Göz yaşlarından doğan gülüş, istehza, ironiya...

 

İnanmaq olmur ki, şux təbiətli Səyavuş Aslan səhnədə yoxdur

 

Xalqımız Molla Nəsrəddin kimi böyük gülüş ustadı yetirib. O, həm ağıllı, həm hazırcavab, həm zarafatcıl, həm müdrik, bir sözlə, çox funksiyaya malik olub. Ən başlıca məqsəd - dağılası, ələ salınası mənaları, ideyaları ifşa etməkdir.

Peşəkar səhnəmizin bütün komik-”məsxərəbazları”, məzhəkəçilərini bir növ Molla Nəsrəddinin bütöv obrazının müəyyən hissələrinin təcəssümçüsü kimi də anlamaq olar. C.Zeynalovun, M.Əliyevin, M.Mərdanovun, M.Sənaninin, B.Səfəroğlunun, N.Zeynalovanın... S.Aslanın aktyorluq sənətinin ideya-bədii mənşəyini bilavasitə xalq gülüş mədəniyyətinin ənənələrinə və köklərinə bağlılıqda görürük.

...Onun barəsində, sənəti və sənətkarlığı haqqında nə qədər yazsaq və söz açsaq belə, dəryadan bir damlanı xatırladar. Ümmana baş vurmaq o qədər də asan deyil. Təəssüflə qeyd etməliyik ki, həyatsevər, deyib-gülən, zarafatcıl, şux təbiətə malik Səyavuş Aslanın yoxluğuna inanmaq olmur. Amma bir təsəllimiz də var: Azərbaycan səhnəsi onu itirməyib, o, bu gün də göz yaşlarına səbəb olacaq qədər gülüşləri ilə bizə ömür verir. Səyavuş Aslan səhnənin, obrazlar qalereyasının həm Şiraslanı idi, həm də gülünc vəziyyətə düşən, komikliyi ilə yaratdığı, ürəkləri dağlayan “yesir”i...

Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri olan, dilimizə, yaddaşımıza Səyavuş Aslan kimi yatan və yazılan Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci ilin bir payız günü Bakıda doğuldu. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başladı. 1954-cü ildə az müddət musiqili komediyanın estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işlədi.

Uzun illər Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktyorlarından oldu. S.Aslan 1994-1996-cı illərdə teatrın bədii rəhbəri işlədi və bir çox obrazların mahir ifaçısı kimi tanındı: Bayram (“Kəndimizin mahnısı”, K.Kərimov), İbişov (“Özümüz bilərik”, Ş.Qurbanov), Firuzbala (“Altı qızın biri Pəri”, M.Əlizadə), Şubay (“Ulduz”), Dadaşbala (“Hicran”, S.Rəhman), Qəmzəli (“Qaçırılmış qız”, C.Məmmədov), Misir Nəsir (“Lənət sənə, kor şeytan”, F.Aşurov), Orduxan bəy (“Əlli yaşında cavan”, Z.Hacıbəyov) və s.

Səyavuş Aslan Akademik Milli Dram Teatrının aktyoru kimi də bir çox rəngarəng obrazlar qalereyası yaradıb. Mindilli (“Nişanlı qız”, S.Rəhman), Luka (“Həyatın dibində”, M.Qorki), Ağaəli (“Günah”, R.Əlizadə), Romul Avqustul (“Böyük Romul”, F.Dürrenmatt), Oddamdı (“Od gəlini”, C.Cabbarlı), Fəriş (“Bizim qəribə taleyimiz”, İ.Əfəndiyev), Cabbar (“Sevgililərin cəhənnəmdə vüsalı”, İ.Əfəndiyev), Ağamusa Fərəcov (“Dəlilər və ağıllılar”, İ.Əfəndiyev), Vanya Koxa (“Hökmdar və qızı”, İ. Əfəndiyev), Qərib Qulam (“Mənsiz dünya”, N.Xəzri), Əsədulla (“Ah, Paris…Paris!..”, Elçin), Kişi (“Mənim ərim dəlidir”, Elçin), Baş redaktor (“Mənim sevimli dəlim”, Elçin), Yoldaş tək (“Poçt şöbəsində xəyal”, Elçin), Poloni (“Hamlet”, U.Şekspir), Sarı (“Varlı qadın”, Ə.Əmirli), Aqabo Boqveradze (“Kaş araba aşmayaydı!..”, O.İoseliani) televiziya tamaşalarında yüzdən çox rolun ifaçısı olub.

Sənətkarın keçdiyi həyat və yaradıcılıq yoluna baxanda, onu arayıb-araşdıranda, yaddaşlara hopmuş, tarixə çevrilmiş illərini çözələyəndə sanballı çəkisi, siqləti aşkara çıxır. Yalnız onda bilinir ki, S.Aslan təkcə gözəl, duzlu, şirin, şux, yumorlu aktyor deyil, o, həmçinin kövrək insan, xeyirxah adam, səmimi dostdur.

Yeri gəlmişkən, ölməz sənətkarla uzun illər etdiyimiz dostluq münasibəti onun yaradıcılığına kitab həsr etməyə qədər məndə məhəbbət oyatmışdı. 1984-cü ildə onun haqqında qələmə aldığım “Səyavuş Aslan” kitabım, nəhayət, 1989-cu ildə “İşıq” nəşriyyatı tərəfindən işıq üzü gördü. Onda hələ Səyavuş Aslan 50 yaşındaydı. Müəyyən səbəblərdən o zaman (təbii ki, keçmiş sovet hakimiyyəti illəri idi və milli ruhlu sənətkarlar öz dəyərini, qiymətini ala bilməzdi, elə S.Aslan kimi) S.Aslanın 50 illik yubileyi rəsmi şəkildə qeyd edilmədi. Bütün bunların onun ürəyinə toxunmasını yaxşı xatırlayıram. Hətta yubileyinə hazırladığım “Ömrün oğlan çağında” adlandırdığım kitabın nəşrinin düz beş il gecikməsi (süni maneələrdən) Səyavuşu yamanca küsdürmüşdü. Bir dəfə yarızarafat, yarıgerçək qayıtdı ki: “Yəqin 60 yaşımda çıxar bu kitab. Ya qismət... O günü görəcəm, ya yox. Ürəyim ağrıyır, Bəxtim belədir mənim, elə hər işim daşdan çıxır...”

Bu sözlər məni yaman tutmuşdu. Son beş ildə Səyavuşun şəxsi həyatında olmuşları yaddaşımda o zaman vərəqlədim və gördüm ki, onun nə qədər “işi daşdan çıxıb”, hələ neçə-neçə istəyini “həyat daşları” əzib, taleyin gərdişi bəzi işlərini heç daşdan da çıxmağa qoymayıb. Bütün bunlar da Səyavuş Aslanın səhnədən uzaq, əsəblərini çox “oynadıb”, göynərtilər saçlarında donub qalıb. Hələ, üstəlik, yaradıcılığına da təsir göstərib bu gərginlik. Lakin ona şükürlər etdik ki, bu mənfiliklər onun yaradıcılığına ciddi təsir etsə də, sınmadı, əyilmədi, çünki xəmiri aktyorluqla yoğrulduğundan, o, sənətin müqəddəsliyi yolunda çox dərdlərin kürəyini yerə qoymuş oldu.

Səyavuş Aslanın dərdlərinin acı ovqatında islana-islana ürəyimdən keçdi ki, ona zəng vurum. Həmin gün teatra zəng vurdum, Həsən Turabovla danışdıq. Səyavuşu soruşdum, işə gəlmədiyini söylədi. Qəhərləndim. Axşamüstü telefonla onu evdə tapdım və dərdləşdik. İstək və arzularının nə qədər olması məni sevindirdi. Özü isə adəti üzrə, yenə də gileyli idi: “Elə döyül ey, neçə ildir bu teatrdayam, amma hələ ürəyim istəyən rol oynamamışam (baxın bir, istəyin dərəcəsinə ha? - İ.R.). İstəyirəm ki, bir tamaşa ancaq mənim üstümdə qurulsun. Məsələn, “Toy”da Kərəmovu oynayım. Alınmır də. Yaş da keçir. Həsəndən də inciyirəm. Turabovu deyirəm. Hə... Əşşşi, direktordu, uşaqlıq dostuyuq, gərək o düzüb-qoşsun də bu işləri. Nə bilim, yaş keçir, ortada bir fərli-başlı işimiz yox. Elə istəyirdim ki, “Qızıl teşt”də Yaşar oynayan rolu mən də oynayım, alınmadı. Gözüm qaldı o rolda...”.

Təbii ki, bundan sonra onunla o qədər görüşlərimiz və səmimi söhbətlərimiz oldu ki... Lakin buradakı bir məqam məni daha çox düşündürürdü: Səyavuş Aslan doğrudanmı hələ özünü ifadə etməyib? Nə bilmək olar, bəlkə də.. Sonralar onun bir-birindən fərqli xarakterləri açması bir daha təsdiqlədi ki, aktyor obrazdan-obraza dəyişildikcə özünün potensialı, istedadı sanki cilalanır, tamaşaçılara bir addım da yaxınlaşır.

Səyavuş Aslan tamaşaçı emosiyası ilə yaşadı, ona zövq verməklə özü də salonun reaksiyasından od almağı bacaran sənətkar kimi yazıldı teatr tarixinə. O, salonun ovqatını çox həssaslıqla tuta bilirdi. Hətta işıq tərtibatı mürəkkəb olan tamaşalarda, haradakı salondan səhnə görünmür bax, onda da Səyavuş sövq-təbii salonu duyur, tamaşaçıların “təbəqələrini” özü üçün müəyyənləşdirirdi. Bu fikirlər də ona məxsusdur: “Ən gülməli məqamlarda, ən psixoloji anlarda, ən mürəkkəb səhnələrdə, ən dramatik epizodlarda tamaşaçı münasibəti, ovqatı hiss olunmursa, deməli, həmin səhnə əsərində aktyor yaradıcı yox, icraçıdır”.

Səyavuş Aslanın istər komediya, istərsə də akademik teatrda oynadığı elə bir tamaşa yadıma gəlmir ki, səhnə ilə tamaşaçılar arasında ünsiyyət bağları qırılmış olsun...

Səyavuş Aslanın yaratdığı obrazlar tanınmış sənətkarlar tərəfindən daim yüksək dəyərləndirilib. Keçmiş SSRİ Bəstəkarlar İttifaqının katibi, RSFSR-in xalq artisti Serafim Tulikov “Ana mən evlənirəm” tamaşasına heyranlıqla baxdığını etiraf edərkən demişdir: “Əvvəla, onu deyim ki, Rauf Hacıyevin operettasında musiqi ilə liberetto harmonik vəhdətdə birləşərək əsərə gözəllik və təravət verib, uğurun rəhninə çevrilib. Aktyor oyununa gəlincə isə, ilk növbədə Bəbirli rolunu ifa edən Səyavuş Aslanın məharətindən danışmaq lazımdır. Mən deyərdim ki, tamaşanın bədii zövqü xalq yumorunun şuxluğu məhz Səyavuşun oyunu ətrafında cəmlənib. Onun istifadə etdiyi boyalar əlvan və rəngarəngdir, obrazın bədiiliyinə təravət gətirir. O, ifa etdiyi personajı xarakter səviyyəsinə qaldırmağı, sənət əsəri kimi sevdirməyi bacarır”.

Tamaşaçını darıxmağa qoymamaq, istedad və bacarığı ilə hadisələrin aparıcı qüvvəsinə çevrilmək, əməl-fəaliyyət xəttini əsas ideya ilə, ali məqsədlə eyni kökdə istiqamətləndirmək aktyor üçün mühüm şərtlərdəndir və bu cəhətdən də Səyavuş Aslanın gücü açıq-aşkar hiss olunurdu.

Azərbaycan teatrında müxtəlif aktyor nəslinin elə məşhur və tanınmış istedadları var ki, onların püxtələşmələrində, sənətin ən sadə prinsiplərini mənimsəmələrində, səhnə vərdişlərinə yiyələnmələrində dram dərnəkləri ilkin məktəb olub. Xalq artisti səviyyəsinədək yüksəlmiş Səyavuş Aslanın da böyük səhnəyə yolu məhz həmin dərnəklərdən başlamışdı. 1948-1954-cü illərdə o, xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dəmiryolçular klubundakı dram dərnəyinin ən fəallarından biri kimi tanınmışdı. Nəhayət, teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə Səyavuş Aslan 1974-cü ildə əməkdar, 1982-ci ildə isə xalq artisti kimi fəxri adlarla təltif olunub. Prezident təqaüdçüsü idi. 2013-cü ildə “Şərəf” ordeni ilə təltif edilmişdi. Son obrazını “Adam ol” filmində oynadı. Xalqımızın sevimli sənətkarı ağır xəstəlikdən əziyyət çəkirdi. Məhz 2013-cü ildə həmin xəstəlikdən dünyasını dəyişdi.

...İnsan həyatını musiqi əsərinin - simfoniyanın, kantatanın və ya iki musiqi alətinin kiçik bir duetinin partiturasına bənzətmək kimsəyə qəribə görünməsin. Müxtəlif mövzular, hisslər, ayrı-ayrı notlar bir çox səslərdən yoğrulub, müəyyən qanunauyğunluğun, harmoniyanın hökmünə tabe olaraq bütöv, bitkin, təsirli musiqi əsəri yaradır. İnsan həyatı da belədir, ələlxüsus da artistlərinki. Maraqlıdır, Səyavuş Aslan kimi məşhur, sevimli bir aktyorun həyat və şəxsiyyət partiturası nədən yoğrulmuşdu? Musiqi lüğətində bu sözün mənası açılıb: italyanca bölgü, xırdalama olan partitura ansambl musiqisinin not yazısıdır. Biz də bu kiçik yazıda ölməz sənətkarın həyat partiturasını qələmə almağa çalışdıq. Əlbəttə, onu olduğu kimi təqdim etmək üçün nəinki bir məqalə, heç irihəcmli əsər də kifayət etməz. Həyata ağlaya-ağlaya gəlsə də, səhnəni gülə-gülə tərk edən, üzümüzə-gözümüzə gülüş yağışı yağdıran Səyavuş Aslan elə gülüş ömrü yaşayır, bundan sonra yaşayacaq da...

Onun həyat yoluna düşən işıqda gördüklərimiz bunlardır: göz yaşlarından doğan gülüş, istehza, ironiya... İnanmaq olmur ki, həyatsevər, zarafatcıl, şux təbiətli Səyavuş Aslan səhnədə yoxdur. Yox, nə qədər ki, səhnə sənəti var, o, ölümsüzlüyü ilə yaddaşlarda qalan obrazlarında canlıdır...

 

İlham RƏHİMLİ,

sənətşünaslıq doktoru, professor

 

 

Azərbaycan.- 2015.- 30 sentyabr.- S. 7.