Uğurlu əməkdaşlıq modeli

 

Prezident İlham Əliyev: “Bu gün dünyada Türkiyə və Azərbaycan kimi bir-birinə bağlı olan, yaxın olan ikinci ölkələr yoxdur

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə münasibətləri tarixi təməl üzərində sürətlə inkişaf etmiş, qısa müddətdə strateji müttəfiqlik zirvəsinə yüksəlmişdir. İki ölkə arasında münasibətlərin əlahiddə xarakteri həm də onunla şərtlənir ki, qardaş Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan, kifayət qədər çətin və mürəkkəb şəraitdə belə bir qərar qəbul edən ölkə olmuşdur. İki dost ölkə arasında strateji müttəfiqlik münasibətləri ən yüksək pilləyə yüksəlmiş, əbədi və dönməz xarakter almışdır.

Biz bir millət iki dövlətik” devizindən çıxış edən ulu öndər Heydər Əliyev hələ 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Türkiyə Cümhuriyyəti ilə münasibətlərin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli lider 1990-cı illərin ortalarında Azərbaycan neftinin Qərbə nəqli ilə bağlı strateji əhəmiyyətli neft boru kəmərlərinin məhz Türkiyə ərazisindən keçməsini hərtərəfli əsaslandırmış, qardaş ölkə ilə strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirən mühüm tədbirlər görmüşdür. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası Azərbaycan və Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin güclənməsində, eləcə də ölkələrimizin dünya birliyinə hərtərəfli inteqrasiyasında yeni səhifələr açmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Türkiyə Respublikasına dövlət səfəri də iki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini bir daha təsdiq etdi. Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimizin enerji və nəqliyyat sahələrində birgə həyata keçirdikləri qlobal layihələrin əhəmiyyəti xüsusi qeyd olundu. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd edildi. Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirdilər.

Səfər çərçivəsində Ankarada dövlət başçılarının iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası da keçirildi. İclasda Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, habelə Bakı-Tbilisi-Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, ikitərəfli və beynəlxalq sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi. İclasdan sonra Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi keçirildi. Bu sırada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 15 yanvar 2015-ci il tarixində keçirilmiş dördüncü iclasının nəticələrinə dair Birgə Bəyanat”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin yaradılması haqqında Anlaşma Memorandumunu misal göstərmək olar. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan və Türkiyə Respublikasının prezidentləri mətbuata bəyanatla çıxış etdilər.

Prezident İlham Əliyev Türkiyə-Azərbaycan əməkdaşlığının bütün sahələrdə uğurla inkişaf etdiyini bildirdi: “Bu il mən ilk rəsmi səfərimi Türkiyəyə - qardaş ölkəyə edirəm. Bu da təbiidir. Çünki bu, artıq gözəl bir ənənədir. Eyni zamanda, bu səfər bizə imkan verdi ki, bu il ərzində görüləcək işləri bir daha müzakirə edək və birgə fəaliyyət planımızı təsdiq edək. Bu gün imzalanan Birgə Bəyanatda Türkiyə-Azərbaycan əlaqələrinin əvvəlki dövrü, görülən və görüləcək işlər öz əksini tapıbdır. Bu gün Strateji Əməkdaşlıq Şurasının dördüncü toplantısında müzakirə olunan məsələlər və bu məsələlərin həlli əlbəttə ki, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrini daha da yüksək pilləyə qaldıracaqdır.

Bizim əlaqələrimiz tarixi köklərə, xalqlarımızın qardaşlığına söykənir və bu gün bu əlaqələr dünyada ən yaxın əlaqələrdir. Bu gün dünyada Türkiyə və Azərbaycan kimi bir-birinə bağlı olan, yaxın olan ikinci ölkələr yoxdurbu birliyi təsdiqləyən bir çox məqamlar var. Onlardan biri də əziz qardaşımın dediyi kimi, Türkiyənin Azərbaycanı “G-20”-yə dəvət etməsidir. Bu, bizim üçün böyük şərəfdir. İlk növbədə ona görə ki, bu dəvət Türkiyədən gəlmişdir və bu, həm Türkiyə və Azərbaycan xalqlarına, həm də bütün dünya xalqlarına bir daha göstərir ki, biz bir-birimizə nə qədər yaxınıq, bir-birimizə bağlıyıq. Bu dəvətə və Azərbaycana göstərdiyiniz bu diqqətə görə əziz qardaşım, şəxsən Sizə minnətdaram və əminəm ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələri bundan sonra da uğurla davam etdiriləcəkdir”.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfəri də təsdiq etdi ki, ölkələrimiz arasında əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf etməklə, bütövlükdə regionun siyasi taleyinin və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayır. Birmənalı demək olar ki, bu gün bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyil. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda təhlükəsizlik problemlərinin birgə həlli, sülh, sabitlikiqtisadi inkişafın təmin olunması zərurəti iki türkdilli dövləti daha da sıx birləşməyə sövq edir. Azər-baycanın regiondakı rolunun artması, eyni zamanda, Türkiyənin dünya iqtisadiyyatında mühüm mövqelərə çıxması iki dövlət arasında iqtisadi əlaqələri də genişləndirir. Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizin xaricə böyük həcmdə investisiya yatırmasına da əlverişli imkan yaradıb. Son illərdə Azərbaycan Türkiyəyə, eləcə də Türkiyə Azərbaycana milyardlarla dollar sərmayə qoymuşlar. 2020-ci ilə qədər Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq. Türkiyə şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər və 10 milyard dollar həcmində layihələr icra etmişlər. “Cənub” qaz dəhlizinin icrası enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirməyə xidmət edəcək. Xatırladaq ki, “Cənub” qaz dəhlizi və “Şahdəniz” yatağının işlənilməsi hazırda Avropanın ən böyük infrastruktur layihəsidir. Bu layihəyə ümumilikdə 45 milyard dollar sərmayə qoyulması nəzərdə tutulub.

Azərbaycana Prezidentliyi dövründə cənab İlham Əliyev son 11 illik fəaliyyəti ilə ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin möhkəmlənməsini təmin etmişdir. Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında ölkələrimiz vahid mövqedən çıxış edirlər. Rəsmi Ankara bütün beynəlxalq toplantılarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbini irəli sürür.

Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin mövqeyini bir daha bəyan etdi: “Son dərəcə ətraflı və səmimi fikir mübadiləsi apardıq, ikitərəfli əlaqələrimizə, milli təhlükəsizliyimizə dair mövzuları regional və beynəlxalq məsələlər çərçivəsində müzakirə etdik. Təbii ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələrin hazırkı mərhələsində son məlumatları da öyrənmiş oluruq. Amma görünən odur ki, təəssüf, Minsk qrupu bu məsələdə hələ də qətiyyətli bir addım atmamaqla bu proses bir vaxtitirmə taktikası ilə davam etdirilir. Münaqişə ilə bağlı beynəlxalq qərarların qəbul edilməsinə baxmayaraq, bu prosesin hələ də vaxtitirmə taktikası ilə davam etdirilməsi üzücüdür. Xüsusən bu məqamı burada yenidən xatırlatmaq istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli istiqamətində Azərbaycana dəstəyimiz bundan sonra da eyni qətiyyətlə davam edəcəkdir. Son dərəcə həssas olduğumuz, hər fürsətdə də dilə gətirdiyimiz bu mövzuda Türkiyə olaraq bizim mövqeyimiz qətidir. Görüşümüzdə bu məsələləri də ayrıca müzakirə etdikbundan geriyə addım atmağımız əsla mümkün deyildir”.

Ümumiyyətlə desək, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərmişdir. Qarşılıqlı səfərlər zamanı hər iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən birgə sazişlərin imzalanması dövlətlərimiz arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə vermişdir.

Sözsüz ki, Prezident İlham Əliyevin budəfəki səfəri də iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə və xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrin genişlənməsinə yeni-yeni töhfələr verəcəkdir.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2015.- 17 yanvar.- S.1.