Musiqi dolu həyat

 

Ötən yüzillikdə Azərbaycan xalqı bəşəriyyətə çox parlaq simalar bəxş etmişdir. Elə simalar ki, onlar haqqında düşüncələr nur kimi ürəyimizi, qəlbimizi isidir, ruhumuza qida verir. Ən çıxılmaz, ən mürəkkəb anlarda bizdə gələcəyə ümid hissi oyadır, bizi yaşadır, qürurlandırır. Onlar əsrin sınağından, illərin sərt süzgəcindən, hətta siyasi-ictimai maneələrdən keçə-keçə əbədiyaşarlıq qazanmış fədailərdir. Uca Tanrının Azərbaycana bəxş etdiyi belə işıqlı simalardan biri Müslüm Maqomayevdir. Bu gün biz bu böyük bəstəkarın ildönümünü qeyd edir, təkrar-təkrar mənalı həyat yolunu izləyirik. Hər dəfə də yeni kəşflər edirik.

Belə şəxsiyyətlərin yaratdıqları bədii sərvətin çəkisi, tutumuna görə, bir insan ömrünə sığmır. Bəstəkar, müəllim, dirijor, folklorçu, maarifçi, təşkilatçı, ictimai xadim və s... Bunların hər biri müstəqil sənət qollarıdır, ayrı-ayrılıqda tək bir insan ömrü, tək bir insan həyatı üçün ayrılmış mədəni-tarixi vəzifələrdir. Lakin elələri də var ki, bu keyfiyyətləri özündə cəmləşdirir.

Müslüm Maqomayev haqqında danışarkən Üzeyir bəy Hacıbəylini anmamaq mümkün deyil. Ü.Hacıbəylinin söylədiyi kimi, onlar “bir çox çətinliklərə qarşı birgə sinə gərərək”, irəliyə - inkişafa, gələcəyə, beləliklə də, əbədiliyə doğru bir yerdə addımlamışlar. Ü.Hacıbəyli ilə eyni zamanı, eyni taleyi bölüşən M.Maqomayev gözəl musiqi sərvəti yaratmış, daim özünəməxsusuluğunu, fərdi yaradıcılıq prinsiplərini qoruyub saxlaya bilmiş, Azərbaycan musiqisinin dünya musiqi mədəniyyətinə qovuşmasında böyük xidmətlər göstərmişdir.

Ü.Hacıbəyli M.Maqomayevi “cəsarətli novator” adlandırmışdır. M.Maqomayevin yaradıcılığını təhlil etdikcə, öz dövrü üçün bu sözlərin nə qədər dəqiqliklə deyildiyini aydın görürük. M.Maqomayev də öz sənət dostu kimi, bəstəkar yaradıcılığına iri səhnə əsəri - “Şah İsmayıl” (1919) operası ilə başlamışdır. Ü.Hacıbəylinin səhnə əsərlərini özünə nümunə götürən bəstəkar, bununla belə, muğam operası çərçivəsindən kənara çıxmış, əsərə klassik opera formaları daxil etmiş, sırf opera janrına keçidi sürətləndirmişdir. Bu addım o dövr üçün böyük cəsarət, bacarıq tələb edirdi. Ü.Hacıbəyli özü bu operanı “ilk təşəbbüs” adlandırmış, əsəri yüksək qiymətləndirmişdir.

“Şah İsmayıl” üzərində davamlı iş, yeni redaktələr, bu sahədə ardıcıl axtarışlar “Nərgiz” (1935) operasına axarlı keçidi təmin etmişdir. Tamamilə xalq musiqisi əsasında yazılan, xalq melodiya və intonasiyalarından qaynaqlanan bu əsər tarixə klassik Avropa üslubunda yaradılan ilk opera kimi daxil oldu. Hər iki əsər, ümumilikdə isə, M.Maqomayevin bir çox əsərləri Azərbaycan xalqının mədəni sərvətinə çevrildi. Bəstəkarın musiqisi öz gözəlliyi və xəlqiliyi, melodiyaların səmimiliyi və zənginliyi, obrazların qabarıqlığı və fərdiliyi, orkestr şərhinin rəngarəngliyi, mövzuların əhəmiyyəti ilə musiqi tariximizdə əbədi olaraq öz yerini tutmuşdur.

Onu da qeyd edək ki, Şah İsmayıl Xətainin adı Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mübarizlik simvolu, milli qürur yeri kimi tez-tez çəkilir. Maraqlıdır ki, professional sənət tarixində bu şəxsiyyətin bədii obrazına ilk dəfə müraciət edən məhz M.Maqomayev olmuşdur. Fikrimcə, bəstəkar tərəfindən belə bir mövzunun, Şah İsmayıl Xətai obrazının seçilməsi təsadüfi deyildi, ictimai-siyasi dövrlə, milli oyanış, vətənpərvərlik hissləri ilə bağlı olaraq yaranmışdı. Onu da qeyd edək ki, eyni adlı xalq dastanının və onun variantlarının Xətai ilə bağlı olub-olmaması ilə əlaqədar bir sıra fərqli fikirlər səslənməkdədir. Bu mövzudan yan keçərək, onu qeyd etmək istərdik ki, biz musiqiçilər böyük sərkərdə, şair, Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətaini tarix kitablarından deyil, məhz musiqi ədəbiyyatı və tarixi üzrə əsərlərdən tanıyırıq.

M.Maqomayev dirijorluq fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Hələ seminariyada oxuyarkən bu sənətə həvəs göstərmiş, tələbə orkestrinə dirijorluq etmiş və 1912-ci ildən etibarən (Ü.Hacıbəylinin “Əsli və Kərəm” operasının ilk tamaşası), demək olar ki, səhnəyə qoyulan bütün opera tamaşalarında orkestr pultu qarşısında dayanmışdır. Bu fəaliyyəti sayəsində 1924-cü ildən etibarən Opera Teatrına direktor və bədii rəhbər kimi başçılıq etmiş və ömrünün sonuna kimi dirijorluq fəaliyyətini davam etdirmişdir. Ü.Hacıbəylinin və yenicə yaranan professional əsərlərin ilk ifaçılıq təfsiri, teatrın simfonik orkestrinin püxtələşməsi, peşəkar ifaçıların yetişməsi, bir çox opera əsərlərinin tamaşaya hazırlanması sahəsində misilsiz xidmətlər göstərmişdir.

M.Maqomayevin bir folklorçu kimi də çox görmüşdür. Mənəvi və maddi irsin toplanmasının, qorunmasının nə qədər böyük önəm daşımasını dərk edən M.Maqomayev bu işə çox erkən - Qori Seminariyasında (1899-1904) oxuyarkən başlamış, xalq mahnılarını toplamış, nota salmış, xor üçün işləmişdir. Lənkəranda müəllim kimi çalışdığı dövrlərdə də (1905-1911) bu işi davam etdirmiş, bir sıra el nəğmələrini özünün təşkil etdiyi tələbə orkestri və xorunun ifasında səsləndirmişdir. 1927-ci ildə isə M.Maqomayev Ü.Hacıbəyli ilə birlikdə məlum “Azərbaycan türk el nəğmələri” adlı toplu hazırlamış və 33 el havasını (onlardan ikisi Ü.Hacıbəylinin qələminə məxsusdur) nota köçürmüş, bəzilərini isə harmonizə etmişdir. Bu toplu ilə böyük bir başlanğıcın təməli qoyulmuş və musiqi folklorşünaslığının inkişafına güclü təkan verilmişdir. Elmi ədəbiyyatda bəstəkarın AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun arxivində üç yüzə yaxın xalq mahnısının saxlandığı da bildirilir.

M.Maqomayev mahnılarla yanaşı, bir sıra xalq rəqslərini, təsnif və rəngləri də nota salmış, yeri gəldikcə öz əsərlərində bacarıqla istifadə etmişdir. Bəstəkar yaradıcılığı boyu milli musiqinin, demək olar ki, bütün növlərinə, janr və formalarına müraciət etmişdir: aşıq musiqisindən - şikəstələrdən, kərəmilərdən, zərbi-muğamlardan, muğamlardan, mahnı və rəqslərdən yararlanmış, ən başlıcası isə yazdığı melodiyalarda milli özəlliyi, xalq-mahnı intonasiyalılığını qoruyub saxlamağa nail olmuşdur.

M.Maqomayevin yaradıcılığının mühüm səhifələrindən biri də ilk dəfə olaraq, “Rast” muğamının yazıya alınmasıdır. Bəstəkar muğamı Q.Pirimovun ifasından dramaturji ardıcıllıqla - mayə və şöbələri ilə birlikdə (Mayə, Hüseyni, Vilayəti, Şikəsteyi-fars, Əraq) nota köçürmüşdür. Bəstəkarın məhz bu not yazıları xalq musiqisini dərindən öyrənməyə, ən kiçik və incə məqamları, melodik, metr-ritmik, forma və quruluş özəlliklərini üzə çıxarmağa imkan yaratmış və bununla da gələcək yaradıcılıq uğurlarını, musiqisinin xəlqiliyini təmin etmişdir.

Azərbaycan xalq musiqi yaradıcılığına dərin maraq və sevgi ilə yanaşan M.Maqomayev bir neçə dəraməd, təsnif və rəngləri, eləcə də xalq rəqslərini simfonik orkestr üçün harmonizə edərək işləmiş və beləliklə də özünün ilk kiçik həcmli simfonik musiqi nümunələrini, “Pişdəramədi-çahargah” fantaziyası, “Rəngi-şüştər”, “Dəramədi-şüştər”, “Təsnifi-şur”, eləcə də “Turacı”, “Əsgərani”, “Ləzginka” və “Ceyranı”(“Ceyran” rapsodiyası) yaratmışdır. Opera teatrında bədii rəhbər və dirijor kimi simfonik orkestrlə birbaşa təmasda olan M.Maqomayev bu sahəyə daim böyük maraq göstərərək yaradıcılığını davam etdirmiş, “Azərbaycan çöllərində”, “Ceyran” rapsodiyalarını, “Dərviş” fantaziyasını, “Azad Azərbaycan qadınının rəqsi”, “Şəlalə”, həmçinin məşhur “Azərbaycan radiosu marşı”nı (“RV-8”) və başqa əsərlər yazmışdır. Bunlar muğam janr və formalarının orkestr üçün işlənmə təcrübəsi yolunda ilk nümunələr - milli dinləyicini bu səpkili musiqiyə hazırlamaq, təbliğ etmək cəhdləri idi.

M.Maqomayevin yaradıcılıq planları, qurub-yaratmaq arzusu hüdudsuz olmuşdur. O, bir çox janrlarda əsərlər - mahnılar (“Yaz”, “Tarla”, “Bizim kənd”, “Saz”, “Kəklik”, “Neft”,”Mazut ordusu”, “Zərbəçinin nəğməsi” və s.), ilk dram tamaşalarına musiqi (C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “1905-ci ildə”), kinomusiqi (“Azərbaycan incəsənəti”, “Bizim raport”, “Lökbatan”), musiqili komediya (“Xoruz bəy” - tamamlanmamışdır) yazmış, balet üzərində (“Dəli Muxtar” tamamlanmamışdır) işləmişdir.

Bütün bunlar M.Maqomayevin tükənməz istedadından, xalq musiqisinə dərin məhəbbətindən irəli gəlirdi. Ü.Hacıbəyli onu “mahiyyəti, məqsədi etibarilə sırf xalq bəstəkarı” adlandırmışdı. M.Maqomayev Üzeyir bəy Hacıbəyli ilə birlikdə, dövrünün mütərəqqi ideyalı, maarifpərvər ziyalıları ilə çiyin-çiyinə - N.Nərimanov, S.S.Axundov və başqaları ilə birlikdə xalqımızın tərəqqisi, yeni mədəniyyət quruculuğu uğrunda mübarizə aparmış, yorulmadan fəaliyyət göstərmişdir.

1921-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığının incəsənət şöbəsinə, 1929-cu ildə Azərbaycan Radio Mərkəzinin musiqi verilişlərinə rəhbərlik etmişdir. Bu illərdə yeni musiqi kollektivlərinin yaradılması, görkəmli musiqiçilərin radioda işə cəlb olunması, repertuarın genişləndirilərək zənginləşdirilməsi və xalq musiqi yaradıcılığının bütün qollarını əhatə etməsi məsələləri, musiqi əsərlərinin lentə köçürülməsi və s. ilə bağlı böyük işlər görmüş, uşaqların bədii-estetik tərbiyəsini, musiqi təhsili qarşısında dayanan mühüm problemləri önə çəkmişdir. O, yeni tipli mahnıların, “türk mövzusunda əsərlər” bəstələnməsinin, “türk musiqisinin” simfonik orkestrin ifasında səslənməsinin vacibliyini dərindən dərk edərək bu sahəyə çox böyük səy və əmək sərf etmişdir. Bu fəaliyyətinə görə “Əməkdar incəsənət xadimi” adına, bir çox medal və mükafatlara layiq görülmüşdür. Başqa sözlə, bu böyük insan həyatını xalqına, sənətinə fəda vermiş əsl ziyalı, əsl sənətkar ömrü yaşamışdır.

...Azərbaycan Dövlət Filarmoniyasının qarşısında Müslüm Maqomayevin büstü qoyulub. Hər dəfə bu heykəlin qarşısından keçərkən sanki o səni özünə çəkir, sehrinə salır, daxilən zənginləşdirir, xoş duyğular yaşadır. Adını daşıdığı filarmoniyaya da xüsusi bir ovqat, xoş əhval-ruhiyyə və müqəddəslik gətirir.

 

İradə KÖÇƏRLİ,

sənətşünaslıq üzrə elmlər doktoru, professor

 

Azərbaycan.- 2015.- 18 sentyabr.- S. 11.