Hər hansı təcavüz və ya qətlin din adından törədilməsi yolverilməz haldır

 

Qafqaz Müsəlmanları İdarəsi Fransada törədilmiş terror aktı ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, biz, müsəlmanlar insan qətlini, zor, təcavüz və terroru hər zaman pisləyirik. Bu baxımdan Fransada baş verən son terror hadisəsini ciddi qınayırıq. İnsan həyatı Uca Allahın yaratdığı müqəddəs dəyərdir ona edilən təcavüz böyük günahdır. Bu günahı törədənlər həm Allah dərgahında, həm bəşəri qanunlar qarşısında cavab verəcəklər”.

Bildirilir ki, hər hansı təcavüz ya qətlin din adından, guya dinin maraqlarının qorunması pərdəsi altında törədilməsi, din adından sui-istifadə edilməsi yolverilməz haldır. Heç bir səmavi din, o cümlədən İslam buna haqq qazandırmır. Terror İslamın istəyi deyil.

Dini mərkəz olaraq, hər zaman öz birmənalı mövqeyimizi bütün məqamlarda xitabət kürsülərindən bildirmişik bir daha təkrar edirik ki, dinə, onun dəyərlərinə, müqəddəs şəxsiyyətlərinə, rəmzlərinə ehtiram nümayiş etdirilməlidir. Bəşər ailəsinin bütün üzvləri buna əməl etməli, müxtəlif dini mənsubiyyət daşıyıcıları üçün həssasiyyət kəsb edən məqamlara diqqətlə yanaşmalıdırlar. Heç kimə insanların dini hisslərini təhqir etmək haqqı verilməyib. Biz bütün insanları multikultural dünyamızda dinc birgəyaşayış, tolerant həyat tərzi, sülh, sabitlik istiqrar üçün mühüm, həlledici amillərdən olan bu məqamı nəzərə almağa çağırırıq. Biz dünya dinlərinin liderlərini bu yöndə səylərini birləşdirməyə səsləyirik”, - deyə bəyanatda qeyd edilir.

 

Azərbaycan.-2015.- 9 yanvar.- S.3.