Elmin inkişafında uğurlu mərhələ

 

Davamlı inkişafın keyfiyyətcə yeni mərhələsində ölkə qarşısında duran strateji vəzifələrdən biri sosial-iqtisadi həyatın modernləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Azərbaycanın modernləşməsi bilavasitə qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlı prosesdir. Ölkə rəhbərliyi bu məqsədlə dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsini, insan kapitalının inkişafını, hər bir fərdin müasir bilik və bacarıqlara yiyələnməsini vacib sayır.

İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha səmərəli faydalanması prosesində ən mühüm şərtlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev praqmatik siyasətçi kimi bu reallıqları və keyfiyyətcə yeni mərhələdə qarşıda duran strateji vəzifələri düzgün qiymətləndirir, xalqın mənafeyi baxımından elmin, təhsilin inkişafını daim önə çəkir. Ölkənin innovasiya inkişafına keçidinin zəruriliyi insan kapitalının reallaşdırılmasına və ümumi rifah səviyyəsini təkmilləşdirmək məqsədilə insanların potensial imkanlarının səmərəli tətbiqinə əsaslanan elmi strategiyanın hazırlanmasını zərurətə çevirir. Qlobal rəqabət şəraitində respublikanın elmi potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, kreativintellektual səviyyəli gənclərin istedadından dövlət quruculuğu prosesində maksimum istifadə edilməsi dövlətin innovasion inkişafını təmin etmək baxımından son dərəcə vacibdir.

Prezident İlham Əliyevin hələ Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bəyan etdiyi kimi, məqsəd 2020-ci ilədək Azərbaycanda ümumi daxili məhsulun ən azı 2 dəfəyədək artımına nail olmaq, respublikanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Ölkə rəhbərinin 2012-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, uzunmüddətli davamlı iqtisadi inkişafın təmin edilməsi, bilik iqtisadiyyatının formalaşdırılması, elmtutumlu texnologiyanın, məhsulun (işin, xidmətin) yaradılmasının sürətləndirilməsi məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi 2020-ci ilədək əsas istiqamətlərdən biridir. Bununla əlaqədar elmin inkişaf istiqamətləri onun ölkəmizdəki tarixinə və dünyada gedən meyillərə əsasən müəyyənləşdirilir və mütərəqqi dünya elminə səmərəli inteqrasiya prosesi davam etdirilir.

Konsepsiyaya əsasən, son illər elmi infrastruktur təkmilləşdirilir, elmin maddi-texniki bazası müasirləşdirilir, bu sahədə informasiya təminatı sistemlərinin elektron formaya keçirilməsi təmin edilir. Eyni zamanda, elmin maliyyələşdirilməsinə dövlət büdcəsi resursları ilə yanaşı, digər mənbələrin də cəlb olunması stimullaşdırılır. Bu da son nəticədə elmi fəaliyyətlə məşğul olan işçilərin sosial müdafiəsinin gücləndirilməsinə və “beyin axını”nın qarşısının alınmasına xidmət edir. Ölkədə innovativ iqtisadiyyatın yaradılması məqsədilə elmistehsal arasındakı əlaqələrin gücləndirilməsi, tətbiqi elmi araşdırmaların bazarın tələbatına müvafiq olaraq aparılması məsələləri də diqqət mərkəzində saxlanılır.

Dünya təcrübəsi göstərir ki, müasir dövrdə təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil. Xüsusilə də dünyada enerji daşıyıcılarının qiymətlərinin siyasi konyunktura əsasında müəyyənləşdiyi hazırkı situasiya hər bir ölkəni insan kapitalına diqqəti artırmağa sövq edir. ABŞ, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox elm, təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə etmişlər. Dünya Bankının apardığı tədqiqatın nəticələrinə əsasən, ABŞ-ın milli sərvətinin 76 faizini insan kapitalı, 19 faizini istehsal, 5 faizini təbii resurslar təşkil edir. Avropa ölkələrində isə insan kapitalı 74 faiz, istehsal 24 faiz, təbii resurslar yalnız 2 faiz təşkil edir.

“2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nda əksini tapmış statistikaya görə, son illərdə hər 10 min vətəndaşa inkişaf etmiş ölkələrdən ABŞ-da 445, Böyük Britaniyada 276, Almaniyada 240, Yaponiyada 233, MDB ölkələrindən Qazaxıstanda 510, Rusiyada 449 tələbə düşdüyü halda, Azərbaycanda cəmi 156 tələbə düşür.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, elm və təhsilin müasir tələblər səviyyəsində inkişafı böyük məbləğdə investisiya tələb edir. Azərbaycan dövlətinin iqtisadi imkanları artdıqca, sivil dəyərləri, qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini, “nau-hau” texnologiyalarını dərindən mənimsəyən gənc, kreativ düşüncəli vətənpərvər kadrların hazırlanması məsələsinə xüsusi diqqət yetirilir. Müqayisə üçün xatırladaq ki, 2003-cü ildə elm xərclərinə 16,6 milyon manat vəsait ayrıldığı halda, 2015-ci ildə bu rəqəm 142,5 milyon manat təşkil edir. 2015-ci il elm xərclərində elmi tədqiqat layihələrinin Elmin İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün 7,6 milyon manat, latın qrafikalı kitabların çap edilməsi üçün 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmiri üçün 2 milyon manat, elmi-tədqiqat təminatının möhkəmləndirilməsi, müasir laboratoriya avadanlıqlarının alınması üçün 4,9 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdur.

Ümumilikdə, son 11 ildə həyata keçirilmiş islahatlar Azərbaycan elminin inkişafında keyfiyyətcə yeni mərhələ açmış, bu sahənin fəaliyyətini tənzimləyən qanunvericilik aktları müasirləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 10 aprel 2008-ci il tarixli “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında”, 4 may 2009-cu il tarixli “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, 22 may 2009-cu il tarixli “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, 22 oktyabr 2009-cu il tarixliElmin İnkişafına Yardım Fondunun yaradılması haqqında” sərəncamları da məhz elm sahəsində həllini gözləyən problemlərin aradan qaldırılmasına xidmət etmişdir.

“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda elm sahəsində həyata keçiriləcək islahatların mühüm istiqamətləri əksini tapmışdır. Elmin inkişafını nəzərdə tutan Milli Strategiya əsasında son illərdə Azərbaycan elminin strukturunun müəyyənləşdirilməsi; dünya elm, texnika və texnologiyasının prioritet istiqamətlərdə müvafiq şəkildə təşkili; iqtisadi inkişafda elmin rolunun artırılması; yüksək ixtisaslı kadrların hazırlanmasının təmini; fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər diqqət mərkəzində saxlanılmışdır.

Sənəd əsasında həmçinin fundamental elmlərə dair tədqiqatların genişləndirilməsi, elmtexnika sahəsində idarəetmə sisteminin, elmi-tədqiqat müəssisələrinin və ümumilikdə, elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi; elmi-texniki infrastrukturun müasirləşdirilməsi; elmin hüquqi-normativ bazasının yaradılması; elmin inteqrasiyasının təmin edilməsi, elmi əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi istiqamətində də tədbirlər həyata keçirilmişdir.

Son iki ildə AMEA sistemində islahatlar daha geniş vüsət almış, bu məqsədlə konkret fəaliyyət konsepsiyası hazırlanmışdır. AMEA-da aparılan struktur islahatlarında məqsəd bu elm məbədinin fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun təmin etmək, hüquqi təminat bazasını möhkəmləndirmək və idarəetmə strukturunu təkmilləşdirməkdir. Təhsil və kadr siyasətinin müasir səviyyədə qurulması, informasiyaelmin kütləviləşdirilməsi sahələrində fəaliyyətin səmərəliliyinin artırılması da islahatların əsas hədəflərindəndir. Bu məqsədlə AMEA Rəyasət Heyətində müasir dövrün idarəetmə sistemlərinə uyğun yeni akademik bölmə və şöbələr yaradılmış, idarəetmə sisteminin müasirləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. İdarəetmədə çevikliyin və aparılan islahatların səmərəsinin artırılması, elmi müəssisələr üçün aktual məsələlərin geniş müzakirəsi, problemlərin səmərəli həlli yollarının tapılması məqsədilə AMEA Elmi Müəssisələrinin Direktorlar Şurasının yaradılması da mühüm yeniliklərdən biri olmuşdur. AMEA-da magistratura pilləsinin açılması ilə yanaşı, hazırda doktorantura təhsilinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

AMEA 2014-cü ilimühüm uğurlarla başa vurmuşdur. Son bir il ərzində akademiyanın təşkilatçılığı ilə həyata keçirilən tədbirlər ölkədə elmin inkişafı və təbliği, həmçinin elmin populyarlığının artırılması baxımından əhəmiyyətli olmuşdur. Azərbaycanda elmbiznesin əlaqələndirilməsi, eləcə də onların birgə inkişafı yolunda ilkin addımlarını atan AMEA ötən il bir sıra böyük biznes strukturları və holdinqlərlə əməkdaşlığa başlamış, AMEA-nın Təcrübə Sənaye Zavodunda əsaslı təmir və yenidənqurma işləri görülmüşdür. Cari ildə uğurları sıralayan akademiya ilk dəfə olaraq özünün brend məhsulunu istifadəyə vermişdir. Təcrübə Sənaye Zavodunda yüksək keyfiyyətlə istehsal olunanSolidol”, “Niqrol” və başqa bu kimi 28 adda məhsul dünya bazarlarında da rəğbətlə qarşılanmışdır.

2014-cü ildə, həmçinin AMEA-nın nəzdində “Göytəpə Arxeoloji Parkı”nın layihəsinin təqdimatı keçirilmişdir. Təqdimatda qədim insan məskəninə aid zəngin tariximaddi mədəniyyət nümunələri nümayiş olunmuş, elmi izahı verilmiş, parkın gələcək turizm əhəmiyyətindən danışılmışdır.

AMEA-nın nəzdində fəaliyyət göstərən elmi müəssisə və təşkilatların nailiyyətlərinin sərgiləndiyi gün akademiyada keçirilən növbəti ümumi yığıncaqda bir sıra mühüm məsələlər müzakirə edilmiş, elmin inkişafı istiqamətində qarşıda duran vəzifələrdən danışılmışdır. Həmçinin Azərbaycanın görkəmli alim və mütəfəkkirlərinin adlarına təsis olunmuş adlı mükafatlar da ötən ilin mühüm uğurlarından olmuşdur. “AMEA-2020: İnkişaf Konsepsiyası”nın hazırlanması da mühüm uğurlar sırasında xüsusi qeyd oluna bilər.

Ötən il AMEA tərəfindən regionlarda ilk dəfə elmin kütləvi təbliğinə başlanılmışdır. Akademiyanın müntəzəm olaraq bölgələrə (Şəki, Şamaxı, Gəncə, Lənkəran və s.) səfər edən gənc alimləri orta məktəb şagirdləri və tələbələrlə elmin təbliği istiqamətində görüşlər keçirmişlər. Ölkəmizdə elmi jurnalistikanın formalaşmasında və onun inkişafında maraqlı olan akademiya bu istiqamətdə də mühüm nəticələrə hesablanmış bir neçə layihənin icrasına başlamışdır. Ötən ilin noyabr ayında ölkədə ilk dəfə keçirilmiş və cəmiyyətdə böyük marağa səbəb olmuş, eləcə də elmin təbliği və populyarlığının artırılmasında mühüm əhəmiyyət kəsb edən Bakı Elm Festivalı daha bir ənənənin əsasını qoymuşdur.

2014-cü ildə AMEA bir sıra beynəlxalq təşkilatlar, eləcə də elmi qurumlarla əlaqələri genişləndirmiş, Avropa Birliyinin “HORİZON-2020” proqramı üzrə keçirilən tədbirlərdə, Beynəlxalq Geodeziya İttifaqı, CERN və digər beynəlxalq elmi qurumlarla birgə layihələrdə iştirak etmişdir. AMEA rəhbərliyinin birbaşa iştirakı ilə İspaniya Kral, Rusiya, Macarıstan, Bolqarıstan, Polşa, Latviyabaşqa ölkələrin elmlər akademiyaları ilə əməkdaşlığın yeni mərhələsinə başlanmışdır.

Mühüm islahatlardan biri də akademiyanın nəzdində elmin aidiyyəti istiqamətləri üzrə Dünya Siyasəti, Elm Tarixi, Molekulyar BiologiyaBiotexnologiyalar, eləcə də Qafqazşünaslıq institutlarının yaradılmasıdır.

2014-cü il dekabrın 19-da keçirilmiş “Azərbaycan alimlərinin I qurultayı” da elmin gələcək inkişaf istiqamətlərinin müzakirəsi baxımından əhəmiyyətli olmuşdur. Dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarını təmsil edən 550-ə yaxın alim və mütəxəssisin iştirak etdiyi qurultayda Azərbaycan elminin problemləri, onların həlli yolları və qarşıda duran vəzifələr geniş müzakirə edilmişdir. İnternet üzərindən canlı yayımlananinteraktiv qaydada təşkil olunmuş sözügedən bu ali məclisdə xarici ölkələrdə fəaliyyət göstərən 15 azərbaycanlı alim iştirak etmişdir.

Müasir dövrdə intellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə bu gün hətta zəngin təbii sərvətləri belə üstələyir. Hesablamalara görə, hazırda 1 kq elmtutumlu məhsulun qiyməti 70 ton neftin qiymətinə bərabərdir. Yeni dünya nizamında elmi-informativ biliklər inkişafın mühüm katalizatoruna, innovasion yeniliklərin başlıca təminatına çevrilmişdir. Elmtutumlu informasiyanın yaradılması, əldə edilməsi, tətbiqi sosial-iqtisadi inkişafın, qlobal rəqabətin, demokratikləşmə prosesinin mühüm amilləridir. Bu baxımdan son illərdə milli gəlir artdıqca, ölkə rəhbəri İlham Əliyevin respublikamızda elmə, təhsilə, informasiya texnologiyalarına ayırdığı vəsaitlər də artır və bu da insan amilinin və ümumən demokratik proseslərin inkişafı üçün böyük təməl yaradır.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2015.- 10 yanvar.- S.3.