Avropanın ədalət böhranı

 

Son vaxtlar dünyanın gündəmini zəbt edən əsas məsələ Yaxın Şərq və Şimali Afrikadan qaçan miqrantlarla bağlıdır. Qərb mediası böyük bir insanlıq faciəsi yaşanan hadisələri gecə-gündüz özünəməxsus ritorika ilə işıqlandırır. Yüz minlərlə insan Avropaya sığınmaq ümidi ilə öz yurdundan qaçır. Böyük ümidlərlə qanlı münaqişələrdən canını qurtarmış qaçqınların hazırkı taleyi daha acınacaqlıdır.

Əgər qaçmağa məcbur olduqları doğma vətənlərində onları bir güllə və ya bomba partlayışı nəticəsində ölüm gözləyirdisə, pənah apardıqları Avropada aclıq, məhrumiyyətlər, düşərgələrdə törədilən yanğınlar nəticəsində ölümlər, şəxsiyyətlərinin alçaldılması, islamofob münasibət və reaksiya, qeyri-insani rəftar, yolda isə “ölüm dənizi”ndə balıqlara yem olmaq gözləyir. Statistikaya görə, təkcə 2015-ci ildə dənizdən keçməklə Avropaya 239 200 nəfər gəlib çata bilmişdir. Aralıq dənizində ölənlərin sayı isə 2664 nəfər olmuşdur və bu say ancaq cəsədləri tapılanlara aiddir. Taleyi heç vaxt məlum olmayacaq minlərlə insan isə dəniz sularında öz sonluğunu tapmışdır. Buna görədir ki, bütün tarix boyu Avropanı ayıran dəniz indi öz funksiyasına uyğun “ölüm dənizi” adlandırılır.

Sual olunur: niyə? Niyə bu insanlar Qərb jurnalistlərinin məzhəkə obyektinə çevrilməli idilər? Niyə onlar Avropada qapılarda qalmalıdırlar? Niyə bir müsəlman Papanın mərhəmətinə əsasən kilsəyə sığınmalıdır? Axı bu proseslərin necə başladığı hamıya məlumdur. Qərbin müdaxiləsi olmasaydı istər Afrikadan, istər Suriyadan, istərsə də Əfqanıstandan heç kim Avropaya mühacirət etmirdi. Amerikanı heç demək istəmirəm. Çünki ABŞ-da yaxşı bilirlər ki, mühacirlər qayıqlarla okeanı keçə bilməzlər. ABŞ-ın ildə cəmi 5-6 min qaçqını qəbul etməsi isə məsələnin əsl mahiyyətini ortaya qoyur.

Qərbin müdaxiləsindən əvvəl Afrikada və Yaxın Şərqdə bu insanlar pis-yaxşı yaşayırdılar. Qərbin vəd etdiyi yalançı demokratiya, söz azadlığı isə regiona ancaq bədbəxtlik gətirdi. Yaxın Şərq bu qədər faciəli dövrü sonuncu dəfə keçən əsrin ortalarında yaşamışdı. Qərb dövlətlərinin müstəmləkə imperiyasından və zülmündən qurtulmaq üçün azadlıq mübarizəsi zamanı.

İndi isə Avropa insanlıq faciəsi yaşayan miqrantların məsuliyyətini daşımaq istəmir. Avropa liderləri miqrant axını ilə bağlı fərqli mövqedən çıxış edirlər. Bəziləri humanitar fəlakəti bir kənara qoyub, bu axını Avropanın gələcəyinə təhlükə adlandırırlar. Birləşmiş Krallığın xarici işlər və birlik işləri üzrə dövlət katibi Filip Hammondun buna reaksiyası məsələnin əsl mahiyyətini açır. Onun fikrincə, “milyonlarla talançı afrikalı miqrant Avropa İttifaqının yaşayış standartına və sosial quruluşuna təhlükə yaradır”. Avropada bu cür düşünən siyasi liderlərin sayı az deyil.

Hazırda hətta ikinci bir tendensiya da müşahidə olunur. Son dövrlər Qərb mediası özünü “İraq Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın üzvlərinin adi emiqrant kimi Avropaya sızmasının kütləvi hal almasını geniş təbliğ edir. Belə faktların həqiqəti nə qədər əks etdirdiyini demək çətin olsa da, bu tezisin miqrantların axınının qarşısını sərtliklə almaq üçün arqument olduğu artıq görünür. Beləliklə də Qərb mediasının Avropanın mühacirlərlə sərt davranışına haqq qazandırması müşahidə olunur.

Ümumiyyətlə, Avropa İttifaqı daxilində miqrantların ölkələr üzrə bölüşdürülməsi, onların problemlərinin həlli və yardımla bağlı vahid mövqe yoxdur. Sentyabrın 9-da Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avropa Parlamentində Avropa İttifaqının mövcud vəziyyəti ilə bağlı çıxışı zamanı miqrant problemi ilə bağlı 22 ölkəyə çağırış edərək bildirmişdir ki, “gələn həftəyə qədər Yunanıstan, İtaliya və Macarıstan 122 min qaçqını öz aralarında bölüşdürməlidir”.

Maraqlı mənzərədir və Avropa İttifaqının öz daxilində belə böyük ziddiyyətlərin olduğunu göstərir. Komissiya sədrinin müraciətindən belə görünür ki, miqrantların əsas yükü Avropanın qərbinə gedib çatmayacaq. Nədənsə Yaxın Şərqdəki silahlı münaqişələrdə heç bir rolu olmayan, əksinə, bacardığı qədər müstəqil siyasət yeritməyə çalışan və buna görə Avropada ikinci dərəcəli münasibət bəslənən Macarıstanın üzərinə böyük yük qoyulur. Belə görünür ki, miqrant böhranına səbəb olanlar bu yükün məsuliyyətini daşımaq istəmirlər.

Bir neçə gün əvvəl keçirilmiş müşavirədə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hazırda yaşanan böhranın səbəblərini dəqiqliklə göstərdi. Onun fikrincə, “Avrasiya məkanında yaşanan böhranın əsas səbəbi sabitliyin pozulmasıdır və bəzi ölkələrin siyasi maraqlarıdır”. Bu prizmadan çıxış edərək humanitar fəlakət yaşandığı günümüzdə ilk növbədə sabitliyi pozanların cavabdehliyi öz üzərlərinə götürmələri lazımdır.

Ümumiyyətlə, Jan-Klod Yunkerin Avropa Parlamentində çıxışını siyasi şou da adlandırmaq olar. Onun məzhəkə ruhunda çıxışı zamanı qeyri-ciddi reaksiyalar, replikalar o qədər çox idi ki, mövzunun insanlıq böhranı olduğu qətiyyən hiss olunmurdu. Təsadüfi deyil ki, o öz çıxışını poema adlandırdı. Martin Şultsun sədrlik etdiyi Avropa Parlamenti haqqında belə bir fikir səsləndi ki, “avroparlament elə bir yerdir ki, orda kimə gəldi rast gəlmək olar”. Əslində, bu ifadə tam reallığı əks etdirir. Avropa Parlamentinin qəbul etdiyi qətnamələrə səs verənlər çox zaman məsələnin mahiyyətindən xəbərdar olmurlar. Təsadüfən parlamentə düşən çoxsaylı qeyri-ciddi, siyasətdən kənar adamlar siyasi məsələlərə münasibət bildirməli olurlar. Halbuki nə bu siyasi proseslər onları maraqlandırır, nə də ki, onlar maraqlanmaq istəyirlər. Son illər isə Martin Şultsun dirijorluğunda siyasi sifarişləri yerinə yetirirlər.

Bu cür münasibətin mahiyyətində isə Qərb sivilizasiyasının özünəməxsus xüsusiyyətləri dayanır. Avropada problemlər onun öz qapısını döyənəcən görməzlikdən gəlinir. Məlum olduğu kimi, tarixin böyük bir dövründə avropalılar yalnız özlərinin yaşadığı məkanı sivil dünya hesab edirdilər. Hətta sivilizasiya dedikdə yalnız avropalıların həyat tərzi nəzərdə tutulur, bütün digərləri isə barbar hesab edilirdi. Baxmayaraq ki, Avropa bu gün əldə etdiyi nailiyyətlərin bir çoxunu Şərq ölkələrinin mədəniyyətinə borcludur. Bu cür olan halda isə hətta müasir dövrümüzdə belə yalnız hər hansı bir problem onların maraqlarına toxunduqda Avropanın diqqətini cəlb edir.

Təsadüfi deyil ki, günümüzdə Suriyadan olan miqrantların problemlərinin həllini bir-birinin üzərinə atan Avropa liderləri ancaq bəyanat verməklə məşğuldurlar. Ancaq unutmaq olmaz ki, Suriyada münaqişə başlayan ilk gündən Türkiyəyə 2 milyondan çox insan sığınmışdır. Bəs necə olur ki, indi miqrantları ölkələr üzrə paylamaq istəyənlər bu illər ərzində nə Türkiyəyə yardım təklif etmiş, nə qaçqınları bölüşmək istəmişlər?! Avropa İttifaqına üzv olmaq məsələsi qalxanda Türkiyəyə yox deyənlər özlərinin yaratdıqları münaqişə nəticəsində qaçqın vəziyyətinə düşmüş insanların problemlərinin həllində Türkiyəyə yardım etmirlər.

Bu ikili standartlar özünü açıq-aydın göstərir. Hazırda Avropa mətbuatında miqrantlarla bağlı məsələ ən aktual mövzudur, bütün Avropa ictimaiyyəti bu haqda düşünür. Çünki yeni gələn miqrantların yardıma ehtiyaclarının olması Avropada həyat standartlarına ciddi təsir edir. Hazırda iqtisadi böhran yaşayan, işsizlik və yoxsulluğun artdığı Avropada isə miqrant axını həyəcan təbili kimi çalınır. Ancaq Azərbaycanın 20 ildən çoxdur ki, 1 milyondan çox qaçqın və məcburi köçkün problemini necə həll etməli olduğu onları düşündürmür. Avropa siyasətçiləri bu illər ərzində hansı zülmlərlə yaşayan azərbaycanlı qaçqın və məcburi köçkünlərin nəinki problemlərinin həllinə səy göstərmirlər, hətta yeganə bacardıqları iş olan bəyanat belə vermirlər, Ermənistanı işğalçı adlandırmaqdan çəkinirlər. Azərbaycanlı qaçqınların ən fundamental hüquq olan yaşamaq hüququ Avropada heç kəsi düşündürmür.

Fundamental hüquqlara məhəl qoymayan Avropa institutlarını nədənsə ayrı-ayrı ölkələrdə “insan hüquqları”nın vəziyyəti narahat edir. Öz ölkəsinin maraqlarına deyil, Qərbdə müxtəlif dairələrə xidmət edən şəxslərin bu əməlləri ifşa olunan kimi Avropa Parlamenti, Avropa Şurası, Avropa İttifaqının komissarları qətnamə qəbul etməyə, bəyanat verməyə başlayırlar. Belə bir mənzərə yaranır ki, sanki bu qurumlar demokratiya uğrunda mübarizə aparırlar. Ancaq qətnaməyə səs verən deputatlar arasında məsələnin tam mahiyyəti haqqında bilənlərin və hətta mətndə yazılanları təkrar soruşduqda xatırlayanların sayının heç 10 nəfəri keçmədiyini istənilən rəy sorğusu sübut edə bilər. Bu isə Avropa Parlamentinin reallığa deyil, siyasi sifarişə xidmət etməsinin göstəricisidir.

Beləliklə, Avropa böhran yaşayır və bu, ilk növbədə ədalət böhranıdır. Bütün digər iqtisadi, maliyyə, mənəviyyat, siyasət böhranının da əsasında ədalətli münasibət dayanır. Əgər bu münasibət dəyişməsə, Avropa hər kəsi olduğu kimi qəbul etməsə, işğalçıya işğalçı deyə bilməsə, xristian təəssübü və islamofob meyillər aradan qalxmasa, ölkələrin daxili işlərinə müdaxilə dayandırılmasa, Avropanın bir cəzbetmə qüvvəsi olaraq gələcəyi şübhə altına düşür.

 

Ərəstü HƏBİBBƏYLİ,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini

 

Azərbaycan.- 2015.- 13 sentyabr.- S. 4.