Avropa idmanının mərkəzi olan Azərbaycan artıq İslam Oyunlarının paytaxtına çevrilir

 

Prezident İlham ƏLİYEV: “İslam Oyunları, İslam həmrəyliyini daha da gücləndirəcək”

 

Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir. Bu uğur özünü dünyamiqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, respublikamızda müasir idman infrastrukturunun yaradılmasında və idmanın ətrafında böyük gənclik ordusunun cəmləşməsində göstərir. Artıq bu gün Azərbaycanda yaradılmış müasir səviyyəli idman infrastrukturu istənilən yarışı yüksək səviyyədə qəbul etməyə imkan verir. Bu amil isə ölkəmizin beynəlxalq idman federasiyaları və təşkilatları yanındakı nüfuzuna da müsbət mənada təsir göstərmişdir.

İlk Avropa Oyunlarından sonra daha bir mötəbər yarışın - IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi də ölkəmiz üçün tarixi hadisədir. Bu mühüm hadisə bir daha nümayiş etdirir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır. Müvafiq qərar İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş 8-ci Baş Assambleyasında 57 üzv ölkənin nümayəndələrinin səsverməsi yolu ilə təsdiq olunmuşdur. Cari ilin aprel ayında isə IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın evsahibliyi etməsi barədə İHİF ilə müqavilə imzalanmışdır. Müqaviləni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, İHİF-in prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin prezidenti, şahzadə Abdulla bin Müsaid bin Əbdüləziz Al Səud və Azərbaycan Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə imzalamışlar. Yarışın əsas şüarı isə “Həmrəylik bizim gücümüzdür” seçilmişdir.

Sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalamışdır. Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunmuşdur. Sentyabrın 23-də isə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin birinci iclası keçirilmişdir.

Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə də uğurla evsahibliyi edəcək. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə Azərbaycanda idman sahəsində görülmüş işlərə verilən yüksək qiymətdir. Xüsusilə də “Bakı-2015” ilk Avropa Oyunlarında Azərbaycan dünyaya bir daha idman ölkəsi olduğunu nümayiş etdirdi. Belə ki, qitənin 50 ölkəsindən 6000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq 2-ci yeri tutdular.

Dövlət başçısı İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin birinci iclasında çıxış edərək Avropa Oyunlarının idman tarixinə qızıl hərflərlə yazıldığını diqqətə çatdırdı: “Mən xüsusilə I Avropa Oyunlarının nəticələrini qeyd etmək istəyirəm. Bu, birinci belə yarışma idi. Bu günə qədər Avropada qitə yarışları keçirilməmişdi. Əlbəttə ki, bu yarışın yüksək səviyyədə keçirilməsi bizim səylərimizdən asılı idi. Biz bu Oyunların standartlarını müəyyən etdik. Bu, ən yüksək standartlar idi. Həm qonaqlar, həm Azərbaycan vətəndaşları bir daha gördülər ki, I Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirilmişdir. Avropa Oyunları bizə imkan verdi ki, öz potensialımızı ortaya qoyaq. Azərbaycan Avropaya və bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri rahat bir ailə kimi yaşayır və biz bütün qonaqları qəbul etməyə hazırıq, buna qadirik”.

Məlumat üçün bildirək ki, Həmrəylik Oyunları İslam Əməkdaşlığı Təşkilatına (İƏT) daxil olan ölkələri bir araya gətirən mötəbər idman tədbiridir. Oyunların təşkilinə və keçirilməsinə İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) nəzarət edir. Oyunlar həm Olimpiya, həm də qeyri-olimpiya idman növləri üzrə keçirilir. Yarışların proqramına boks, cüdo, güləş, atletika, oxatma, üzgüçülük, basketbol, badminton, futbol, gimnastika, karate, taekvondo, tennis, ənənəvi avarçəkmə, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma və s. idman növləri daxil edilmişdir.

İlk İslam Oyunları Səudiyyə Ərəbistanında keçirilmişdir. 2005-ci il aprelin 8-20-də Məkkə, Mədinə və Ciddə şəhərlərində təşkil olunmuş yarışlarda Azərbaycan yığması 12 idman növü üzrə 103 idmançı ilə təmsil olunmuş və yarışı 15 medalla (4 qızıl, 4 gümüş və 7 bürünc) başa vuraraq medal qazanan ölkələr arasında 8-ci pillədə qərarlaşmışdır.

II İslam Oyunları 2009-cu ildə İranda keçirilməli idi. Amma İranla ərəb ölkələri arasında yaranmış mübahisə ucbatından İslamiada baş tutmadı. III İslam Oyunları 2013-cü ilin 22 sentyabr - 2 oktyabrında İndoneziyanın Palembanq şəhərində təşkil olunmuşdur. Turnirdə Azərbaycanı 9 idman növü üzrə 53 idmançı təmsil etmişdir. Oyunların təşkili üçün ayrılmış vaxt az - bir neçə ay olsa da, təşkilat komitəsi işinin öhdəsindən layiqincə gəldi və idmançıların öz məharətlərini nümayiş etdirməsi üçün lazımi şərait yaratdı. Sevindirici haldır ki, təmsilçilərimiz 24 medalla (7 qızıl, 8 gümüş, 9 bürünc) iştirakçı ölkələr arasında 7-ci yeri tutdular.

Qarşıdakı İslam Həmrəyliyi Oyunlarında Azərbaycan malik olduğu potensial imkanları nümayiş etdirəcək, müsəlman ölkələri arasında idman əlaqələrini genişləndirəcək, ölkəmizin beynəlxalq idman aləmində nüfuzunun artmasını təmin edəcəkdir. Dövlət başçısı İlham Əliyev oyunların xalqlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsində çox əhəmiyyətli addım olacağını bildirmişdir: “İslam Həmrəylik Oyunlarının keçirilməsi də qeyd etdiyim kimi, çox önəmli beynəlxalq yarışma olacaqdır. Azərbaycan İslam aləminin bir parçasıdır. Bu, bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu Oyunlar da ən yüksək səviyyədə keçirilsin. Bütün idmançılara, qonaqlara, nümayəndə heyətlərinin üzvlərinə gözəl şərait yaradılmalıdır ki, ölkəmizlə tanış olsunlar, Azərbaycanın qədim tarixini görsünlər, öyrənsinlər və Azərbaycanda özlərini rahat hiss etsinlər... Əminəm İslam Oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir”.

Milli Olimpiya Komitəsinin məqsədyönlü fəaliyyəti, Olimpiya prinsip və ideallarına sədaqəti ilə digər təşkilatlara örnək kimi göstərilir. Bu səbəbdən İslamiadaya 2 ildən də az vaxt qalmasına baxmayaraq cəsarətlə deyə bilərik ki, müsəlman ölkələrinin ən yaxşı idmançıları, şəhərimizin qonaqları burada aparılan hazırlıq işlərindən, onlar üçün yaradılan ideal şəraitdən, insanlarımızın qonaqpərvərliyindən, bir-birindən modern idman arenalarından, xüsusən də təntənəli açılış mərasimindən heyrətə gələcəklər.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iclasda bildirib ki, ölkəmiz müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübə əldə edib: “Bu günə qədər ölkəmizdə bir çox böyük miqyaslı beynəlxalq tədbirlər keçirilib. O cümlədən, əlbəttə, bu il böyük uğurla keçirilən I Avropa Oyunlarını qeyd etmək istəyirəm. Bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini göstərdi... Əminəm ki, IV İslam Həmrəylik Oyunları da eyni səviyyədə hazırlanıb keçiriləcək və müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq. İslam Həmrəylik Oyunlarının da hazırlığında biz həmin prinsiplərlə çalışacağıq, işləyəcəyik. Biz çalışacağıq ki, ilk növbədə Azərbaycan xalqı üçün növbəti böyük idman bayramı təşkil edək. Eyni zamanda, çalışacağıq ki, ölkəmizə gələn, Oyunlarda iştirak edən hər bir idmançı, hər bir qonaq özünü çox rahat, öz evindəki kimi hiss etsin”.

Təkzibedilməz faktdır ki, bu gün dinamik inkişafına görə Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan, eyni zamanda, dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Lakin buna heç də asanlıqla nail olunmamışdır. Bu uğurun mərkəzində Azərbaycanda gənclərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunması, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün atılan addımlar dayanır. Bütün bu göstəricilər Azərbaycanda idmanın dinamik inkişaf tempinə malik olduğunu, idman uğurlarının davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Yəni sadalanan uğurların əsasında idmana dövlət tərəfindən göstərilən yüksək səviyyəli qayğı durur. 2017-ci ildə keçiriləcək İslamiada Azərbaycan idmançılarının növbəti zəfər meydanı olacaqdır. Artıq IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyən edilib. Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva qeyd edib ki, yarışlar ölkəmizdə mövcud olan idman obyektlərində keçiriləcək: “Bunlar Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, “Baku Crystall Hall”, Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, “Bakcell Arena”, Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzidir. Beləliklə, ilk Avropa Oyunlarına hazırlıq mərhələsində yenidən qurulan və əsaslı bərpa edilən bütün idman obyektlərindən istifadə olunacaq. Yeni idman obyektinin tikintisinə heç bir ehtiyac yoxdur və nəzərdə tutulmur. IV İslam Həmrəylik Oyunlarının rəsmi açılış və bağlanış mərasimləri Olimpiya Stadionunda keçiriləcəkdir... Tədbirin dünyada təbliği və informasiya dəstəyi qarşımızda duran ən vacib məsələlərdən biridir. Birinci addım olaraq Oyunlar haqqında hərtərəfli məlumatı əks etdirən internet portalı hazırlanacaqdır. Dünya mediasında İslam Həmrəylik Oyunlarının keçirilməsi barədə informasiya yayılması nəzərdə tutulur...Bütün qonaqlar dəfələrlə bizim gənclərin peşəkarlığı, vətənsevərliyi haqqında danışırdılar. Əlbəttə, İslam Həmrəylik Oyunlarının təşkilati işlərində könüllülərin aktiv fəaliyyəti nəzərdə tutulur. İlkin hesablamalara görə, Oyunlara təxminən 10 min nəfər könüllü cəlb ediləcəkdir”.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2015.- 29 sentyabr.- S. 2.