Azərbaycan Avropa Parlamenti ilə münasibətlərini yenidən nəzərdən keçirir

 

Demokratik quruculuq yolu ilə gedən respublikamız həssas bir bölgədə yerləşsə də, onun həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə milli inkişaf modeli formalaşıb. Azərbaycanda demokratik inkişaf suverenlik və özünütəminetmə prinsiplərinə söykənir. Azərbaycanın bölgənin faktiki güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr narahatlıqlarını müxtəlif formada izhar etdirir, ölkəmizə qarşı “təzyiq rıçaqları” tapmağa çalışırlar. “İkili standartlar”ın əsirinə çevrilən bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkədə demokratik proseslərin dərinləşməsini, vətəndaşların maddi rifah halının yaxşılaşmasını qətiyyən arzulamırlar və hələ də sadəlövhcəsinə ümid edirlər ki, hansısa süni problemlər uydurmaqla ölkə rəhbərliyinə “təsir imkanı” qazana bilərlər.

Müasir dövrdə “demokratiya çətiri” altında müəyyən təşkilatların “ikili standartları” nəinki demokratik ideallara kölgə salır, hətta beynəlxalq hüququ iflic duruma gətirir. Müstəqil Azərbaycan da 20 ildən artıq bir müddətdə bu təsirləri öz üzərində hiss edərək onları uğurla neytrallaşdırmış, demokratik inkişafın yalnız hüquqi, siyasi və iqtisadi islahatların paralelliyi şəraitində mümkünlüyünü öz təcrübəsində sübuta yetirmişdir. Regionda müstəqil siyasət yürüdən, geosiyasi təzyiqləri inamla dəf edən respublikamıza “təzyiq rıçaqlarını” itirmələri ilə qətiyyən barışa bilməyən müəyyən əcnəbi qurum və təşkilatlar “demokratiya bayrağı” altında ənənəvi spekulyasiyalarından əl çəkmək istəmirlər. Bəzi təşkilatların hesabatlarında Azərbaycanla bağlı ifrat qərəzin yer alması, kiçik nöqsanların həddən artıq şişirdilməsi ölkə ictimaiyyəti üçün müəyyən mənada adiləşmişdir. Lakin bəzən bu çirkin kampaniyaya Avropa və dünya miqyasında müəyyən nüfuza malik təşkilatların da qoşulması sadəcə təəssüf hissi doğurur.

Sentyabrın 10-da Avropa Parlamentində Azərbaycandakı vəziyyətlə bağlı müzakirələr bədnam qətnamənin qəbulu ilə başa çatdı. Qətnamənin layihəsini liberal-demokratlardan ibarət fraksiya (ALDE qrup) hazırlayıb. Layihənin müəllifləri qeyd ediblər ki, sənədi hazırlayarkən Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair əvvəlki qətnamələrini də nəzərə alıblar. Sənəddə cinayət əməlləri məhkəmə prosesi zamanı tam sübuta yetirilmiş “hüquq müdafiəçiləri” Leyla və Arif Yunuslar, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın adları da qırmızı xətlə keçir. Qətnamədə Avropa Parlamenti Avropa İttifaqına üzv dövlətləri, həmçinin Avropa Xarici Siyasət İdarəsini Azərbaycanda keçiriləcək parlament seçkisini müşahidə etməkdən çəkinməyə çağırış edilib.

Azərbaycanla bağlı qərəzli qətnamənin “təxirəsalınmaz məsələ” kimi gündəmə gətirilməsi heç bir normal məntiqə sığmır. Görəsən, ölkədə təxirəsalınmaz, haqqında təcili tədbir görülməsi vacib olan nə baş verib? Bir sıra Avropa ölkələrindən fərqli olaraq ölkəmizdə ictimai-siyasi və iqtisadi sabitlik hökm sürür, korrupsiyaya və digər neqativ hallara qarşı kəskin mübarizə aparılır, vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Hamı bilir ki, Avropanın bir sıra ölkələrində ictimai-siyasi vəziyyət heç də yaxşı deyil. Məsələn, bu gün Almaniya, İspaniya, İtaliya və digər ölkələrdə sanksiyalaşdırılmamış aksiyalara icazə verilmir və onların qarşısı ən sərt formada, amansızlıqla alınır.

Bu qətnamə Avropa Parlamentinin fəaliyyətinin obyektivliyini bir daha şübhə altına alır. Çünki Avropa Parlamentinin 20 ildən artıq müddətdə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasına biganə mövqe nümayiş etdirdiyi halda ciddi araşdırma aparmadan əsassız qətnamə qəbul etməsinin başqa izahı ola bilməz. Bu mənada Avropa Parlamentinin qəbul etdiyi həmin qərəzli qətnamə Azərbaycanda demokratik dəyərlərin inkişafına qısqanc münasibətin ifadəsi kimi qiymətləndirilməlidir. Bu gün Avropa ölkələrinin əksəriyyəti insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi problemlər yaşayır. Korrupsiya bəzi ölkələrin rəhbər şəxsləri səviyyəsində dəstəklənir. Əksər Avropa dövlətlərində müsəlmanlar açıq-aşkar təqib olunur, dini inanclarına görə təhqir edilir, sıxışdırılır. Bir sıra terror aktlarının məhz müsəlmanlara qarşı həyata keçirilməsi bu geosiyasi arealda ekstremist millətçilik əhval-ruhiyyəsinin gücləndiyini təsdiqləyir.

Avropa dövlətlərinin əksəriyyətində iqtisadi böhranla əlaqədar insanların sosial və mülki hüquqlarının təminatına qarşı yönələn tədbirlər həyata keçirilir. İnsanlar iş yerlərini itirir, dövlət qulluqçularının maaşları azaldılır, pensiya yaşı yüksəldilir, inflyasiya artır. Bütün bunların fonunda Azərbaycanın demokratik yolla inkişafı, dünyanın qabaqcıl ölkələri sırasına daxil olmağın strateji hədəf kimi qarşıya qoyulması, görünür, Avropada müəyyən dövlətləri əməlli-başlı qayğılandırır. “Demokratiya bayrağı” Azərbaycana qarşı təzyiq, habelə öz enerji və iqtisadi maraqlarının təmini üçün təsir vastəsi kimi istifadə etmək heç bir nəticə verməyəcək.

Sentyabrın 14-də Azərbaycan Respublikası Milli Məclisi Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar növbədənkənar iclas keçirərək qərar qəbul edib. Qərarda göstərilir: “Avropa Parlamentinin Azərbaycana dair 2015-ci il sentyabrın 10-da qəbul etdiyi qətnamə bu parlament təşkilatında ölkəmizə qarşı sistemli və davamlı şəkildə aparılan qərəzli qarayaxma kampaniyasının son dərəcə təhqiramiz xarakter aldığını göstərir. Bu dəfə insan hüquqları bəhanəsi altında Azərbaycanda xalq tərəfindən dəstəklənən siyasi hakimiyyətə şər və böhtan atılmış, ölkəmizlə Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında inkişaf edən tərəfdaşlıq münasibətlərini sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirərək onu dünyaya inteqrasiya prosesindən təcrid etməyə uğursuz cəhd göstərilmişdir”.

Təəssüf doğuran haldır ki, bu gün hansısa təəssübkeşliklə Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsini etiraf etmək istəməyən Qərbin “demokratiya carçıları” Azərbaycandakı xırda çatışmazlıqları süni şəkildə şişirdir, təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik proseslərə, antihumanist, zorakı addımlara isə göz yumurlar. Ermənistanda son bir neçə həftədir ki, ölkə əhalisi S.Sarkisyan rejiminə qarşı ardıcıl aksiyalar təşkil edir. Ermənistan KİV-lərində mitinqlərə çıxan əhaliyə qarşı polis tərəfindən necə amansız divan tutulması fotolarda və videoçarxlarda aydın göstərilir. Hökumət qüvvələri nümayişçilərə qarşı zorakılıq edir, onların liderlərini isə həbs edir. Qərbin demokratiya “təəssübkeşləri” baş verənləri nədənsə “görmürlər”. Azərbaycan torpaqlarının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğalını rəsmən etiraf edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi isə Avropada nədənsə “yada düşmür”.

Milli Məclisin qərarında bu barədə göstərilir: “Avropa Parlamenti Şərq tərəfdaşlığı proqramının iştirakçısı olan digər ölkələrdə insan hüquqlarının pozulması hallarına göz yumaraq yalnız özünə məlum olan səbəblərə görə bu cür problemləri məhz Azərbaycanda axtarmaqla məşğul olur. Qeyd etmək yerinə düşər ki, bütün beynəlxalq hüquq normalarını və prinsiplərini pozaraq Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, 1 milyon azərbaycanlını qaçqına və məcburi köçkünə çevirmiş Ermənistan Respublikasının bölgədə insan hüquqlarının və azadlıqlarının kütləvi pozuntularına səbəb olması məsələsi bugünədək Avropa Parlamentində bir dəfə də müzakirə edilməmişdir. İnsan hüquqlarını ali dəyər kimi elan edən Avropa Parlamenti Dağlıq Qarabağ probleminin insan hüquqları və humanitar aspektlərinə nəzər salmağı nədənsə lazım bilməmişdir. Digər tərəfdən, Avropa Parlamenti öz sənədlərində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinad etsə də, bu məhkəmənin Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının hüquqlarının bərpasına çağıran “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı 2015-ci il 16 iyun tarixli qərarına etinasızlıq göstərmişdir.

Heç kəsə sübut etməyə ehtiyac yoxdur ki, Azərbaycanda insan hüquqlarının və əsas azadlıqların təmin olunması üçün xeyli iş görülmüşdür və bu iş indi də davam etməkdədir. Ölkədə peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur. Avropa Parlamentinin qətnaməsində bir sıra şəxslərin azadlığa buraxılması ilə bağlı irəli sürülən tələblər heç bir hüquqi və siyasi əsasa malik olmayıb, Azərbaycanın müstəqil məhkəmə sisteminə müdaxilə cəhdi kimi qiymətləndirilməlidir”.

Azərbaycan demokratik inkişaf yolunu Avropanın və Qərbin xoşuna gəlmək üçün seçməyib. Bu yol xalqımızın demokratiyanı bərqərar etmək, hüquqi dövlətin yüksək standartlarına nail olmaq əzmi ilə bağlıdır. Qərəzli iddialara, qərarlara baxmayaraq respublikamız demokratiyanın şəksiz üstünlüklərini bundan sonra da gerçəkləşdirərək insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yolundan heç vaxt çəkilməyəcək.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.-16 sentyabr.- S. 9.