Gecə yarısı döyülən qapılar...

 

Onun haqqında az yazılıb. Özü çox az. Amma əzablı, məşəqqətli bir ömür yolu keçirib, ağrılı həyat yaşayıb. Özü demişkən, bircə günahı o olub ki, şair Əhməd Cavadın həyat yoldaşıdır. Şükriyyə Axundzadənin səmimi etiraflarında çox mətləblər aydınlaşır. İlk söhbətimizi xatırlayıram: 1994-cü ilin yazında görüşmüşdük. Haqqında televiziya verilişi hazırlayırdıq. Şəmkirin Seyfəli kəndində yaşayırdı. Deyirdi ki, bura Əhməd Cavadın ata-baba yurdudur. Ömrünün sonunda bu ocağa sığınmışdı. Xeyli sorğu-suala tutsaq da, danışmaq istəmirdi.

- Nədən danışım, a bala, - deyirdi - başımıza gəlməyən oyun qaldı ki?... Sorğusuz-sualsız düz 8 il azadlıqdan məhrum etdilər. Adını da qoydular ki, vətən xaininin həyat yoldaşısan. Səsimizi çıxara bilməzdik. Onsuz da heç kəs bizi eşitmək istəmirdi. Üçlükbelə qərar vermişdi. Bir müddət Bakıdakı Bayıl həbsxanasında saxladılar. Yorucu sorğu-suallardan bezmişdik, yaşamağa ümidimiz azalmışdı. Köməksiz qoyub gəldiyim üç balamın taleyini düşünürdüm. Eşitmişdim ki, böyük oğlum Aydını Keşlə həbsxanasında saxlayırlar. Tukayı Stalinqraddakı əmək koloniyasına göndərmişdilər. Yaş yarımlıq Yılmazı isə südəmərlər evinə təhvil vermişdilər. Bayıl həbsxanasında heç köməyimə çatmırdı.

Şükriyyə xanım hələ o vaxtlar xeyli yaşlı görünürdü. Açıq-aydın bilinirdi ki, ömrü boyu xoş anların xiffətini çəkib, əzablı günlər yaşayıb. Bayıl həbsxanasından sonra onu Qazaxıstana sürgün etdilər. Özü deyirdi ki, bizi mal-qara qatarı ilə uzaqlara ötürəndə heç cəzamızın müddətini bilmirdik. Bilmirdik ki, sabah bizi gözləyir. Çox sonralar öyrəndik ki, hələ 8 il dözməliyik. Şükriyyə xanım elə təlaşla, həyəcanla danışırdı ki, elə bil yaşının bu çağında da onu izləyirdilər. Hələ Qazaxıstan çöllərinin təndir kimi yanan istisinin odu-alovu canından çıxmamışdı. Sən demə, 1937-ci ilin radiasiya zolağından asanlıqla qurtarmaq olmur. O illərin sərt cəza maşını çoxlarının həyatına asanlıqla son qoyurdu. Bu barədə tədqiqatçılar, araşdırmaçılar o qədər faktlar üzə çıxarıblar ki... Hansını sayıb sadalayaq?! Qırmızı imperiyanın qara planına bax, İlahi! İl ərzində Azərbaycanda qətlə yetiriləcək insanlarla bağlı xüsusi plan hazırlanmışdı. O plana görə 3 ayda 1500 nəfərin güllələnməsi nəzərdə tutulmuşdu. Belə total qərarlar cəmi 15 dəqiqəyə verilirdi. Çoxsaylı qətllərin arxasında minlərlə günahsız ailənin faciəsi dayanırdı. Elə Əhməd Cavadın ailəsi belə naşı qərarların güdazına gedənlərdən biri olmuşdu.

O illərin üstündən yarım əsrdən çox vaxt ötsə , Şükriyyə xanım faciənin ayrı-ayrı məqamlarını dönə-dönə xatırlayırdı. Çətin olsa da, günləri bir-birinə calayırdı. Deyirdi ki, adamlar ən ağır xəstəsinə həyan ola bilmirdi. Buna da qadağalar qoyulmuşdu. Hər nəzarət altında idi. Körpə Yılmaz ağır xəstəliyə tutulanda qardaşı Niyazi ona həkim gətirmək istəyir. Elə buna görə Niyazini Bayıl həbsxanasına göndərirlər. Körpəni isə 75 yaşlı nənəsi Yaxşı xanımın himayəsinə verirlər. Yaxşı xanımı isə qocalıq təqaüdündən məhrum edirlər. Adamları ən adi vərdişlərdən - gündəlik yaşayışdan bezdirirdilər. Elə cəza tədbirləri düşünürdülər ki, insan daim əziyyət çəksin. Bütün bunlara baxmayaraq, şair Əhməd Cavadın istedad dalğası 37-ci ilin dözülməz qadağalarını qat-qat üstələyir. Onu heç bir təqiblə, cəza mexanizmi ilə susdurmaq olmurdu. Hər misrası ağlın, ayıq təfəkkürün məhsulu kimi bir zəlzələ yaradırdı, ədəbi hadisəyə çevrilirdi. Belə azad düşüncəli fikirlər o dövrün ehkamçı filtrindən keçə bilmirdi. Ona görə həm özü, həm ailəsi əzab çəkməli olurdu...

Şükriyyə xanım o illərə qayıtmaq istəmirdi. Deyirdi ki, əzabları xatırlamağın özü çətindir. Ona görə ki, məni zorla, hökmlə vətəndən ayırmışdılar. Elə cəza tədbirləri seçmişdilər ki, bütün bunlar insanlıqla bir araya sığmırdı. Şükriyyə xanım deyirdi ki, minlərlə günahsız soydaşımız gözlərimiz önündə ən ağır cəzalara məhkum olunurdu. Adamları bilərəkdən qəsdən incidirdilər, gecəli-gündüzlü ağır işlərə cəlb edirdilər. Qətlə yetirilənlərin sayı-hesabı bilinmirdi. Heç kəs öz sabahına ümidlə baxmırdı.

Yaşamağa inamı azalsa da, Şükriyyə xanım öz ləyaqətini axıra qədər qoruyurdu. Uzaq Qazaxıstan çöllərində belə yaşamaq qədər çətin olsa da, Şükriyyə xanım əzab-əziyyətə, məhrumiyyətlərə dözür, zorakılıq zəncirini qırmağa cəhd edirdi. Şükriyyə xanım deyirdi ki, bircə təsəllim vardı: Əhməd Cavadla bağlı xatirələr mənə mənəvi dayaq olur, güc verirdi. Xəlvətə çəkilib onun əzbərdən bildiyim şeirlərini dönə-dönə zümzümə edirdim. Bəlkə eşidib-bilən olsaydı, bunun da ayrıca cəzasını alacaqdım... Söhbətimizdə deyirdi ki, heç olmasa gec olsa, bəraət qazandım, geriyə döndüm. Ən azı, Vətəndə ölmək üçün. Bu da bir arzudur, istəkdir. 1937-ci ilin vahiməsi çoxlarını bu istəkdən məhrum etdi.

O illərin tədqiqatçıları yazır ki, 37-ci ilin repressiya maşını vaxt-vədə bilmədən işləyirdi. Zülmət gecələrdə bəd xəbərlər daha tez yayılırdı. Əgər belə qaranlıq gecələrdə aparmağa gəlirdilərsə, geriyə yol yox idi. Onda şərin, böhtanın qarşısını almaq üçün haqqı o qədər naziltmişdilər ki, heç ələ gəlmirdi. Gedənlərin sorağı ya uzaq Sibirdən gəlirdi, ya Qazaxıstan çöllərindən, ya da heç səs-soraq olmurdu.

37-ci ilin dəhşətlərini yaşayanlar bir onu deyirlər ki, o illərdə məhv olan əxlaqi dəyərlər fiziki ölümdən qat-qat çox idi. Bəlkə saya-hesaba gəlmirdi. Qolu-qanadı qırılanlar, əli-ayağı qıc olanlar yalnız Sibirdə donanlar deyildi. Uzaq Qazaxıstan çöllərində günahsız məhv olan insanlar, Bayıl türməsində güllələnənlər, gecənin qaranlığında öz uşaqlarının gözü qabağında qətlə yetirilənlər... Hansını sayıb-sadalayaq?! Bu adamların bircə günahı vardi: imperiya qanunlarına əyilmirdilər. Total zovqlə yaşamırdılar...

Şükriyyə xanım deyirdi ki, məni o çətin günlərin sınağından keçirən içimdə gizli-gizli boy atan inam idi. Inanırdım ki, vaxt-vədə gələcək mənəviyyatımızı, düşüncəmizi zədələyənlər, bizə qətl hökmü oxuyanlar tarixin arxivində qara ləkə kimi qalacaq. Əhməd Cavad onun düşüncə, məslək dostları öz dəyərini, qiymətini alacaq. Şükriyyə xanım, son illəri görməsə , dirçəlişin ilk mərhələsinə şahidlik etdi. Şahidi oldu ki, müstəqil Azərbaycanın ilk himninin sözlərini yazan Əhməd Cavad uca tutulur, qədir-qiymətini alır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə repressiya qurbanı olan şair yazıçıların külliyyatı tam çap olundu, geniş oxucu kütləsinə çatdırıldı. Daha doğrusu, dövlətimiz imperiyanın kobud səhvlərini aradan qaldırmaq üçün ciddi tədbirlər gördü, tariximizin yaddaşı təzələndi, itkilərimiz bərpa olundu. Bütün bunlar o dövrün səhvlərinə ədalətli qayıdışdır.

Bəşir ŞƏRİFLİ,

 

Azərbaycan.- 2015.- 15 sentyabr.- S. 7.