmizə qarşı apardıqları qərəzli kampaniyalar heç vaxt nəticə verməyib və bu gün də edilən cəhdlər uğursuzluğa düçar olacaq.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 12 sentyabr.- S. 5.