20 idman növü, 253 dəst medal və 6000-dən çox idmançı

 

İyunun 12-dən 28-dək təşkil olunacaq I Avropa Oyunlarında 253 dəst medal sahibini tapacaq. 6000-dən çox idmançı 20 növ üzrə 16 məkanda mübarizə aparacaq. İdman növlərindən 16-sı olimpiya, 4-ü qeyri-olimpiya növü olacaq. 11 növ üzrə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya paylanacaq. 2014-cü il Soçi Qış Olimpiya Oyunları ilə müqayisədə Avropa Oyunlarına gələnlərin sayı 2 dəfə çox olacaq.

İdmanın 20 növü üzrə 6000-dən artıq atlet seçim meyarı əsasında müəyyənləşdiriləcək. Bunlar kamandan oxatma, su idman növləri (üzgüçülük, su polosu, suyatullanma, atletika, badminton, basketbol, boks, kanoe, velosiped, çimərlik futbolu, gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinqakrobatika), cüdo, karate, atıcılıq (stend və güllə), stolüstü tennis, taekvondo, sambo, triatlon, voleybol (zal və çimərlik), güləş və qılıncoynatma növləridir.

Bütün  növlər üzrə yarışlarda Azərbaycan idmançıları birbaşa təmsil oluna biləcəklər. İdman növlərindən yalnız kanoe Bakıdan kənarda - Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaq.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2015.- 16 yanvar.- S.8.