Üzeyir dühası

 

Azərbaycanın XX əsr mədəniyyət və musiqi tarixində Üzeyir bəy Hacıbəyli qədər hələ öz zamanında geniş şöhrət qazanaraq tanınan və sonralar da adı və xatirəsi daim əziz tutulan ikinci bir şəxs təsəvvür etmək çətindir. Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılığına həsr edilmiş ən müxtəlif səpkili əsərlərin - irihəcmli monoqrafiya və tədqiqatlardan tutmuş məqalə, oçerk, esse və digər yazılara qədər - sayı minlərlə ölçülür və kiçik xülasələr, rəylər, xəbərlər hələ bu sıraya daxil edilmir. Onun haqqında onlarca sənədli və bədii filmlər çəkilmişdir. Yalnız Azərbaycan və ya keçmiş sovet məkanında deyil, xarici ölkələrdə də yaxşı tanınan, əsərləri haqqında müxtəlif dillərdə yüzlərlə yazılar dərc olunan bu böyük, sözün əsl mənasında, dahi bəstəkarın adı yalnız onun özünə deyil, mənsub olduğu xalqa və ölkəyə də şöhrət gətirmişdir.

Bunun müqabilində istər xalq, istərsə də hökumət dairələri Üzeyir bəyin xidmətlərini layiqincə qiymətləndirmiş, xüsusilə sovet dövründə Ü.Hacıbəyli ölkənin və dövlətin ən yüksək ad və mükafatlarına layiq görülmüş, musiqi yaradıcılığı, təhsili və elmi sahələrində ən yüksək vəzifələr tutmuş, sovet dövlətinin ali seçkili orqanlarında təmsil olunmuş, böyük ehtiram, diqqət və qayğı içində yaşamışdır.

Lakin bütün bunlarla bərabər, Üzeyir bəy Hacıbəylinin şöhrət və məhəbbət dolu ömür yolu, xüsusilə sovet dövrü, heç də zahirən göründüyü kimi sabit və təlatümsüz olmamışdır. İllərlə basqı və qorxu, təqib və təzyiq şəraitində yaşayıb-yaratmalı olan sənətkar öz həyatının bəlkə də ən əlamətdar və mühüm saydığı zaman kəsiyindəki fəaliyyətini və mövqeyini gizlətməyə, yaxud “unutmağa” sövq edilmişdir. Onu bu “unutqanlığa” sövq edən rejim də ən müxtəlif səbəblərdən, Üzeyir bəy Hacıbəylinin “unutduqlarını” “görməməzliyə” vurmuş, “görməli” olanda da üstündən keçmişdir. Hətta bəstəkarın ölümündən çox illər sonra, onun anadan olmasının 80 illiyinin Sovet İttifaqında siyasi iqlimin “mülayimləşmə” dövrünə təsadüf etdiyi bir zamanda belə böyük sənətkarın həyatının “unudulmuş” 5 ilini açıqlamaq məqbul sayılmamışdır.

1964-cü ildə “Azərbaycan opera sənətinin banisi, SSRİ xalq artisti, iki dəfə Dövlət (Stalin) mükafatı laureatı, akademik, bəstəkar, ədib, mühərrir, maarifçi, tərcüməçi və müəllim” Üzeyir bəy Hacıbəylinin yubileyinin ən yüksək səviyyədə qeyd edilməsinə hazırlıq işləri başlayarkən Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Ü.Hacıbəylinin vaxtilə ilk direktoru olduğu Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu onun 10 cilddə əsərlərinin nəşrinə başlamışdır. Bu cildlərə görkəmli şəxsiyyətin ədəbi, publisistik və musiqi əsərləri daxil olmalı idi. Lakin 4-cü cilddən sonra “Əsərləri”n nəşri səbəb göstərilmədən dayandırılmış və bir daha davam etdirilməmişdir.

Əslində, bu səbəb Üzeyir bəyin tərcümeyi-halına və publisistik irsinə az-çox bələd olanlara məlum idi: “Əsərlərin” 4-cü cildi Ü.Hacıbəylinin redaktoru olduğu “Yeni İqbal” qəzetinin 1915-ci il 6 oktyabr tarixli nömrəsində dərc edilmiş “Ordan-burdan” başlıqlı felyetonu ilə bitirdi. Məntiqə görə, 5-ci cildə müəllifin sonrakı illərdə digər mətbuat orqanlarında dərc edilmiş məqalə və felyetonları daxil edilməli idi. Ortaya çıxan maneə də məhz bu mətbuat orqanları - ilk növbədə Məhəmməd Əmin Rəsulzadənin redaktoru olduğu “Açıq söz” qəzeti, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı və Üzeyir bəyin özünün 15 ay redaktorluq etdiyi “Azərbaycan” qəzeti ilə bağlı idi.

Bu qəzetlərdəki yazılarında Üzeyir bəy Hacıbəyli tamamilə milli məfkurə daşıyıcısı, Azərbaycan istiqlalı tərəfdarı, onun ən mübariz və qətiyyətli müdafiəçisi, erməni-daşnak və rus ağqvardiyaçı-bolşevik qüvvələrin barışmaz tənqidçisi kimi çıxış edir, kəskin antibolşevik mövqe nümayiş etdirirdi.

Bolşevik-kommunist sovet rejiminin öz milli-mədəni siyasətinin təntənəsinin sübutu, partiya və hökumətin qayğısının nəticəsi olaraq yetişmiş milli sovet yaradıcı ziyalıları arasında ən böyük və nüfuzlu simalardan saydığı Üzeyir bəy Hacıbəylinin 1915-1920-ci illər fəaliyyətini, hətta onun ölümündən sonra belə, açıqlanması doğrudan da qeyri-mümkün idi. Çünki bu halda dahi bəstəkarın öz xalqı qarşısında böyük xidmətlərinin heç də yalnız onun ölməz musiqi əsərləri, yaxud musiqi mədəniyyəti və təhsili sahələrində fəaliyyəti ilə məhdudlaşmadığı meydana çıxırdı. Bu xidmətlərdən ən mühümü isə onun Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetindəki fəaliyyəti ilə bağlı idi.

1918-ci ildə “Azərbaycan” qəzetinə gələndə Üzeyir bəy artıq özünü sırf milli məfkurənin daşıyıcısı olmaqla yetkin bir siyasi publisist və ictimai xadim kimi təsdiq etmiş və milli istiqlal arzusu ətrafında cəmlənmiş dövrün görkəmli ictimai xadim və ədiblərinin cərgəsində öz yerini tutmuşdu. Lakin Üzeyir bəyi bu cərgəyə gətirən yol çox uzaqlardan başlayırdı.

Hələ yeniyetməlik və ilk gənclik illərindən Üzeyir bəy çoxşaxəli istedadı, bacarığı, zəhmətsevərliyi və yüksək əxlaqi keyfiyyətləri ilə onu əhatə edən insanların, o cümlədən müxtəlif millətlərin nümayəndələrinin diqqətini cəlb etmiş və onların dərin hörmətini qazana bilmişdi. Bu münasibətlərin ilkin təzahürləri artıq Qori Seminariyasında oxuduğu zaman meydana çıxmışdı. Seminariyada ilk dəfə Avropa klassik musiqisinin əsasları və not sistemi ilə tanış olan Üzeyir bəy Azərbaycan xalq havalarını nota köçürərək dəftərçəsində qeydlər edirdi. Həmin dəftər seminariya rəhbərliyinin diqqətini cəlb etmiş və “Qori dəftəri” adı ilə “ən yaxşı şagird işi kimi” 1902-1903-cü illər Paris sərgisinə göndərilmişdi.

1904-cü ildə Qori Seminariyasını bitirən Üzeyir bəy bu təhsil ocağının qanunlarına görə, ən azı 3 il məcburi işləməklə Qarabağın Hadrut - erməni kəndinə müəllim təyin olunur. Lakin bir ildən sonra, 1905-ci ildə erməni-müsəlman silahlı münaqişələrinin başlanması ilə Üzeyir bəy həmin kəndi tərk etməli olur: gecə vaxtı bir dəstə erməni kəndliləri azərbaycanlı müəllimi yuxudan oyadır və gözlənilən təhlükə qarşısında təcili Hadrutdan getməyi məsləhət bilirlər. Kəndlilər Üzeyir bəyi özləri ilə gətirdikləri ata mindirir və yandırdıqları məşəllərlə ətrafı işıqlandıraraq onu Bakıya gedən yola çıxana kimi müşayiət edirlər. Bu hadisə, təbii ki, gənc Üzeyirin hafizəsində iz buraxmaya bilməzdi və cəmi bir neçə ildən sonra, 1918-ci ildə Qarabağda erməni üsyanları yenidən baş qaldırdıqda Üzeyir bəy bu mövzuda yazdığı onlarca məqaləsində yerli erməni kəndli əhalisini fitnəkar daşnak-andraniklərdən fərqləndirməyi və onların özlərini də erməni terrorçularından xilas etməyi zəruri sayırdı. (Son nəticədə, həqiqətən, Azərbaycan hökumətinin və xüsusilə Qarabağın qubernatoru Xosrov bəy Sultanovun çox çevik, ehtiyatlı və cəsarətli siyasəti nəticəsində Qarabağın erməni əhalisinin böyük hissəsi Azərbaycan tərkibində qalmağa üstünlük vermişdi).

1905-ci ildə Bakıya gələn 20 yaşlı gənc Üzeyiri bu böyük şəhərdə yeni həyat gözləyir. Mövcud bürokratik qayda-qanunlar çərçivəsində çətinliklə Bibiheybətdəki ibtidai məktəbə müəllim düzələn Üzeyir bəy qısa müddət ərzində azərbaycanlı - türk uşaqların tədrisi sahəsində bir çox problemlərin - dərsliklərdən ibtidai siniflər üçün hesab dərsliyi, rusca-türkcə, türkcə-rusca lüğət hazırlamaqla bu sahədə ilk addımlarını atır və gənc müəllim dərhal azərbaycanlı həmkarlarının diqqətini cəlb edir. 1907-ci ildən başlayaraq Bakıda müsəlman müəllimlərin elə bir yığıncağı, toplantısı olmur ki, orada Üzeyir bəy Hacıbəyli rəyasət heyətinə seçilməsin, yaxud hansısa bir komissiyaya sədrlik, nəzarət və s. ona tapşırılmasın. Birmənalı demək olar ki, Üzeyir bəy həyatını yalnız təhsil sistemi ilə bağlasaydı belə, Azərbaycanın böyük islahatçı - maarifçiləri cərgəsinə daxil olacaqdı.

Lakin 1905-ci il Bakının qaynar ictimai-siyasi və mədəni həyatı böyük istedadlar və cəsarətli arzular üçün geniş imkanlar açırdı. Həmin dövr Rusiya inqilabının təsiri ilə imperiyanın ucqarlarında da yaranmış nisbi azadlıqlar şəraitində Azərbaycan milli mətbuatının təşəkkülü fonunda Azərbaycan milli şüurunun formalaşması prosesi sürətlə güc toplamağa başlayır. Azərbaycan ictimai-siyasi və ədəbi-mədəni fikrinin tanınmış nümayəndələri Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Cəlil Məmmədquluzadə, Ö.F.Nemanzadə və başqalarının səyləri ilə bir-birinin ardınca yeni qəzet və jurnallar nəşrə başlayır, ilk müsəlman xeyriyyə cəmiyyətlərinin əsası qoyulur, gənc M.Ə.Rəsulzadə özünün ilk siyasi yönlü təşkilatını yaradırdı. Böyük istedad və fəaliyyət üçün son dərəcə münbit sayıla biləcək məhz bu mühitdə Üzeyir bəy Hacıbəylinin güclü publisistik və satirik qələmə malik olduğu üzə çıxır. 1905-1916-cı illərdə qısa fasilələrlə (Moskva və Peterburqda təhsil aldığı illər) Ü.Hacıbəyli dövrün ən ciddi və sanballı mətbuat orqanlarında - “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Molla Nəsrəddin”, “Həqiqət”, “İqbal” və s. ən müxtəlif mövzularda ən müxtəlif janrlarda 700-dən artıq məqalə və felyeton yazmış, “İrşad” və “Tərəqqi” qəzetləri redaksiyalarında mütərcim və felyetonçu işləmiş, müxtəlif illərdə “Tərəqqi”, “Yeni İqbal” və “Həqiqət” qəzetlərinin mühərriri və redaktoru olmuşdur.

Elə həmin dövr Üzeyir bəy özünün professional musiqi sahəsində ilk addımını atmış, 1908-ci ilin yanvarında “Leyli və Məcnun” operası ilə yalnız Azərbaycanda deyil, bütün müsəlman Şərqində operanın əsasını qoymuş, 1915-ci ilə qədər daha 5 opera və 3 operetta yazmaqla, onlara səhnə həyatı verməklə özünün bu sahədə də böyük istedad və təşkilatçılıq qabiliyyətini tam şəkildə təsdiq etmişdir.

Lakin bütün bu uğurlar heç də asan başa gəlmirdi. Rusiya imperiyasının idarə aparatı, Dövlət Dumasının fəaliyyəti, qeyri-rus xalqlara və millətlərə münasibət və s. kimi siyasi-ictimai mövzularda ciddi tənqidi mövqedən yazılmış məqalə və çıxışlara görə çar hökumətinin senzura orqanları qarşısında cavab verməli olduğu halda, bəzi yerli mətbuatın açıq-aydın qərəzli, böhtan və təhqir dolu hücumları gənc mühərrir, jurnalist və bəstəkarı yalnız özünü deyil, həyatını həsr etdiyi işin və amalının müdafiəsinə qalxmağa vadar edirdi. Üzeyir bəyin ümummilli, xalq mənafeyini şəxsi maraqlarından üstün tutması kimi keyfiyyəti özünü hələ 1909-cu ildə “Zənbur” jurnalının ona və redaktoru olduğu “Tərəqqi” qəzetinə hücum kampaniyası zamanı büruzə verirdi.

“1908-ci ildə “Tərəqqi” qəzetinin təsisçisi və redaktoru Əhməd bəy Ağayev İstanbula uzunmüddətli səfəri ilə əlaqədar qəzetin müvəqqəti mühərrirliyini redaksiyanın gənc əməkdaşı Üzeyir bəy Hacıbəyliyə tapşırır. Bu qəzetin Azərbaycan cəmiyyətində nüfuzu, onun iti qələmli redaktorunun üstəlik bəstəkar şöhrəti, görünür, “Zənbur” satirik jurnalının rəhbərliyini narahat edir və onu hörmətdən salmaq, həm də öz adını qaldırmaq niyyəti ilə jurnalda bir neçə qərəzli, fitnəkar məzmunlu yazılarla bərabər, həm də qarabağlılara məxsus geyimdə Ü.Hacıbəylinin karikaturası çap edilir.

Bu hücumlara cavab vermək qərarına gələn Üzeyir bəy öz yazısını heç bir giriş-filan etmədən birbaşa belə başlayır: “Ümum millətimizin asayiş və səlamətini gözləyən “Tərəqqi” kimi bir qəzetin mühərriri olduğum üçün “zənbur”çulara ciddi surətdə təklif edirəm ki, mənə qarşı hər nə həzyənat söyləyəcəklərsə, söyləsinlər. Lakin məni bəhanə edib də yekdil və yekvücud olması lazım gələn millətimizin içinə “qarabağlı”, “bakılı” kimi fitnəəngiz məsələlər salmasınlar...”

“Tərəqqi” qəzetində dərc olunmuş və bir qədər emosional ruhda yazılmış bu cavabı İstanbulda oxuyan Əhməd bəy Ağayev 24 yaşlı gənc həmkarına göndərdiyi məktubda qəzeti və şəxsən Əhməd bəyi müdafiə etdiyi üçün təşəkkürünü bildirməklə yanaşı, sakit olmağı, bir daha belə şeylərə cavab verməməyi tövsiyə edir: “Sən öz işinlə məşğul ol, bacardıqca millətinə xidmət et... Əmin ol ki, əhali nə qədər avam olsa da, hər kəsi gözəlcə bilir, tanıyır. Ona görə də hər kəsi qədərincə təqdir edir!”

Bu tövsiyə Üzeyir bəyin qarşıdakı geniş siyasi və ictimai publisistik fəaliyyətinin hər hansı şəxsi inciklik və emosiyalardan uzaq, təmkin və soyuqqanlılıq, eyni zamanda güclü məntiq, əsaslandırılmış təhlil və tənqid, inandırmaq məharəti kimi xüsusiyyətlərə malik olmaqla tamamilə yeni bir mükalimə aparmaq səviyyəsinə qalxmasında mühüm rol oynayır.

Məşğul olduğu bütün sahələrdə nümayiş etdirdiyi danılmaz istedadla yanaşı, ictimai fəallığı, iti müşahidə, nəticə almaq və qərar vermək qabiliyyəti, ən nəhayət, bütün qanına və canına hopmuş yüksək vətənpərvərlik və millətsevərlik hissləri Üzeyiri vətən və millətin taleyində daha yaxından iştirak etmək qənaətinə gətirir.

1915-ci ilin sonlarından başlayaraq Üzeyir bəyin imzası dövrün ən görkəmli ictimai xadim və ədibləri Ə.Ağayev, Ə.Haqverdiyev, H.Cavid, Ə.Cavad, T.Şahbazi, Y.V.Çəmənzəminli, N.Vəzirov, Ə.Əzimzadə və başqaları ilə birlikdə “Türkləşmək, Modernləşmək, İslamlaşmaq” şüarı altında çıxan “Açıq söz” qəzetinin fəal yazarlarının sırasında görünür. Azərbaycan milli ideologiyasının formalaşmasında müstəsna xidmətləri olan bu mətbuat orqanının səhifələrində Ü.Hacıbəyli artıq sırf milli məfkurənin daşıyıcısı, yetkin siyasi publisist və ictimai xadim kimi türk-azərbaycanlı kütlələrin milli şüurunun oyanması prosesində iştirak edir. Rusiyada 1917-ci il Fevral inqilabı, daha sonra Oktyabr çevrilişi Azərbaycan milli qüvvələrini və bu sıraya daxil olan Üzeyir bəy Hacıbəylini də Azərbaycan xalqının gələcək müqəddəratı ilə bağlı daha qətiyyətli mövqe nümayiş etdirmək zərurəti ilə üzləşdirir. Məhz həmin dövrdən başlayaraq Üzeyir bəy özünün gələcəkdə müsavatçılar barəsində dediyi kimi, “heç bir “sağ” ya “sol” cərəyanlara meyil etmədən” sırf milli-istiqlal tərəfdarı kimi çıxış edir.

Maraqlıdır ki, elə Üzeyir bəyin ictimai-siyasi fəaliyyəti ilə bəstəkarlıq fəaliyyətini birləşdirmək cəhdi ilk dəfə məhz bu dövrdən başlayır. 1917-ci ilin sonlarında Y.V.Çəmənzəminlinin “Açıq söz” qəzetində Üzeyir bəyə ünvanlanan “hər millətin, xalqın öz milli marşı var, bizimki niyə olmasın” təklifini qəbul edən publisist-bəstəkar az sonra elə “Açıq söz” qəzetinin səhifələrində artıq belə bir “milli himn” yazdığını bildirir və bu musiqi növünün əhəmiyyətini izah etməklə marşın 1918-ci ilin ilk günlərində “O olmasın, bu olsun” tamaşasından qabaq çalınıb oxunacağını xəbər verir. Həmin yazıda Üzeyir bəyin ilk himn bəstələmək təcrübəsi sayıla biləcək bu milli marşın tam mətni də dərc olunur və məşhur türk hökmdarlarının adları çəkilən, türkün qüdrətindən bəhs olunan həmin mətndən bu ilk milli marş- himnin tam türkçülük ruhu daşıdığı bəlli olur.

Yenicə istiqlalına yetişmiş vətənində Üzeyir bəy bəstəkar fəaliyyəti ilə deyil, dövrün siyasi-ictimai tələblərinə daha çox cavab verən “qəzetçiliklə” məşğul olmağı məqbul sayır və 1918-ci ilin sentyabrında Gəncədə nəşrə başlayan, 5-ci sayından isə Bakıda, kiçik qardaşı Ceyhun Hacıbəylinin redaktorluğu ilə çıxan “Azərbaycan” (Azərbaycan dilində) qəzetinin parlament müxbiri olmağa qərar verir. Qəzetdəki ilk yazılarını Ü.Hacıbəyli Azərbaycan Parlamentinin açılış hazırlıqlarına həsr etməklə bu tarixi hadisəni - Parlamentin açılış mərasimini böyük bir hüsn-rəğbətlə işıqlandırır. 1919-cu ilin yanvar ayında C.Hacıbəylinin Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin tərkibində Fransaya getməsi ilə bağlı Ü.Hacıbəyli M.Ə.Rəsulzadə ilə birlikdə qəzetin redaktorları təyin olunurlar. Lakin tezliklə Azərbaycan Parlamentində “Müsavat” fraksiyasının başçısı Məhəmməd Əmin bəyin qəzetdəki fəaliyyətinin yalnız məqalə yazmaqla kifayətlənəcəyi məlum olduqdan sonra redaktorluq vəzifəsi yalnız Üzeyir bəyin öhdəsində qalır və arada 2 ay fasilə olmaqla təxminən 15 ay müddətində - Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər - Üzeyir bəy Hacıbəyli bu mühüm missiyanı ləyaqətlə yerinə yetirir.

 

(ardı var)

 

Solmaz RÜSTƏMOVA-TOHİDİ,

tarix elmləri doktoru, professor

 

Azərbaycan.- 2015.- 18 sentyabr.- S. 11.