BTC həmişəki kimi ahəngdar və təhlükəsiz işləyir

 

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri bu il də ahəngdar və təhlükəsiz işləyib. Kəmərin əməliyyatçısı olan BP şirkətinin məlumatına görə, keçən ilin üç rübü ərzində bu boru xətti ilə 26,4 milyon ton, yaxud 199 milyon barel  xam neft ixrac edilib.

2014-cü ilin 9 ay ərzində BTC üzrə əməliyyat xərclərinə 152,4 milyon dollar, əsaslı xərclərə isə 84,3 milyon dollar vəsait xərclənib. İlin yekunu üçün bu xərclərin müvafiq olaraq təxminən 230 milyon dollar və 119 milyon dollar olması gözlənilir.

Xatırladaq ki, BTC üç ölkənin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisində 1768 kilometr məsafə qət edir. Təkcə ölkəmizdə o, 13 bölgədən keçir. Belə uzun bir yol keçən kəmərin təhlükəsiz işləməsi təsadüfi deyil. Məlum olduğu kimi, indi karbohidrogenlərin nəqli üçün ən etibarlı vasitə boru kəmərləri hesab olunur. Ələlxüsus da borular torpaq altına basdırılanda. BTC də məhz belə kəmərdir. Üstəlik, onun boruları dünya standartları səviyyəsində hazırlanıb və izolyasiya edilib. Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Aralıq dənizinin sahilindəki Ceyhan limanınadək kəmərin bütün əməliyyatlarına ən müasir cihazlar vasitəsilə ciddi nəzarət olunur. Keçdiyi məsafə boyu kəmərin təhlükəsizliyi az qala hər addımbaşı qorunur.

BTC layihələndirilərkən xəttin gündəlik ötürmə gücü 1 milyon barel nəzərdə tutulmuşdu. Lakin sonradan onun ötürücülük qabiliyyəti 20 faiz də artırılaraq gündə 1,2 milyon barelə çatdırıldı.

Hazırda Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan neftin çox hissəsini məhz BTC ixrac edir. Kəmərə eləcə də “Şahdəniz” yatağından çıxarılan kondensat vurulur. Xatırladaq ki, kondensat öz tərkibinə görə benzinə və dizel yanacağına yaxın olan duru mayedir. Keyfiyyətinə görə isə ən yaxşı neft növlərinə bərabərdir. Başqa sözlə, bu, təbiətin insana emal olunmuş vəziyyətdə “təqdim etdiyi” yanacaqdır.

Bundan əlavə, BTC vasitəsilə bir neçə ildir müəyyən miqdarda Türkmənistan nefti də nəql olunur. Keçən ilin oktyabr ayından başlayaraq BTC ilə həm də müəyyən həcmlərdə Qazaxıstanın “Tengiz” yatağının neftinin nəql olunması bərpa edilib.

Onu da qeyd edək ki, ötən ilin fevral ayında ARDNŞ-nin əməliyyatçısı olduğu Şimal İxrac Boru Kəmərinin axın istiqaməti uğurla dəyişdirilib. Bu, BP ilə ARDNŞ-nin sözügedən boru kəməri boyunca bir neçə obyektin yenidən işə salınması üçün birgə səylərin nəticəsidir. Kommersiya razılaşmalarının yekunlaşması Şimal İxrac Boru Kəmərindən neft həcmlərinin BTC vasitəsilə ixracına imkan verib.

BTC-yə Səngəçaldan ilk neftin vurulduğu gündən 10 ilə yaxın vaxt keçir. Tam bir sistem kimi isə kəmər 2006-cı ilin yayında istismara verilib. O vaxtdan etibarən boru xətti ilə təxminən 2 milyard 30 milyon barel (272 milyon ton) xam neft nəql olunub. Həmin neft Ceyhanda 2665 tankerə yüklənib və dünya bazarlarına göndərilib.

Keçən ilBTC-nin daşıdığı neftlə yüklənmiş onlarca tanker Ceyhan limanından uğurla yola salınıb. Təkcə yanvar-sentyabr aylarında Ceyhanda 276 tanker yüklənib.

BTC-nin salnaməsində fərəh doğuran günlər çox olub. Onlardan ötən ilə təsadüf edənlər də az deyil. Məsələn, avqust ayında BTC Ceyhanda yüklənmiş 2 milyardıncı barel neftin yola salınmasını qeyd edib.

Hazırda BTC Ko.-nun səhmdarları BP (30,1 faiz), AzBTC (25 faiz), “Şevron” (8,9 faiz), “Statoyl” (8,71 faiz), TPAO (6,53 faiz), ENİ (5 faiz), “Total” (5 faiz), “İtoçu” (3,4 faiz), “İnpeks” (2,5 faiz), “KonokoFillips” (2,5 faiz) və ONGC (BTC) limited (2,36 faiz) şirkətləridir.

BTC bütün regiona xeyir-bərəkət gətirən kəmərdir. Birbaşa gəlirlərindən əlavə, keçdiyi ərazilərin sakinlərinə sosial sərmayələri ilə də dəstəkçi olur. “Davamlı inkişaf təşəbbüsləri” adlanan həmin proqramlar vasitəsilə kəmərboyu bölgələrdə məktəblərin və uşaq bağçalarının, kənd yollarının, tibb məntəqələrinin təmirinə, yeniyetmələrin və gənclərin peşəyönümünə kömək göstərilir, digər sosial  layihələr həyata keçirilir.

BTC 2014-cü ildə bu istiqamətdə də fəaliyyətini müvəffəqiyyətlə davam etdirib.

 

Flora SADIQLI,

Azərbaycan.-2015.- 8 yanvar.- S.2.